Məhkəmə qərarları › İş №2(104)-104/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-104/2025

28.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-104/2025 28.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X8 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 (eyni zamanda İddiaçı3 etibarnamə üzrə nümayəndəsi) və X4 iştirakları ilə, İddiaçılar İddiaçı1, X8 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(062)-168/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X1 nikahı 02 aprel 1970-ci il tarixdə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Rüstəmova soyadı verilmişdir.

2. 30 aprel 1987-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv.m olan iki otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi X9r.

3. 10 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, X13 özünə məxsus Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv.m olan iki otaqlı fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır.

4. 16 iyun 2023-cü il tarixli, 442 nömrəli arayışdan görünür ki, X6 ölümündən sonra yoldaşı İddiaçı1 oğulları X14, X15, Cavabdeh2, İddiaçı3, X16, X12, X10 və qızları İddiaçı2, X7 və X5 qalmışdır.

5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18 fevral 2023-cü il tarixdə ölmüşdür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, X8 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, Tovuz regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində təsdiq olunmuş mərhum X13 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın 31 oktyabr 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv.m olan iki otaqlı fərdi yaşayış evini X13 Cavabdeh2 bağışlamış və həmin müqaviləni İddiaçı1 səlahiyyətli şəxs kimi imzalamışdır. Bağışlayan şəxs, yəni Əli Rüstəmov bağışlama müqaviləsindən 3 ay sonra vəfat etmişdir. Əli Rüstəmovun ölümündən sonra cavabdeh onları evdə yaşamağa qoymur və çıxarmaq niyyətindədir. Cavabdeh mülkiyyəti ələ keçirdikdən sonra onların qanunla qorunan hüquqlarını pozmuşdur. Mübahisəli fərdi yaşayış evi 28 fevral 1989-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evini İddiaçı1 ilə birgə nikah dövründə əldə olunmuşdur. Bağışlama müqaviləsi rəsmi qaydada bağlansada, cavabdeh ailə hüquq münasibətlərindən irəli gələn münasibətləri kobud surətdə pozmuşdur. Belə ki, hər gün evdə mübahisə yaradır, mülkə sahib olduğuna görə istədiyi vaxt mülkdən çıxarmaqla onları hədəliyir. Mübahisə olunan əmlak bağışlanmış olsa belə, həmin mülkdən onların məcburi payı vardır. Bağışlama müqaviləsi bağlandıqdan sonra bağışlayan öldükdən sonra vərəsələrin qanunverciliklə iki il müddətinə müqavilənin ləğv etdirmək hüququ vardır. Qanunvercilik mübahisə olunan fərdi yaşayış evini bağışlamağa imkan versə də onların bağışlanan mülkdən pay hüquqlarının olmasına da imkan vermişdir. Yəni bağışlanan əmlak məcburi pay hüququ ilə məhdudlaşır və həmin əmlakdan pay tələbləri vardır.

8. Tovuz Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(062)-168/2024 nömrəli (hakim Z.Hünmətov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, X13 ilə Cavabdeh2 arasında Tovuz regional “ASAN xidmət” mərkəzində bağlanmış 4Ə-1474 nömrə ilə qeydə alınmış 31 oktyabr 2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi qət olunmuşdur.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.4, 384.0.4, 666.1, 670.1, 673.1 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrinə istinad etmişdir. b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, mərhum atası X13 xəstə olan zaman onun bütün müalicə xərclərini çəkmişdir. Buna görə də atası özünə məxsus olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən fərdi yaşayış evini ona bağışlamaq istədiyini bildirmiş və bacısı (hazırkı iş üzrə İddiaçı2 etibarnamə vermiş, sonuncuda həmin etibarnamə əsasında 31 oktyabr 2022-ci il tarixdə Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv.m olan fərdi yaşayış evini ona bağışlamışdır. Həmin vaxt onu hazırkı iş üzrə digər iddiaçı, yəni anası İddiaçı1 təmsil etmişdir. Hazırkı iş üzrə iddiaçılar 31 oktyabr 2022-ci il tarixdə daşınmaz əmlakın bağlanmasında bilavasitə iştirak etmişlər. Müqavilənin bağlanmasından 3 ay sonra atası vəfat etmişdir. İddiaçılar ona qarşı hazırki əsassız iddia ilə məhkəməyə müraciət etmişlər. Halbu ki, anası İddiaçı1 birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin bütövlükdə bağışlanmasına etiraz etməmişdir. Eləcədə bacısı İddiaçı2 evin bağışlanmasına razılıq vermişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

13. Hazırkı məhkəmə iclasında iştirak edən İddiaçı1 (eyni zamanda İddiaçı3 etibarnamə üzrə nümayəndəsi) izahat verərək bildirmişdir ki, əri X13 mülkiyyətində olan evi oğlu Tağıya bağışladıqdan 3 ay sonra olmüşdür. Tağı evi adına keçirdikdən sonra həmin evdə yaşamağa ona imkan verməmişdir. İddia ərizəsində bağışlanmış evdə məcburi paylarının olmnasını bildirsələrdə, hazırda əqdin etibarsızlığını istəyirlıər ki, ev onlara qalsın. İddiaçı1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, atası evi qardaşı Tağıya bağışladıqdan sonra Tağı anası Elmiraya evdə yaşamağa imkan verməmişdir. Ona görədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsində əqdin etibarsızlığı ilə yanaşı bağışlanmış evdə məcburi paylarının olmasını qeyd etsələrdə, lakin hazırda bağışlama müqaviləsinin etibarsızlığını istəyirlər ki, ev anası Elmiraya qalsın. X2 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evini atası ona bağışlamışdır. Fərdi yaşayış evinin bağışlanmasına iddiaçılar razılıq vermişdir. Hətda müqavilə bağlanarkən etibarnamə əsasında atasının əvəzindən bacısı Zeynəb (hazırkı iş üzrə iddiaçı) onun əvəzindən isə anası Elmira iştirak edərək müqaviləni imzalamışlar. Fərdi yaşayış evində anası yaşayır, özü isə Bakı şəhərində qalır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

16. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı3 və cavabdehlər Cavabdeh2, Tovuz regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

18. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

21. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

22. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

23. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

24. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

28. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

29. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

30. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

31. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

32. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 117.2 Bu Məcəllənin 117.1. maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir.

37. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.1. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

39. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasslar; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

Apellyasiya baxışının hədləri

40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

44. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv.m olan fərdi yaşayış evi X6 mülkiyyətində olmuşdur. X13 mülkiyyətində olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv.m olan fərdi yaşayış evini 31 oktyabr 2022-ci il tarixli bağışlama müqaviləsi əsasında oğlu Cavabdeh2 bağışlamışdır. Həmin müqaviləni hədiyyə verənin adından etibarnamə üzrə nümayəndəsi (qızı) İddiaçı2, hədiyyə alan Cavabdeh2 adından isə etibarnamə üzrə nümayəndəsi (anası) İddiaçı1 imza etmişlər. Hədiyyə verən Əli Rüstəmov 18 fevral 2023-cü ildə ölmüşdür. Sonuncunun ölümündən sonra iddiaçılar əqdin etibarsızlığı barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

45. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.

46. Belə ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).

47. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

48. Yuxarıda qeyd olunduğu kimi, X13 etibarnamə üzrə nümayəndəsi, yəni öz qızı İddiaçı2 vaisitəsilə özünə məxsus Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən ümumi sahəsi 118,2 kv.m olan iki otaqlı fərdi yaşayış evini öz oğluna, yəni Cavabdeh2 bağışlamış, sonuncu da hədiyyəni etibarnamə üzrə nümayəndəsi, yəni anası İddiaçı1 vaisitəsilə qəbul etmişdir. Müqavilə tərəfinin hər ikisinin etibarnamə üzrə nümayəndələri (hazırkı iş üzrə iddiaçılar, həmçinin digər İddiaçı3) notariat ofisində ərizə verərək, mübahisəli daşınmaz əmlakın Əli Rüstəmov tərəfindən Cavabdeh2 hədiyyə verilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən əqd tərəflərin səlahhiyyətli nümayəndələri vastəsilə bağlanan zaman təmsil edənlərə verilmiş etibarnamələr də qüvvədə olmuşdur. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçılar 31 oktyabr 2022-ci il tarixli bağışlanma müqaviləsinin məzmunundan məlumatlı olmuş, hətda ailə üzvü kimi hədiyyə verənlə yanaşı onlarda əmlakın bağışlanmasına öz iradə ifadələrinin bildirmişlər.

49. İddiaçılar ərizədə əqdin etibarsızlığını məhkəmədən xahiş etsədə, lakin ərizənin mətnində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarına istinadən məcburi paya hüququ olan şəxslər kimi məcburi paylarının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasına istinad etmişlər. Buna baxmayaraq hazırkı məhkəmə iclasında isə İddiaçı1 (eləcədə digər İddiaçı3 etibarnamə üzrə nümayəndəsi) və İddiaçı2 öz tələblərinə aydınlıq gətirərək 31 oktyabr 2022-ci il tarixli bağışlama müqaviləsinin etibasız hesab edilməsini məhkəmədən xahiş etdiklərini bildirdi.

50. Əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə kifayət qədər aydın göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

51. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 668.1.1-ci maddələri).

52. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri).

53. Qeyd edilməlidir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

54. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).

55. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, eləcədə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Mübahisələndirilən bağışlama müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir. Çünki əqdin etibarsızlığına dəlalət edən hər hansı bir hüquqi əsas tapılmır. Ona görədə apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

56. Apellyasiya icraatı zamanı iş üzrə ekspertiza təyin olunsada, lakin rəy verilməmişdir. Buna baxmayaraq ekspertiza xərcinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri kimi 100 manat göstərilmişdir. Kollegiya hesab edir ki, həmin məbləğ dövlət hesabına aid edilməlidir. Həmçinin kollegiya qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli 2(062)-168/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçılar İddiaçı1, X8 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Tovuz regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinə qarşı 31 oktyabr 2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya, tələb olunan ekspertiza xərci isə dövlətə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar