Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1040/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmət Mərkəzi Notariat Ofisi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi və pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmət Mərkəzi Notariat Ofisi) qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(062)-264/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyri yaşayış sahəsi və onun yerləşdiyi 0,009 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
2. İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən mülkiyyət hüququ əsasında özünə məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyriyaşayış sahəsini aylıq 80 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2029-cu il tarixə kimi icarəçiyə icarəyə vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidmət Mərkəzi Notariat Ofisi) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə aralarında olan xx.xx.2019-cu il tarixli, 3M-84 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin həmin əmlakdan çıxarılması, xx.xx.2023-cü il tarixə olan 805 manat icarə haqqının cavabdehdən alınaraq ona verilməsi, həmin tarixdən sonra cavabdehin əmlakdan çıxacağı günə kimi ödənilməli icarə haqqının cavabdehdən alınaraq ona verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ona məxsus ümumi sahəsi 59 kv.m. olan qeyri-yaşayış sahəsi vardır. Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan həmin obyekti cavabdehə icarəyə vermişdir. Əmlakın dövlət qeydiyyatına alınmış hissəsi 59.1 kv.m. təşkil edir. Qeydiyyata alınmamış hissəsi isə 60 kv.m.-dir. Müqavilə qeydiyyata alınmış hissə ilə bağlı aylıq 80 manat icarə haqqı ödənilmək şərti ilə bağlanmışdır. Əmlakın qalan hissəsi isə öz aralarında şifahi formada razılaşma əsasında icarəyə verilmişdir. Ora üçün isə aylıq icarə haqqı 220 manat olmuşdur. Cavabdeh 2023-cü ilin oktyabr ayına kimi aylıq icarə haqqını ödəmiş və cəmi 285 manat borcu qalmışdır. Həmin ilin oktyabr ayında isə 80 manat ödəniş etmiş və 220 manat borcu qalmışdır. Noyabr ayında isə ümumiyyətlə ödəniş etməmişdir. Beləliklə, cavabdehin 805 manat ona borcu yaranmışdır. Hazırda cavabdeh həmin borcu ödəməyəcəyini bildirmiş və ödənişlərdən imtina etmişdir. Bu səbəbdən icarə müqaviləsinin 8-ci bəndinə uyğun olaraq müqavilənin ləğvinə dair cavabdehə xx.xx.2023-cü il tarixli yazılı ərizə ünvanlanmış, lakin cavabdeh müqavilənin ləğvi ilə bağlı hərəkətsizlik nümayiş etdirmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-264/2024 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsindən çıxarılma və icarə haqqının alınması» tələbinə dair mülki üzrə icraata «aralarında olan xx.xx.2019-cu il tarixli, 3M-84 nömrəli icarə müqaviləsinin ləğv edilməsi» hissəsində işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır.
6. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-264/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev), iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyri yaşayış sahəsi və onun yerləşdiyi 0,009 ha torpaq sahəsindən çıxarılması, Cavabdeh ödənilməmiş icarə haqqının əvəzi kimi 805 (səkkiz yüz beş) manat pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə görə icarəyə verən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 59.1 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2029-cu il tarixə kimi aylıq 80 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh icarəyə vermişdir. Tərəflər arasında icarə hüquq münasibətləri üzrə narazılıq yarandığından iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini cavabdeh tərəfə bildirməklə müqaviləni ləğv etmişdir. Yəni hazırda cavabdehin iddiaçının mülkiyyətində olan obyektindən istifadəsi qanuni əsaslara söykənmir.
8. Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından cavabdeh Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyri yaşayış sahəsi və onun yerləşdiyi 0,009 ha torpaq sahəsindən çıxarılmalıdır.
9. Həmçinin, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə aylıq icarə haqqı ümumi sahəsi 59.1 kv.m. olan obyektə görə 80 manat olsa da, onlar şifahi razılaşdığı üçün cavabdeh ümumi sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsini də icarəyə götürmüşdür. Razılaşma üzrə isə ümumilikdə cavabdeh iddiaçıya hər ay 300 manat icarə haqqı ödəyirmiş. Lakin 2023-cü ilin oktyabr ayında tərəflər arasında elektrik sayğacına çəkilmiş xərcə görə narazılıq yaranmışdır. Belə ki, həmin tarixə cavabdehin iddiaçıya cəmi 100 manat borcu qalmışdır. Hansı ki, bu pul pandemiya vaxtından qalıq qalmışdır. Elektrik sayğacına çəkilmiş 185 manat xərci də cavabdeh özü ödədiyi üçün iddiaçının icarə haqqısından çıxmışdır. Oktyabr ayında cavabdeh müqaviləyə uyğun 80 manat ödəniş etmiş, noyabr ayında isə ümumiyyətlə ödəniş etməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 805 (100+185+220+300=805) manat icarə haqqı borcu yaranmışdır. İşin qeyd olunan halı tərəflərin izahatları ilə təsdiq edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 425, 442, 448.1, 700.1 və 700.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(062)-264/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, İddiaçı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Tovuz rayonu Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m olan qeyri yaşayış sahəsini (mağazanı) hər ay 80 (səksən) manat icarə haqqı ödəmək şərti ilə 10 il müddətinə icarəyə götürmüşdür. Həmin vaxtdan aralarında 2023-cü ilin oktyabr ayında yaranan narazılığa qədər pandemiya dövründə işəmədiyinə görə icarə haqqından 100 manat borcu qalmışdır. Bundan əlavə, iddiaçının iddia ərizəsində qeyd etdiyi əlavə 60 kv.m sahənin icarəsi ilə bağlı onu bildirmək istəyir ki, həmin sahə mağazaya bitişik sahə olmaqla kafe kimi istifadəsi nəzərdə tutulub. Düzdü həmin sahəni ilkin olaraq başqa şəxsə vermək istəyən zaman o iddiaçı ilə bu barədə həmin sahənin də ona icarə verilməsi barədə razılığa gəlmişdir. Buna görə iddiaçıya ümumilikdə 300 manat icarə haqqı ödəyirdi. 2020-ci ildə 44 günlük döyüşlərdən sonra kəndimizdən olan şəhidlərin xatirəsinə həmin 60 kv.m sahəyə demək olar ki, bitişik “Şəhid Bulağı” inşa edilmişdir. Bundan sonra həmin sahənin kafe kimi işlədilməsi mümkün olmadığına görə həmin kafeni bağlamış və iddiaçı stol-stulunu yığıb aparmışdır. Buna baxmayaraq o aralarında olan şifahi razılığa əsasən hər ay 300 manat icarə haqqını ödəməyə davam etdirmişdir. Bunun ən əsas səbəbinin mağazadan kənd əhalisinin nisyə mal alması və onun nisyələrdən yüksək miqdarda alacağının olması, mağazanı bağlayıb obyektdən çıxacağı halda həmin pulu yığa bilməyəci idi. 2023-cü ilin oktyabr ayında iddiaçı tərəfindən obyektdə tikinti - təmir işləri aparılan zaman obyektdə quraşdırılmış elektrik sayğacı yararsız hala düşmüşdür. Bu birbaşa iddiaçının (işə nəzarəti iddiaçının yaxın qohumu qaynatası edirdi) günahından baş vermişdir. Belə ki, elektrik qaynağı aparatının düzgün qoşulmadığına görə sayğac yararsız hala düşmüşdür. Sayğacın yenisi ilə əvəz edilməsi üçün iddiaçı özü müraciət etmişdir. Yeni smart tipli sayğacın quraşdırılması üçün 185 manat pulu o ödəmiş və buradə iddiaçıya məlumat vermişdir. İddiaçı həmin məbləği ona vercəyini bildirmişdir. O növbəti ayın icarə haqqısının 185 manatı çıxmaqla 115 manat ödəmişdir. Bundan sonra iddiaçı ilə aralarında mübahisə yaranmış və onun obyektindən çıxmağını tələb etmişdir. O yuxarıda qeyd etdiyi kimi icarə müqaviləsində nəzərdə tutulan sahədə mağaza kimi fəaliyyət göstərir. Onun şirkətlərdən aldığı mallar, kənd əhalisindən nisyədə olan pulları var. Onun həmin sahədən çıxmağı onun pis vəziyyətə düşməyinə səbəb olacağını məhkəmədə də bildirmişdir. Hətta aralarında olan müqavilənin ləğvi hissəsində işin icraatına xitam verib. Buna əsas kimi isə iddiaçının ona bu barədə məlumat göndərməsi ilə iradə ifadəsini bildirməsini qeyd edib. Halbuki, bu mümkün deyil. Mülki qanunverciliyin tələbinə görə yalnız hər iki tərəfin yazılığı ilə tərəflər arasında müqavilə ləğv edilə bilər. Əks halda yalnız məhkəmə qaydasında ləğv edilməlidir. Hazırkı iş üzrə məhkəmə qüvvədə olan icarə müqaviləsini ləğv etmədən onun həmin əmlakdan çıxarılmağı barədə qətnamə qəbul etmişdir. Bu da qanunların pozulması deməkdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, aralarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə görə icarəyə verən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 59.1 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2029-cu il tarixə kimi aylıq 80 manat icarə haqqı ödənilməsi şərti ilə ona icarəyə vermişdir. Həmin obyektin ətrafında da ümumi sahəsi 60 kv.m. olan yer olmuş və həmin yeri iddiaçı icarəyə vermək istəyən zaman belə qərara gəlmişdir ki, həmin sahəni də özü götürsün. Çünki, başqa şəxs oranı icarəyə götürəcəyi halda aralarında narazılıq yarana biləcəyini düşünmüşdür. Bu səbəbdən şifahi olaraq iddiaçı ilə razılaşmışlar və aylıq icarə haqqı 300 manat müəyyən edilmişdir. Ümumi bütöv həmin sahəni tək icarəyə götürmüşdür. Göstərilən məbləği 2023-cü ilin oktyabr ayının əvvəlinə kimi ödəmişdir. Həmin vaxta kimi yalnız pandemiya vaxtından 100 manat borcu qalmışdır. Oktyabr ayında elektrik sayğacında olan nasazlığa görə 185 manat xərc çəkmişdir. Bunu iddiaçıya bildirmiş və icarə haqqından çıxacağını söyləmişdir. Lakin, iddiaçı onunla razılaşmamışdır. Bu səbəbdən aralarında narazılıq yaranmış və iddiaçı ona müqavilənin ləğv edilməsi üzrə yazılı məlumat göndərmişdir. Buna hər hansı reaksiya verməmişdir. Oktyabr ayı üçün iddiaçıya müqaviləyə uyğun olaraq 80 manat icarə haqqı ödəmiş, noyabr ayını isə ümumilikdə verməmişdir. Bu hal onun maddi vəziyyəti ilə bağlıdır. O, iddiaçıya 2019-cu ilin 8 ayında hər ay 100 manat, daha sonra isə 300 manatdan ödəniş etmişdir. İddiaçı onu nəzərə almır. Halbuki onların yazılı müqaviləsi ayda 80 manat kirayə haqqı olmuşdur ki, onu da artıqlaması ilə ödəmişdir. Onun hazırda iddiaçıya borcu yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, aralarında bağlanmış icarə müqaviləsinə görə aylıq icarə haqqı sənəd üzrə 80 manat müəyyən edilsə də, əslində cavabdeh ona hər ay 300 manat icarə haqqı ödəyirdi. Çünki, cavabdehə özünə məxsus lakin daşınmaz əmlakda qeydiyyatdan keçməmiş ümumi sahəsi 60 kv.m. sahəni də icarəyə vermişdir. Cavabdehin ona hər ay 300 manat icarə haqqı ödəməsi bank qəbzləri ilə də təsdiq edilir. Cavabdeh mütəmadi olaraq ödənişlər etsə də, aralarında 2023-cü ilin oktyabr ayının əvvəlindən narazılıq yaranmışdır. Belə ki, həmin vaxt obyektin elektrik sayğacında nasazlıq olmuş və cavabdehin bu səbəbdən 185 manat xərci çıxmışdır. Cavabdeh həmin xərci özü ödəməli olsa da, obyektin icarəsindən çıxmışdır. Həmçinin həmin tarixə kimi cavabdehin 100 manat da pandemiya vaxtından borcu qalmışdır. Beləliklə, cavabdehin 2023-cü ilin oktyabr ayına 285 manat borcu yaranmışdır. Elə həmin vaxtdan da mübahisələri başlamışdır. Bundan sonra cavabdeh ona bildirmişdir ki, icarə müqaviləsində hansı məbləğ yazılıb onu ödəyəcəkdir. Bu səbəbdən müqavilənin ləğvi üzrə ona yazılı xəbərdarlıq etmişdir. Lakin, cavabdeh məhəl qoymamışdır. Oktyabr ayı üçün 80 manat icarə haqqı vermiş, 220 manat borclu qalmışdır. Noyabr ayı üçün isə ümumiyyətlə ödəniş etməmişdir. Ondan pulunu tələb etsə də, cavabdeh həm pulunu vermir, həm də müqavilənin tələblərin pozsa da obyektdən çıxmır. Cavabdeh onunla razılaşmaq istəsə də, obyektini ona təkrarən icarəyə vermək istəmir. Cavabdeh ona əvvəlki 2019-cu ilin 8 ayında hər ay 100 manat, daha sonra isə 300 manat ödəniş etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
17. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
23. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.
24. Maddə 398.3. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.
25. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
30. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
31. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
“İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 7. İcarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarı
33. ... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.”
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
42. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
45. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
46. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
47. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
48. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
49. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Apellyasiya baxışının hədləri
50. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
53. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlillərində qətnamənin iddianın təmin edilmiş hissəsini mübahisələndirilir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissələr üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına qismən icarə haqqının tutulması hissəsində uyğun gəlməmişdir.
55. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə, yəni iddianın icarə haqqının tutulması hissəsində düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
56. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə görə icarəyə verən İddiaçı mülkiyyətində olan Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 59.1 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2029-cu il tarixə kimi aylıq 80 manat icarə haqqı ödənilməsi şərti ilə Cavabdeh icarəyə vermişdir. Tərəflər arasında icarə hüquq münasibətləri üzrə narazılıq yarandığından iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini cavabdeh tərəfə bildirməklə müqaviləni ləğv etmişdir.
57. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, tərəflər arasında yaranmış mübahisə əmlakın başqasının qanunsuz sahibliyindən geri alınması ilə bağlı yaranmış mübahisədir və yaranan mübahisəyə mülkiyyətin müdafiəsi üzrə tətbiq edilməli olan normalar, habelə icarə hüquq münasibətləri əsasında hüquqi qiymət verilməlidir.
58. lk növbədə qeyd olunmalıdır ki, mübahisəli əmlak üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
59. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
60. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur.
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.
62. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
63. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).
64. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
65. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.
66. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlin obyektdən çıxarılmasını tələb etmək hüququna malikdir. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
67. Belə ki, tərəflər arasında icarə hüquq münasibətləri üzrə narazılıq yarandığından iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini cavabdeh tərəfə bildirməklə müqaviləni ləğv etmişdir. Yəni, hazırda cavabdehin iddiaçının mülkiyyətində olan obyektindən istifadəsi qanuni əsaslara söykənmir.
68. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur.
69. Məhkəmə kollegiyası qeyd edir ki, qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından cavabdeh Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyri yaşayış sahəsi və onun yerləşdiyi 0,009 ha torpaq sahəsindən çıxarılmalıdır. Buna görə məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin gəldiyini nəticəni əsaslı hesab edir.
70. Lakin, məhkəmə kollegiyası iddianın icarə haqqının tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
71. İddia tələbinin icarə haqqının verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
72. Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
73. Belə ki, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən mülkiyyət hüququ əsasında özünə məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndindəki ümumi sahəsi 59.1 kv.m. olan qeyri-yaşayış sahəsini aylıq 80 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2029-cu il tarixə kimi icarəçiyə icarəyə vermişdir.
74. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə aylıq icarə haqqı ümumi sahəsi 59.1 kv.m. olan obyektə görə 80 manat olsa da, onlar şifahi razılaşdığı üçün cavabdeh ümumi sahəsi 60 kv.m. olan qeyri-yaşayış sahəsini də icarəyə götürmüşdür. Razılaşma üzrə isə ümumilikdə cavabdeh iddiaçıya hər ay 300 manat icarə haqqı ödəyirmiş. Lakin 2023-cü ilin oktyabr ayında tərəflər arasında elektrik sayğacına çəkilmiş xərcə görə narazılıq yaranmışdır. Belə ki, həmin tarixə cavabdehin iddiaçıya cəmi 100 manat borcu qalmışdır. Hansı ki, bu pul pandemiya vaxtından qalıq qalmışdır. Elektrik sayğacına çəkilmiş 185 manat xərci də cavabdeh özü ödədiyi üçün iddiaçının icarə haqqısından çıxmışdır. Oktyabr ayında cavabdeh müqaviləyə uyğun 80 manat ödəniş etmiş, noyabr ayında isə ümumiyyətlə ödəniş etməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 805 (100+185+220+300=805) manat icarə haqqı borcu yaranmışdır. İşin qeyd olunan halı tərəflərin izahatları ilə təsdiq edilmişdir.
75. Beləliklə, birinci instansiya məhkəməsi bir tərəfdən, xx.xx.2019-cu il tarixli notarial qaydada bağlanılmış icarə müqaviləsinin etibarsızlığı üçün əsasların mövcud olmaması qənaətinə gəlsə də, digər tərəfdən, həmin müqavilənin tərkib hissəsini təşkil edən şərtlərdən birini (aylıq icarə haqqının 80 manat müəyyən edilməsi) hazırkı mübahisəsinin həllinə tətbiq etməmiş, əvəzində isə tərəflərin izahatlarına istinad edərək həmin qiymətdən 3 dəfədən yuxarı olan qiymətə (300 manat) istinad etmişdir.
76. Halbuki, Mülki Məcəllənin 398-ci maddəsinin (bax § 22-24) tələbləri ondan ibarətdir ki, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya MM-də nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə” 11 iyun 2018-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 33) görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
78. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin özünün etibarlı saydığı müqavilənin qiymətə dair şərtini kənara qoyaraq, mübahisəyə digər qiyməti tətbiq etməsi bir tərəfdən, istinad olunan normanın tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, digər tərəfdən isə, məhkəmənin mübahisəli müqavilənin etibarlı olmasına dair öz mövqeyinə də zidd olmuşdur.
79. Hazırkı halda isə tərəflər arasında etibarlı yazılı müqavilənin və onun qiymətə dair müddəalarının mövcudluğu elə işə baxan birinci instansiya məhkəməsinin öz qətnaməsində də görünməkdədir.
80. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə aylıq icarə haqqı ümumi sahəsi 59.1 kv.m. olan obyektə görə aylıq icarə haqqının 80 manat müəyyən edilməsi hazırkı mübahisənin həllinə tətbiq edilməlidir. Eyni zamanda işin faktiki halları və apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı icarə müqaviləsində nəzərdə tutulmuş aylıq 80 manat icarə haqqını tam ödəmiş onun borcu qalmamışdır. İddiaçı da izahatında cavabdehin ona əvvəlki 2019-cu ilin 8 ayında hər ay 100 manat, daha sonra isə hər ay 300 manat ödəniş etməsini bildirmişdir. Göründüyü kimi, cavabdeh icarə haqqını hər ay artıqlaması ilə ödəmişdir. İcarəyə verilən sahənin istifadəsinə görə hər ay 80 manat icarə haqqının ödənilməsi tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 5-ci bəndi ilə müəyyən edilmişdir. Baxılan işdə müqavilədə nəzərdə tutulmuş aylıq 80 manat icarə haqqı cavabdeh tərəfindən artıqlaması ilə iddiçıya ödənilmiş, bununlada cavabdehin iddiaçıya icarə haqqına görə borcu qalmamışdır.
81. Belə olan təqdirdə isə, məhkəmə kollegiyası o nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirilən hissədə, icarə haqqının ödənilməsi hissəsində qüvvədə saxlanılması qeyri-mümkündür. Çünki, birinci instansiyası məhkəməsi həmin hissədə qanunu səhv tətbiq etmiş, nəticədə MPM-in 217.3cü maddəsinin (bax § 39) tələblərini pozaraq tərəflər arasındakı qarşılıqlı münasibətlər barədə yanlış qənaətə gəlmiş, bununla da MPM-in 217.1-ci maddəsinə (bax § 38) zidd olaraq düzgün olmayan qətnamə qəbul etmişdir.
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
83. MPM-n 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
84. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən iddianın icarə haqqının tutulması hissəsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr həmin hissədə işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
85. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
86. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
87. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
88. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
91. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
92. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
93. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbinin icarə haqqının ödənilməsi hissəsində (805 manat) iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
94. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-264/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh ödənilməmiş icarə haqqının əvəzi kimi 805 (səkkiz yüz beş) manat pul alınaraq İddiaçı verilməsi- hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi – xx.xx.2023-cü il tarixə olan 805 (səkkiz yüz beş) manat icarə haqqının Cavabdeh alınaraq İddiaçı verilməsi - hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamənin iddianın icarə haqqının ödənilməsi hissəsindən kassasiya şikayət verilə bilməz və çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.