Məhkəmə qərarları › İş №2(104)-1027/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1027/2025

05.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1027/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qəhrəman qızının Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı aliment tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh 2008-ci il ildə faktiki nikah münasibətlərinə daxil olaraq ərarvad olmuşlar və onların nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Fərid, xx.xx.2010-cu il təvəllüdlü Fəridə, xx.xx.2014-cü il təvəllüdlü Zəka, xx.xx.2019-cu il təvəllüdlü Əsra və Zəhra adlı 5 övladları olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə faktiki nikah münasibətlərindən doğulmuş uşaqlarının yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 246 manat olmaqla, beş uşaq üçün cəmi 1230 manat miqdarında alimentin, nümayəndəyə çəkdiyi xərcə görə 17,25 manat məbləğində pulun və vəkilə çəkdiyi xərcə görə 320 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə qeyri-rəsmi nikahlarından beş övladları olmuşdur. Uşaqlarının atalığı müəyyən olunmuşdur. Cavabdehlə münasibətləri əvvəllər normal olsa da sonradan aralarında narazılıqlar baş vermiş və ayrılmışlar. Ayrılıq səbəbi cavabdehin ailə kimi ona hörmət qoymaması və onu döyüb, təhqir etməsidir. Bir aydan çox müddətdir ki, uşaqları ilə birlikdə anasının yanında yaşayır. Uşaqlarının təkbaşına saxlamaqda çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır, fərdi əməklə məşğul olur. Hesab edir ki, cavabdehin hər ay bir uşaq üçün 246 manat ödəməyə maddi imkanı var. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(042)-236/2025 nömrəli iş üzrə qəbul etdiyi 07 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il doğum tarixli X3, xx.xx.2010-cu il doğum tarixli X1, xx.xx.2014-cü il doğum tarixli X5, xx.xx.2019-cu il doğum tarixli X4 və xx.xx.2019-cu il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Rayon Məhkəməsi tərəflərin maddi vəziyyətini, uşaqların iddiaçının himayəsində qalmasını, iddiaçının cavabdehin maddi vəziyyətinin yaxşı olduğunu bildirsə də, buna dair sübutlar təqdim edə bilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbini qismən təmin edilməli, uşaqların yetkinlik yaşınna çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, sonrakı artırılmalar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0,375 misli miqdarda alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi müəyyən edilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75, 76, 78.1, 100.2-ci və “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı heç bir ciddi əsas olmadan ailə münasibətlərinin dağılmasına səbəb olan addımlar ataraq, uşaqların gələcəyini düşünmədən hərəkətlər etmişdir. İddiaçı ilə cavabdeh arasında sonuncu dəfə sözlü münaqişə olmuş, ona qarşı hər hansı şiddət olmamış, o isə ailə üzvləri ilə birgə evi tərk etmiş, bundan sonra evə qayıtmayacağını bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı əvvəlcədən planlanlaşıdıraraq evi tərk etmiş, evi tərk edən zaman isə özü ilə evdən dəyərli əşyaları – qızılı, sənədləri və s. aparmışdır. İddiaçı ailə üzvlərinin, xüsusilə xalası Təranənin təkidi ilə ailə münasibətlərini dağıtmağa çalışır. Halbuki cavabdeh ailəsinin dağılmasını istəmir, uşaqlarla birgə iddiaçının evə qayıtmasını və birgə təsərrüffatı davam etdirməsini istəyir. Həmçinin məhkəmə tərəfindən cavabdehin maddi imkanı nəzərə alınmadan, iddiaçının fikirləri əsas götürülməklə aliment məbləği tutulmuşdur. Məhkəmə hər uşaq üçün 150 manat olmaqla, cəmi 750 manat ailment tutmuşdur. Bu isə hazırkı qanunvericiliyə ziddir. Belə ki məhkəmə nəzərə almamışdır ki, cavabdehin maddi imkanı çox aşağıdır. Müxtəlif banklara borcları var. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh həmin kreditləri ailə xərcləri üçün, ailənin rifahı üçün götürmüşdür. Hazırda işlədiyi vəzifə üzrə əmək haqqının cəmi məbləğinin məhkəmə tərəfindən qət olunmuş məbləğdən olduqca aşağı olduğunu, vətəndaş kimi ölkə üzrə yaşayış minimumu səviyyəsində dolanacaq xərcinə ehtiyacı olduğunu, məhkəmə qətnamənin gələcək icrası məsələsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəfindən uşaqların iddiaçının yanında saxlanmasının mümkün olub-olmaması məsələsinə əhəmiyyət verilməmişdir. Belə ki, iddiaçı ilə birgə yaşadıqları zamanlarda cavabdehin iddiaçının mütəmadi olaraq həkimlərə apardığını, onun müalicə olunmasına sağalmasına çalışdığını, iddiaçının psixoloji olaraq, aqressiv, əsəbi və gərgin olduğunu, daimi dərman qəbul etdiyini, bu isə uşaqların onun yanında saxlanmasına ciddi təhdid yaratdığını, uşaqların sağlam təlim-tərbiyə olunmasına mane olduğunu nəzər almamışdır. Belə olan halda isə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin olunmalı və ananın uşaqların təlim tərbiyəsi ilə məşğul olmasının mümkün olub-olmaması məsələsi ətraflı öyrənilməli idi. Həmçinin məhkəmə tərəfindən ananın həyat şəraiti müayinə olunmamış, uşaqların onunla qalmasının mümkünyünə qiymət verilməmişdir. Belə ki ana uşaqlardan birinin ümumiyyətlə tərbiyəsi ilə məşğul deyil. İddiaçı xx.xx.2014-cü il təvəllüdlü X7 qohumlarının himayəsinə vermiş, cavabdehin etirazlarına baxmayaraq uşaq hələ də anası ilə deyil, qohumlarında qalır. Bundan başqa, məhkəmənin müvafiq icra hakimiyyətinin qəyyumluq və himayə orqanını iş üzrə cəlb etmədiyini, onların rəyini almadığını, iddiaçının müvafiq həyat şəraitinin uşaqların böyüməsi üçün uyğun olub-olmamasını araşdırmamışdır. İddiaçının uşaqlardan dördü ilə birgə anasının evində yaşadığını, həmin evdə onunla bərabər daha 6 (altı) nəfərin yaşadığını, evin isə öz şəraitinə görə eyni anda qeyd olunan şəxslərin birgə yaşaması üçün uyğun olmadığını, məhkəmənin isə uşaqların üstün mənafeyini nəzərə almayaraq, qanunvericliyin tələblərini pozmuşdur. Həmçinin cavabdeh məhkəmənin ilk iclasından başqa digər iclasları barədə məlumatsız olmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmaların baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh 2008-ci il tarixdən faktiki ər-arvad münasibətlərinə girmiş, bu münasibətlərdən onların 5 uşaqları var: xx.xx.2009-cu il doğum tarixli X9, xx.xx.2010-cu il doğum tarixli X6, xx.xx.2014-cü il doğum tarixli X11, xx.xx.2019-cu il doğum tarixli X10 və xx.xx.2019-cu il doğum tarixli X8. Tərəflərin münasibətləri pisləşdiyindən onlar ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Onlar ayrıldığı vaxtdan uşaqlar iddiaçının (ananın) yanında yaşayırlar. Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi ilə uşaqlarıın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh uşaqlarının saxlanılması üçün ondan alimentin tutulmasına etiraz edərək, etirazını onunla əsaslandırır ki, məhkəmə hər uşaq üçün aliment məbləğinin 150 manat olmaqla, cəmi 750 manat müəyyən edərkən, onun maddi imkanının zəif olduğunu, müxtəlif banklara borcu olduğunu, alimentin cəmi məbləğinin hal-hazırda işlədiyi vəzifə üzrə aldığı əmək haqqıdan olduqca çox olduğunu nəzərə almamışdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bunlardan başqa, alimentin məbləği müəyyən edilərkən, uşaqların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin ananın (iddiaçının) üzərinə düşməsi də nəzərə alınmalı və cavabdehin qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislində müəyyən edilmiş alimenti ödəmək vəzifəsindən azad edilməsinə etirazı əsassız hesab edilməlidir. Eyni zamanda hazırda minimum əmək haqqı məbləğinin müəyyən mislində müəyyən edilmiş alimentə münasibətdə qeyd edilməlidir ki, bu həddə alimentin müəyyən edilməsi özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddində tutulan aliment heç də uşaqların getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Odur ki sadalanan halların cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməməsini nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehdən uşaqların saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin tutulması ədalətli və uşaqların mənafeyinə uyğundur. Bundan başqa, nəzərə alınmalıdır ki, həmin məbləğ uşaqlar üçün hazırda müəyyən edilmiş yaşayış minimuna da (246 manat) uyğun deyil. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Cavabdehin apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, iddiaçı psixoloji olaraq aqressiv, əsəbi və gərgin olur, daimi dərman qəbul edir ki, bu da uşaqların onun yanında saxlanmasına ciddi təhdid yaradır, habelə uşaqların sağlam təlim-tərbiyə olunmasına mane olur. Belə olan halda iş üzrə müvafiq ekspertiza təyin olunmalı və ananın uşaqların təlim tərbiyəsi ilə məşğul olmasının mümkün olub-olmaması məsələsi öyrənilməli idi. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçının hazırda xəstə, həm də psixoloji xəstə olmasını bildirən cavabdeh, bu halı təsdiq edən sübutları, o cümlədən tibbi sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki mülki iddia icraatında dəlili sübut etmək vəzifəsi, həmin dəlili irəli sürən tərəfin, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə bu kimi sübutları məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan Məhkəmə sözügedən dəlilləri əsassız hesab edir və iş üzrə məhkəmə-psixoloji ekspertizasının keçirilməsinə zərurət görmür. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə iş üzrə müvafiq icra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının işin baxılmasına cəlb edməməsi və rəyinin alınmaması, habelə iddiaçının müvafiq həyat şəraitinin uşaqların böyüməsi üçün uyğun olub-olmamasının, övladlarının birinin iddiaçının yanında yaşamamasının məhkəmə tərəfindən araşdırılmaması təşkil edir. Apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı Məhkəmə bildirir ki, yuxarıda qeyd olunduğu kimi, MPM-in tələblərinə görə, hər bir tərəf öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli, məhkəmə isə həmin sübutlara uyğun müvafiq nəticəyə gəlməlidir. Hazırki halda isə cavabdeh uşaqların saxlanılması şəraitinin ağır olması, övladlarından birinin anasının yanında deyil, qohumlarının yanında yaşamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tələb uşaqların saxlanılması üçün alimentin tutulması barədədir. Aliment tələbinə dair işlərə baxılmasında isə Qəyyumluq və Himayəçilik Komissiyasının işə cəlb olunması və (və ya) Komissiyanın rəyinin alınmasının zəruriliyi ilə bağlı Ailə Məcəlləsində hər hansı tələb yoxdur. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya qarşı uşaqların onun himayəsinə verilməsi barədə hazırki işdə qarşılıqlı iddia tələbi olmadığı səbəbindən Məhkəmə müvafiq icra hakimiyyətinin işə cəlb edilməsinə və müvafiq rəyin alınmasına da lüzum görməmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin yuxarıda müzakirə olunan dəlilləri əsassızdır. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərclərinə münasibətdə Məhkəmə bildirir ki, cavabdeh apellyasiya şikayəti verərkən iddianını qiymətinə uyğun olaraq(14.760 manat=1230 x 12 ay) 67,14 manat dövlət rüsumu ödəməli olduğu halda, cəmi 55 manat rüsum ödəmişdir. Odur ki dövlət rüsumunun kəsir hissəsi olan 12,14 manat pul cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gədəbəy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2025ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun kəsir hissəsi 12(on iki) manat 14(on dörd) qəpik pul Cavabdeh dövlət büdcəsinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar