Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1033/2023 11.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-283/2023 saylı qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X2 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 31 iyul 2007-ci il təvəllüdlü Nadir və 11 dekabr 2008-ci il təvəllüdlü Gülay adlı uşagların yetkinlik yaşına çatana kimi saxlanması ücün hər uşaq ücün 250 manat ümumi 500 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-283/2023 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddia tələbi qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1382/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 31 iyul 2007-ci il təvəllüdlü Nadir və 11 dekabr 2008-ci il təvəllüdlü Gülay adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ataları Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, anaları X1 xeyrinə verilməsi, artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı X2 apellyasiya şikayəti verərək, qətnamə dəyişdirilərək alimentin məbləğinin hər uşaq üçün hər ay 250 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaşadıqları birğə nikah dövründə 2 uşaqları 31 iyul 2007-ci il təvəllüdlü Nadir və 11 dekabr 2008-ci il təvəllüdlü Gülay adlı uşaqları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmediyinden ayrılmışlar və uşaqlar onun himayəsində qalmışlardır. Şəmkir Rayon Məhkəmesinin 12 iyul 2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan aliment artırılaraq hər uşaq üçün 150 manat müəyyən edilmişdir. Uşaqlar böyüdükcə onların tələbatlarıda artırılır. Hazırda baş verən iqtisadi bahalıqla əlaqədar olaraq cavabdehin uşaqlar üçün ödədiyi aliment onların cüzi tələbatlarını belə ödəmir. O uşaqların böyüdülməsində çox çətinlik çəkir. Odur ki, alimentin artırılmasına çox böyük ehtiyacı vardır. Belə ki, cavabdeh Şəmkir rayonu 5-ci küçədə “Mahmud dönəri” idarə edir, eləcə də Şəmkir rayon ərazi dairesinde işləyir və çox yaxşı gəliri vardır. Mülki iş materiallarında olan: AZ-İV seriyalı, 725273 nömrəli və AZ-İİ seriyalı, 268275 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə və X6 1,12.2008-ci il tarixdə Şəmkir rayonunda doğulmuşlar. Ataları Cavabdeh anaları X3r. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmişdir. Şəmkir rayon məhkəməsinin 2(076)-1382/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 31 iyul 2007-ci il tarixdə doğulmuş Nadir və 11 dekabr 2008-ci il tarixdə doğulmuş Gülay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(076)-1991/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdehin Şəmkir rayonunda yerləşən “Mahmud dönəri” işlədir və maddi imkanı yaxşıdır. Həmçinin, məhkəmə tərəfindən 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat olmasını nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar İddiaçı X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq iddiaçı bildirdi ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir və hər ay 487 manat əmək haqqı alır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər xx.xx.2008-ci ildə rəsmi olaraq nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Nadir və xx.xx.2008-ci il tarixdə Gülay adında uşaqları doğulmuşdur. Aralarında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Uşaq hazırda iddiaçının himayəsində yaşayır və Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1382/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay hər uşağa 150 manat aliment tutulması qət edilmişdir. İddiaçı iddia etmişdir ki, hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmir və iddiaçı uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə uşağı saxlamaq üçün qətnamə ilə müəyyən olunmuş alimentdən əlavə ona hər hansı maddi yardım etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinəəsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görəəsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunun 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olması, cavabdehin yüksək gəlirə malik olması ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edilməməsi və iddiaçının özünün də işləyərək müəyyən məbləğdə gəlirə malik olması nəzərə alınmaqla, birinci instansiya məhkəməsi alimentin məbləğinin hər ay hər uşaq üçün 170 manat məbləğində müəyyən edib iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti mübahisələndirilən hissədə 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-283/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1033/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1033/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver