Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-996/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Faiq oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-996/2025 (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı, Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4924/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 29.07.2020-ci il tarixli İttiham aktından görünür ki, İddiaçı 08 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-244/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib AR CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı barəsində seçilmiş 8 iyun 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 21/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı AR CM-nin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübut yetirilmədiyi üçün bəraət verilmiş və İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1734/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X7 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-21/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün qismən – X3 aid hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən 70000 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda istinad olunan faktiki hallarına əsasən belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri X2 8 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı AR CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş 8 iyun 2020-ci il tarixli «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-21/2024 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hökmü Ali Məhkəmənin xx.xx.2024cü il tarixli 1(102)-1734/2024 saylı qərarı ilə İddiaçı aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyi və barəsində başqa yerə getməmək haqqında iltizam seçildiyi 1 (bir) il 6 (altı ay) 9 (doqquz) gün müddətində, həmçinin barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçildiyi və məhkum edildiyi 2 (iki) il 1 (bir) ay 7 (yeddi) gün müddətində mənəvi sarsıntı keçirmişdir və bu səbəbdən ona vurulmuş mənəvi zərərə görə 70000 manat kompensasiya tələb edir. Zərərin kompensasiyası dedikdə onunla bağlı maddi ziyanları, gəlirləri və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, qeyri-maddi zərər də əhatə olunur. Qeyri-maddi zərər, doğma və yaxınların itirilməsi, ağrı və əzablar, mənəvi və fiziki iztirablar, şəxsiyyətə və şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. İstər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi onun artıq tarixi təyin edilmiş toy mərasiminin ləğv edilməsinə səbəb olmuşdur. Belə ki, qız tərəfi İddiaçı cinayət məsuliyyətinə cəlb olunduğunu müəyyən edib onun barəsində mənfi fikrə düşüb toyu ləğv etmişlər. Bununla da İddiaçı ağır mənəvi zərər vurulmuşdur. Bundan əlavə İddiaçı atasının bu hadisələrdən sonra ağır xəstəliyə tutulması və səhhətinin pisləşməsi nəticəsində sonradan ona ağır mənəvi istirab və sarsıntı vermişdir. İddiaçının təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində barəsində 1 (bir) il 6 (altı ay) 9 (doqquz) gün müddətində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, onun cinayət məsuliyyətinə cəlb edilməsi və 2 (iki) il 1 (bir) ay 7 (yeddi) gün müddətində həbsdə saxlanılması, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirməsi qaçılmaz olmuş, baş vermiş hadisələr nəticəsində cəmiyyətin, ailə quracağı xanımın və onun yaxınlarının İddiaçı mənfi reaksiyası formalaşmışdır. Həbsdə olarkən ailəsi maddi-mənəvi məhrumiyyətlərlə üzləşmiş, atasının xəstəliyi ağırlaşmış, o dövlət orqanlarının səhvi nəticəsində “cinayətkar” damğası ilə yaşamaq məcburiyyətində qalmışdır. Hətta barəsində KİV-də bu barədə xəbərlər də yayılmışdır. Qanunsuz həbs edildiyindən şəxsiyyətinə və mənliyinə elə zərbə vurulmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışır, işə düzəlməkdə çətinliklər çəkir. Həyatın istənilən sferasında bunu hiss edir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 noyabr 2024-cü il tarixli 2(004)-4924/2024 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 34.000 (otuz dörd min) manat məbləğində pulun İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun formalaşdırdığı təcrübəyə əsasən mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçılara kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunduqdan sonra, uzun müddət ərzində əsassız yerə istintaqa cəlb edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar səhhətində ciddi problemlər yaranmış, cəmiyyət arasındakı mövcud nüfuzu zədələnmiş, toyu ləğv olunmuş və bunun nəticəsində də ona mənəvi zərər dəymişdir.
11. Məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 34000 ((1 il 6 ay x 500 manat) + (2 il 1 ay x 1000 manat) = 9000+25000= 34000) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsi, 68-ci maddəsinin İİ hissəsi, Mülki Məcəllənin 1096.1, 1096.2, 1100, 1101.1, 1101.2, Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4,5,6,7,12-ci maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 82.4, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 34.000 manat müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili Nümayəndə Avtandil oğlu məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
17. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 28, İİİ hissə. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
20. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.
22. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
23. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
24. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
28. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
29. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
30. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
31. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
32. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. İşin mübahisəsiz halıdır ki, iddiaçı heç bir təqsiri olmadığı halda, istintaq və məhkəmə orqanları tərəfindən araşdırmaya, uzunsürən məhkəmə çəkişmələrinə cəlb edilib və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, yalnız xx.xx.2024-cü il tarixdə təqsirsiz olduğu müəyyən edilmişdir. Bu müddət ərzində qanunsuz olaraq qətimkan tədbirinin tətbiq edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur.
42. Seçilmiş qəti-imkan tədbirinə görə iddiaçının sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək kimi imkanları olmamışdır.
43. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.
44. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
45. Mənəvi ziyana görə kompensasiyanın məbləğinə münasibətdə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, 34000 manat ((1 il 6 ay x 500 manat) + (2 il 1 ay x 1000 manat) = 9000+25000= 34000manat) tutulmasını ağlabatan hesab edir.
46. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4924/2024 nömrəli iş üzrə 04 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.