Məhkəmə qərarları › İş №2(104)-1057/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1057/2025

12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1057/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı əmlak tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh xx.xx.2019-cu il tarixdə faktiki nikah münasibətlərinə daxil olaraq ər-arvad olmuşlar və birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Muraz adlı uşaqları. Tərəflərin münasibətləri pisləşmiş və 2022-ci ilin may ayından ayrılmışlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat dəyərində, 750 əyyarlı qızıldan hazırlanmış 18 qram çəkidə olan 6 karat brilliant qaşlı qolbağ, üzük, sırğa dəsti, 2500 manat dəyərində, 583 əyyarlı qızıldan hazırlanmış 28 qram çəkidə olan boyunbağı (yoluçka), 600 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış 4 qram çəkidə 1 karat brilliant qaşlı üzük, olmadıqda isə onların ümumi dəyəri 6100 manat məbləğində pulun, 100 manat hüquqi xidmət haqqı, 83 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərcinin əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında el adəti üzrə nişan və toy olmuş, xx.xx.2019-ci il tarixdən ailə qurub yaşamışlar. Cavabdehin təqsiri üzündən nikahları rəsmiləşdirilməmişdir. Birgə ailə münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü Muraz adlı övladı vardır. Cavabdehlə xx.xx.2022-ci il tarixdən ayrılmış, o, Qaradağlı kəndində valideynlərinin yanında yaşayır. Ona məxsus bütün cehiz əşyaları, əmlakları cavabdehdən alınmış, lakin qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Cavabdeh deyir ki, həmin əşyaları nişan və toyda onlar alıb ona hədiyyə etdiyinə görə onda qalmalıdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə yeni ailə qurmuşdur. Ona məxsus qızılları yeni arvadına verib istifadə etdirir. Fotoşəkil iddia ərizəsinə əlavə edilir. Hazırkı iddia ərizəsi ilə o, cavabdehdən məhkəmə qaydasında özünə məxsus qızıl-zinət əşyalarını tələb edir. Qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 1) 750 əyyarlı qızıldan hazırlanmış brilliant qaşlı 6 karat, qolbağ, üzük, sırğa dəsti, çəkisi 18 qram - 3000 manat, 2) 583 əyyarlı qızıldan hazırlanmış boyunbağı (yoluçka), çəkisi 28 qram - 2500 manat, 3) 583 əyyarlı qızıldan hazırlanmış brilliant qaşlı 1 karat, üzük, çəkisi 4 qram - 600 manat. Məhkəməyə müraciət etmək üçün xərclər çəkmişdir. "xxxx" MMC Million elektron ödəmə sistemi 51505 №-li terminal vasitəsilə **********5 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə o, mediasiya təşkilatına 60 manat rüsum ödəmiş, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024cü il tarixli qəbzlə o, hazırki iddia tələbi ilə bağlı 83 manat dövlət rüsumu ödəmiş, "xxxx" ASC tərəfindən verilmiş 30379 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə o, vəkil sorğusuna görə xidmət haqqı üçün 50 manat və iddia ərizəsinin tərtibinə görə vəkilə 50 manat məbləğində vəsait köçürmüşdür. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, həqiqətən onun tərəfindən iddiaçıya ailə qurarkən qızıl-zinət əşyaları hədiyyə olunmuş və ayrıldıqdan sonra həmin qızılları iddiaçıya verməmişdir. Eyni zamanda iddiaçının tələb etdiyi qızılların dəyəri və çəkisi onun hədiyyə etdiyi qızıllarla eynilik təşkil etməyərək, həqiqəti əks etdirmir. O, həmin qızılları ailəli olan vaxtı lombarda borc qarşılığında girov qoymuş, daha sonra iddiaçıdan ayrıldıqdan sonra atası tərəfindən onun lombarda olan borcu ödənilərək, sözügedən qızıllar girovdan azad edilmiş və atası həmin qızıllar satılaraq, əldə olunan vəsait hesabına başqa borcları bağlamışdır. O, qızılların əvəzində iddiaçıya 3000 manat ödəyə bilər. İddiaçının qızıllara qoyduğu qiymətlə razı deyildir, çünki qızıllarda brilliant qaşları olmamışdır, iddiaçının qoyduğu qiymətlər həddən çox şişirdilmiş qiymətlərdir. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(045)- 55/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh 500 əyarlı qızıldan hazırlanmış 6 karat brilliant qaşlı, 12,93 qram qolbağ, üzük, sırğa dəsti, 500 əyarlı qızıldan hazırlanmış 20,32 qram boyunbağı (yoluçka), 500 əyarlı qızıldan hazırlanmış 1 karat brilliant qaşlı 4 qram üzük, olmadıqda isə onların ümumi dəyəri - 1524 manat məbləğində pul, ödənilmiş 20,75 manat məbləğində dövlət rüsumu, 25 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqı və 30 manat məbləğində mediasiya xərcinin əvəzinin alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan – 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 12,50 manat hissəsinin Cavabdeh, qalan 37,50 manat hissəsi nin isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2019-ci il taixdə faktiki nikaha girmiş, bundan sonra iddiaçı cavabdehin yaşadığı Goranboy rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman ona iddia tələbində göstərilən qızıllar hədiyyə olunmuşdur. Yaşadığı müddət ərzində qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı daha sonra ər evindən ayrılaraq atası evinə getmiş və gedərkən qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. İddiaçı hazırda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tələb edir. Cavabdeh iddia tələbində tələb olunan qızıl-zinət əşyalarının mövcudluğunu, iddiaçıya məxsus olmasını və iddiaçıdan ayrıldıqdan sonra satdığını mübahisələndirməmiş və inkar etməmişdir. Odur ki, qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Lakin tələb edilən qızılzinət əşyaların dəyərinin müəyyən edilməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halı olan qızıl-zinət əşyalarının dəyəri hissəsində qeyd etmişdir ki, iddiaçı tələb edilən qızıl-zinət əşyalarının dəyəri ilə bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim etməmişdir. Halbuki sübutetmə yükü də qanunla iddiaçının üzərinə düşür. İddiaçı tələbdə göstərilən qızıl-zinət əşyalarının dəyərini 6100 manat məbləğində qeyd etsə də bu halları məhkəmə iclasında sübut edə bilməmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 3-16- 16/1-10/5630 nömrəli rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-i, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddiaçıya hədiyyə edilmiş və ona məxsus olan qızıl-zinət əşyalarının iş materiallarına əlavə edilmiş mülki işdə olan fotoşəkillərlə, Gəncə univermağının qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisinin imzası və möhürü ilə təsdiq edilmiş rəyi ilə qızıl-zinət əşyalarının hazırki dövrdə orta bazar qiymətinin nə qədər təşkil etməsini ekspert qarşısında sual qoymaq əvəzinə, cavabdehin ziddiyyətli izahatına, mötəbər olmayan bütün xüsusiyyətləri ilə tam şübhə doğuran təhvil-təslim aktında göstərilən qızıl-zinət əşyalarına məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, nəticədə xx.xx.2024-cü il tarixli, 9/9249 nömrəli ekspert rəyi ilə iddiaçı qızıl-zinət əşyalarından və onların tam, dəqiq dəyərindən məhrum olmuşdur. Məhkəmə yaranmış mübahisəni həll edərkən iddiaçının məhkəməyə təqdim etdiyi sübutları qanuna uyğun qiymətləndirməmiş, iş üzrə mübahisə cavabdehdə olan iddiaçıya məxsus qızıl-zinət əşyalarının qaytarılması obyektiv həllini tapmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktının qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehdən tələb etdiyi qızıl-zinət əşyaları ailə qurarkən ona hədiyyə kimi verilmişdir və iddiaçıya məxsusdur. İddiaçı həmçinin bildirir ki, həmin əşyalar cavabdehdə qalmışdır. Cavabdeh onları özündə qanunsuz saxlayır. Buna görə də həmin əşyalar və ya onların dəyəri cavabdehdən alınaraq ona verilməlidir. İddiaçı həmin əşyaların mövcudluğunu təsdiq edən fotoşəkilləri, dəyərini isə müəyyən edən “Gəncə Univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisinin rəyini məhkəməyə təqdim etmişdir. İşə Rayon Məhkəməsində baxılan zaman, cavabdeh iddia tələbini qismən qəbul edərək qızıl-zinət əşyalarının mövcudluğunu, iddiaçıya məxsus olmasını və iddiaçıda olmadığını mübahisələndirməmişdir. Cavabdeh qızılların iddiaçıya verilmədiyini bildirərək, yalnız bir halı mübahisələndirmişdir- tələb olunan əşyaların qiymətinin iddia ərizəsində göstərilən qiymətlərdən aşağı olması. Birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göstərilən qızıl-zinət əşyalarının mövcud olmaqla iddiaçıya məxsus olması iş materialları ilə sübuta yetirilsə də, həmin əşyaların dəyərinin məhz iddiaçının göstərdiyi kimi olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Rayon Məhkəməsi isə öz növbəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2024-cü il tarixli, 9/9249 nömrəli rəyini mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbində iddiaçıya məxsus 3 adda(qolbağ, üzük və sırğa dəstindən ibarət dəst, sep(yoluçka) və üzük) qızıl-zinət əşyası mübahisələndirilsə də, yuxarıda qeyd olunan ekspert rəyində həmin qızıllardan yalnız birinin, 500 əyarlı qızıldan hazırlanmış yoluçka sepin dəyəri(1524 manat) müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 3 adda qızıl əşyasının cavabdehdən tutulmasını qət etsə də, həmin əşyaların hər birinin ayrı-ayrılıqda dəyərini müəyyən etməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. 16 dekabr 2024-cü il tarixli, 9/9249 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus üç adda qızıl-zinət əşyasının, 750 əyyarlı (İtaliya) qızıldan hazırlanmış 6 karat brilliant qaşlı qolbağ, üzük, sırğa dəstinin, 583 əyyarlı (rus) qızıldan hazırlanmış boyunbağının (yoluçka) və 583 əyyarlı (rus) qızıldan hazırlanmış brilliant qaşlı 1 karat brilliant qaşlı üzüyün orta bazar dəyərinin müəyyən edilməsi ekspert qarşısında sual kimi qoyulsa da, ekspert yalnız bir əmlakın, 583 əyyarlı (rus) qızıldan hazırlanmış boyunbağının (20,32 qram) orta bazar dəyərinin 1524 manat olduğunu müəyyən etmiş, digər zərgərlik məmulatlarının üzərində olan dəyərli qaşların qiymətini müəyyən etmək üçün həmin qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də 750 əyyarlı (İtaliya) qızıldan hazırlanmış brilliant qaşlı 6 karat, qolbağ, üzük, sırğa dəstinin və 583 əyyarlı (rus) qızıldan hazırlanmış brilliant qaşlı 1 karat üzüyün qiymətləndirməsinin aparılması mümkün olmamışdır. Göründüyü kimi, ekspert tərəfindən yalnız 1 ədəd qızıl əşyasının dəyəri (583 əyyarlı (rus) qızıldan hazırlanmış boyunbağının) nəzəri qaydada real bazar qiyməti müəyyən edilsə də, digər əşyaların brilyant qaşlarının sayı, keyfiyyəti və s. müəyyən olunmadığı üçün əşyaların qiymətləndirilməsi aparılmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Gəncə Univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisinin rəyindən görünür ki, ekspert tərəfindən qiymətləndirilməsi mümkün ola bilməyən 750 əyyarlı (İtaliya) qızıldan hazırlanmış 6 karat brilliant qaşlı qolbağ, üzük, sırğa dəsti, çəkisi 18 qram-2700 (iki min yeddi yüz) manat, 583 əyyarlı (rus) qızıldan hazırlanmış 1 karat brilliant qaşlı üzük çəkisi 4 qram-500 (beş yüz) manat təşkil edir. Apellyasiya baxışnın məhkəmə iclasında cavabdeh iş materiallarında olan və onun tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “X1” MMC-nin xx.xx.2022-ci il tarixli “girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına” istinad edərək, iddiaçıya məxsus qızıl-zinət əşyalarının ümumi dəyərinin 1080 manat olduğunu və aktda qeyd olunan qızıl əşyaların məhz hazırki iş üzrə mübahisələndirilən qızıl əşyaları olduğunu bildirmişdir. Cavabdeh tərəfin qeyd olunan dəlili ilə bağlı Məhkəmə bildirir ki, MPM-nin 77.1-ci maddəsinin mənasına görə, sübutetmə yükü iddia edənin deyil, təkzib edənin üzərinə düşür. Yəni qızıl-zinət əşyalarının iddiaçı ilə birgə yaşadıqları dövrdə borc qarşılığında lombarda qoyduğunu bildirən cavabdeh tərəf, bu dəlillərini sübuta yetirməlidir. Lakin iş materiallarından görünür ki, cavabdeh dəlillərini təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişlər. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi “X1” MMC-nin xx.xx.2022-ci il tarixli aktı sübut kimi qəbul edilə bilməz. Çünki həm iddiaçı, həm cavabdeh apellyasiya baxışının məhkəmə iclasında verdikləri izahatlarında iddiaçının 2022-ci ilin may ayında evdən getdiyini bildirmiş, cavabdeh isə qızılları lombarda iddiaçı ilə birlikdə yaşadıqları zaman qoyduğunu bildirmişdir. Belə olan halda “X1” MMC-nin qiymətləndirmə ilə bağlı aktının xx.xx.2022-ci il tarixdə tərtib edilməsi cavabdehin bu barədə bildirdiklərini şübhə altına alır. Məhkəmə hesab edir ki, ekspert tərəfindən qiymətləndirilməsi mümkün ola bilməyən 750 əyyarlı (İtaliya) qızıldan hazırlanmış 6 karat brilliant qaşlı qolbağ, üzük, sırğa dəsti və 583 əyyarlı (rus) qızıldan hazırlanmış 1 karat brilliant qaşlı çəkisi 4 qram olan uzüyün qiymətləndirilməsi barədə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Gəncə Univermaq” qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisinin rəyi və 500 əyyarlı qızıldan hazırlanmış yoluçka sepin dəyərini müəyyən edən 16 dekabr 2024-cü il tarixli, 9/9249 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul olunmalı və iddiaçıya məxsus qızıl əşyaları həmin rəylərdə müəyyən edilən dəyərdə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə də işin halları kimi müəyyən edilir ki, iddiaçı və cavabdeh faktiki ayrıldıqdan sonra, iddiaçıya məxsus olan 2700 manat dəyərində 750 əyyarlı qızıldan hazırlanmış, 18 qram çəkidə, 6 karat brilliant qaşlı, qolbağ, üzük, sırğa dəsti, 1524 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış, 28 qram çəkidə boyunbağı (yoluçka), 500 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış, 4 qram çəkidə, 1 karat brilliant qaşlı üzük cavabdehin qanunsuz sahibliyində qalmışdır. Odur ki, həmin qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə iddia qismən təmin edilməlidir. Beləliklə də apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual huquq normalarının pouzlması ilə nəticələnən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Odur ki, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinə münasibətdə bildirir ki, iş materiallarındakı qəbzlərlə müəyyən olunur ki, hazırki iddia ərizəsinin verilməsi üçün iddiaçı 83 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 100 manat vəkil xidməti üçün pul ödəmişdir. MPM-nin 119-cu maddəsinə tələbinə əsasən, iddia ərizəsinin verilməsi üçünü ödənilmiş dövlət rüsumunun 67,24 manatı, hüquqi xidmətə görə ödənilmiş rüsumun 80 manatı, mediasıya üçün ödənilmiş rüsumun 40 manatı, ümumilikdə 187,24 manat məhkəmə xərci cavabehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat isə cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Goranboy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 2700 manat dəyərində 750 əyyarlı qızıldan hazırlanmış, 18 qram çəkidə, 6 karat brilliant qaşlı, qolbağ, üzük, sırğa dəsti, 1524 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış, 28 qram çəkidə boyunbağı (yoluçka), 500 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış, 4 qram çəkidə, 1 karat brilliant qaşlı üzük, həmin əmlaklar olmadıqda onların cəmi dəyəri 4724 manat pul tutularaq İddiaçı verilsin. Ümumilikdə 187,24 manat məhkəmə xərci Cavabdeh İddiaçı xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 50 manat isə Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar