Məhkəmə qərarları › İş №2(104)-1059/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1059/2025

19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1059/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) aliment tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) “aliment” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-69/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları: Bakı Şəhəi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2531/2020 nömrəli qətnaməsinə əsasən hazırki iş üzrə Cavabdeh ilə X5 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X4 anaları X2 yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment X2 xeyrinə tutulmuşdur. Bundan sonra cavabdeh İddiaçı nikaha girmiş və tərəflərin Birgə nikahlarından 15 dekabr 2021-ci il təvəllüdlü Cavabdeh və 11 yanvar 2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Faktiki olaraq cavabdehlə ayrılmışdır. Uşaqlar onun himayəsindədir. Hazırda uşaqların saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik üzrə böyük texnik vəzifəsində işləyir, aylıq vəzifə maaşı 2.627,78 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 dekabr 2021-ci il təvəllüdlü Cavabdeh və 11 yanvar 2023-cü il təvəllüdlü X1 üçün hər ay Cavabdeh qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X5 mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ailə quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 15 dekabr 2021-ci il təvəllüdlü Cavabdeh və 11 yanvar 2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Faktiki olaraq cavabdehlə ayrılmışdır. Uşaqlar onun himayəsindədir. Odur ki, onun himayəsində olan uşaqların saxlanması üçün alimentin müəyyən edilməsi həm hazırki, həm də gələcək inkişafı baxımından uşağın ən üstün mənafelərinə uyğundur. Qanunvericiliyin tələblərinə uyğun cavabdehdən uşaqların saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsində aliment tutulmalıdır. Borclu "xxxx" MMC-də elektrik üzrə böyük texnik vəzifəsində işləyir. Stabil qazancı var. Odur ki, tələbinin təmin olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-69/2025 nömrəli qətnaməsi ilə (hakim H.Mürsəlova) iddia qismən təmin edilmiş, Cavabdeh 05 sentyabr 2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki vəziyyətdə cavabdehin başqa nikahdan olan uşaqlarına aliment öhdəliyinin olmasını nəzərə alınmalıdır. Belə ki, eyni zamanda artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin digər uşaqları üçün gəlirlərinin 1/3 hissəsi həcmində aliment tutulmuşdur. Fərqli nikahlardan olsa belə, cavabdehin himayəsində dörd azyaşlı övladı vardır və aliment də müəyyən edilərkən məhz bu hal nəzərə alınmalı, aliment məbləği qazancının yarısı miqdarında müəyyən edilərək, hazırki iddia üzrə cavabdehdən iki uşağa görə iddiaçının xeyrinə hər ay aylıq qazancının (başqa gəlirinin) 1/6 hissəsi miqdarında müəyyənləşməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76,100-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-69/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri O, Ağstafa rayon məhkəməsinə müraciət edərək, himayəsində olan uşaqları 15 dekabr 2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün borclu Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulması barədə əmr verilməsini xahiş etmişdir. Ağstafa rayon məhkəməsinin 2(015)-1182/2024 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmiş və Cavabdeh 05 sentyabr 2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair əmr verilmişdir. Əmrdə müəyyən edilmiş prosessual müddət keçməklə bu əmrdən etiraz verilmiş və Ağstafa rayon məhkəməsi 30 sentyabr 2024-cü il tarixli qərardadla iddia icraatına keçmişdir. Ağstafa rayon məhkəməsində iddia icraatı üzrə iş hakim Zamiq Rəsulov tərəfindən baxılarkən onun başqa yerə hakim təyin edilməsilə əlaqədar olaraq iş hakim Natiq Abbasobun icraatına keçmiş və iclas təyin edilmişdir. Bundan sonra heç bir əsas göstərilmədən iş təqrirlə Ağstafa rayon məhkəməsinin hakimi Heyran Mürsəlovanın icraatına keçmişdir. Hakim tərəfindən əsassız olaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 işə cəlb edilmişdir. Hansı ki, tələbin onun uşaqları üçün aldığı alimentin azalmasına heç bir təsiri yoxdur. Belə ki, cavabdeh daimi olaraq işlədiyi iş yerindən kifayət qədər yüksək əmək haqqı almaqdadır. Bundan sonra məhkəmə tərəfindən heç bir araşdırma aparılmadan alimentlərə baxılması üçün müəyyən edilmiş prosessual müddət ötürülməklə 05 mart 2025-ci il tarixdə iddiaçının və uşaqlarının hüquqlarını kobud şəkildə pozan 2(015)-69/2025 nömrəli qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə heç bir araşdırma aparmadan və qətnaməsinin maddi hüquq normaları ilə əsaslandırmadan Cavabdeh 05 sentyabr 2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hansı ki, iddiaçınn himayəsində xəstə uşaqları vardır və bununla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə qətnaməsində bu kimi halların heç birinə qiymət vermədən qətnamə qəbul etmişdir. Bundan başqa cavabdeh tərəfindən alimentin müəyyən edilməsilə bağlı qarşılılı iddiası da olmamışdır. Buna baxmayaraq məhkəmə əsassız olaraq qətnaməsində açıq şəkildə cavabdehin aliment ödəməli olduğu uşaqları arasında diskriminasiyaya yol vermişdir. Digər uşaqları üçün cavabdehin hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment müəyyən edildiyi halda iddia tələbi üzrə qeyd edilən uşaqları üçün cavabdehin hər ay aylıq qazancının (başqa gəlirinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment müəyyən edilmiş və bu halı isə qüvvədə olan qətnamə vardır yazmaqla əsalandırmağa çalışmışdır. Hansı ki, cavabdehin əmək haqqısı ilə bağlı iş yerindən verilmiş cavab iş materiallarına əlavə edilmişdir. Həmin məktubada qeyd edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MK-450- 252 nömrəli məktubdan görünür ki, borclu həmin cəmiyyətdə elektirik üzrə böyük texnik vəzifəsində işləyir, aylıq vəzifə maaşı 2.627,78 manat təşkil edir. İddiaçının tələbində isə söhbət xəstə uşaq üçün müəyyən edilmiş alimentdən gedir və məhkəmə nədənsə bu alimentin məbləğini tələbdə müəyyən edilmiş həddən daha az müəyyən etmişdir. Bununla da cavabdehin aliment ödəməli olduğu digər uşaqlara münasibətdə kəskin fərqlə aliment müəyyən edilmişdir. Əgər məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3cü maddəsinin tələblərini əsas götürürsə o halda nə üçün birinci nikahdan doğulmuş iki uşaq üçün cavabdehin hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında, ikinci nikahdan olan iki uşağı üçün ( hətta biri xəstə olan) cavabdehin hər ay aylıq qazancının (başqa gəlirinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment müəyyən edilir? Məhkəmə ilk öncə tərəflərin maddi vəziyyətini, uşaqların ehtiyaclarını, sağlamlıq vəziyyətini və cavabdehin yüksək əmək haqqı almasını və eləcədə cavabdehin daimi işində başqa sahibkarlıqla məşğul olub-olmamasını araşdırmamışdır. Digər uşaqlarına münasibətdə aliment tələb edilən bu uşaqlarının hüquqlarını məhdudlaşdırmışdır. Hansı ki, cavabdeh tərəfində alimentin məbləğinin iddiaya münasibətdə tutulmalı olan alimentin hər aylıq məbləğinin 1/6 hissədə müəyyən edilməsilə bağlı qarşılıqlı iddiası olmamışdır. Buna baxmayaraq məhkəmə əsassız olaraq iddianı qismən təmin etməklə cavabdehin hər ay aylıq qazancının (başqa gəlirinin)1/6 hissəsində aliment müəyyən etmişdir. Hansı ki, cavabdehin məhkəməyə təqdim etdiyi etirazında belə hər iki nikahdan olan uşaqlar üçün müəyyən edilən alimentin məbləğinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3-cü maddəsində qeyd ediləndən artıq olmamasınını qeyd etmişdir. Məhkəmə isə cavabdehin birinci nikahdan olan iki uşaq üçün 1/3 hissədə və ikinci nikahdan olan iki uşağı üçünsə 1/6 hissədə alimentin müəyyən edilməsilə razılaşmışdır. Məhkəmə tərəfindən cavabdehə münasibətdə alimentin hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında müəyyən ediləcəyi halda onun hansı hüquqlarını pozacağını sübut etməmişdir. Hansı ki, iş materiallarında olan sübutlardan görünür ki, cavabdeh kifayət qədər yüksək əmək haqqı alır və hətta o vergi ödəyicisi kimi də qeydiyyatdadır. Digər hal kimi məhkəmə qətnaməsini onunla əsaslandırmağa çalışırdı ki, ailə qanunvericiliyi aliment almaq hüququ olan uşaqların sayından asılı olaraq aliment ödəməli olan şəxsin gəlirlərindən tutulması mümkün olan alimentin yuxarı həddini müəyyən etmişdir. Belə tutmanın son həddi isə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısıdır. Uşaqların sayına görə aliment ödəməli olan şəxsdən tutulan alimentin həcminin yuxarı həddinin müəyyən edilməsində qanunvericinin məqsədi aliment almaq hüququna malik olan şəxslərin mənafeləri ilə aliment ödəmək vəzifəsi olan valideynin qanuni maraqları arasında ədalətli tarazlığa nail olmaqdır. Məhkəmə belə bir əsaslandırma qeyd etsədə qəbul etdiyi qətnamədə cavabdehin başqa nikahlarından doğulmuş uşaqlar arasında açıq şəkildə diskriminasıyaya yol vermişdir. Ancaq məhkəmə bu normalı yalnız bir nikahdan olan uşaqlara münasibətdə tətbiq etmişdir. Bununla da kobud qanun pozuntusuna yol vermişdir. Hansı ki, hər bir nikahdan olan uşaqlar üçün cavabdehin ayrılıqda hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin müəyyən edilməsi onun hüquqlarını pozmur və cavabdehin hər ay aylıq qazancının (başqa gəlirinin) yüksək olması onun üçün heç bir problem yaratmır. Ancaq iddiaçının himayəsində olan xəstə uşağının saxlanması üçün problemlər yaradır. Məhkəmə iş üzrə qətnaməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsi cəlb etsə də nəticədə iddiaçının tələbinə müəasibətdə qanunsuz qərar qəbul etmişdir. Məhkəmə qətnaməsində araşdırılan sübutlar üzrə hər bir nikahdan olan uşaqlar üçün cavabdehin hər ay aylıq qazancının (başqa gəlirinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin müəyyən edilməsi onun hüquqlarını pozmadığı müəyyən edildiyi halda qarşılıqlı iddia tələbi olmadan məhkəmə iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Hansı ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən bu kimi tələblərə aliment ödəyən tərəfin iddia tələbi ilə baxılıb münasibət bildirilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ona qarşı verilmiş apellyasiya şikayətinə öz etirazını bildirirməkdə haqlıdır. Ağstafa rayon Məhkəməsinin 2(015)-1182/2024-saylı məhkəmə əmri ilə aylıq qazancının 1/3 hisəsində tutulması qət edilmişdir. Həmin icraatdan əsaslı olaraq şikayət verməkdə haqlı olmuşdur. Ona görə ki, aylıq qazancının və başqa gəlirlərinin yarısı tutulmalı olduğu halda əmək haqqımın əsassız olaraq hər iki məhkəmə tərəfindən 2/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Amma məhkəmə əmrindən verilən şikayətlə iş iddia icraatına keçmiş və sözü gedən qətnamə ilə aylıq əmək haqqımın 1/6 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Bundan əvvəl onların ailə problemləri olmadığı üçün o, Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə 1/3 hissədə aliment tutulması onun aylıq əmək haqqının yarısını keçmədiyi üçün şikayət verməmişdir. Amma hazırda bununla yanaşı həmin 1/3 bir hissədən də şikayət verəcəkdir. Halbuki, Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarı hissəsi miqdarında aliment tutulur. Belə olan halda 3 və daha artıq uşağın saxlanılması üçün qazancın 1/2 ( yarı hissəsində) yəni 50% məbləğində tutula bilər. Çünki, hər iki qərarla onun əmək haqqının yarı hissəsindən yox, yarı hissəsini keçməklə yəni 66,6% hissəsindən 4 uşağa görə aliment tutulur. Bu isə birbaşa Ailə Məcəlləsinin 76.1.3cü maddəsinə ziddir. Ağstafa rayon Məhkəməsinin 2(015)-69/2025-saylı qətnaməsinin dəyişdirlmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarsını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, onun əvvəlki nikahdan iki övladı var və əmək haqqının üçdə bir hissəsi aliment üçün tutulur. Hazırki nikahdan olan uşaqları üçün aliment tutulacağı təqdirdə əmək haqqının üçdə ikisi tutulmuş olacaqdır ki, bu da Ailə Məcəlləsinə ziddir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı və üçüncü şəxsə (elektron kabinetnəli vasitəsi ilə) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə -qazancın (başqa gəlirlərin) yarısı. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. BMT-nin “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannaməsi 6-cı prinsipdə qeyd edilir ki, “...Uşaq ana və atasının baxımı və məsuliyyəti altında hər vəziyyətdə sevgi və təhlükəsizlik şəraitində böyüməlidir. Kiçik yaşlarda uşağı anasından ayırmamaq üçün bütün imkanlardan istifadə edilməlidir...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. qətnaməni dəyişdirə bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni təmin edilməyən hissədə mübahisələndirir və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə qətnamənin əsaslılığı rədd olunaraq iddiaçı tərəfindən mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da alimetin cavabdehin əmək haqqına və ya gəlirinə nisbəti hissəsində düzgün nəticəyə gəlməmişdir. Bu halda birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulmalı olan qazancın hissəsinə münasibətdə dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh iş üzrə üçüncü şəxslə xx.xx.2013-cü il tarixdə nikaha girmiş və onun həmin nikahdan iki uşağı doğulmuşdur. Cavabdehlə üçüncü şəxs arasında olan nikah Bakı Şəhəi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-2531/2020 nömrəli qətnaməsinə əsasən pozulmuş, həmin nikahdan olan iki uşaq üçüncü şəxsin yanında saxlanmış və cavabdehin qazancının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində aliment üçüncü şəxsin xeyrinə tutulmuşdur. Bundan sonra cavabdeh İddiaçı nikaha girmiş və tərəflərin Birgə nikahlarından 15 dekabr 2021-ci il təvəllüdlü Cavabdeh və 11 yanvar 2023-cü il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı ilə cavabdeh faktiki olaraq ayrılmış və hazırki nikahdan doğulmuş iki uşaq iddiaçının yanındadır. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik üzrə böyük texnik vəzifəsində işləyir, aylıq vəzifə maaşı 2.627,78 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən əsaslı hesab edərək uşaqların saxlanması üçün cavabdehin gəlirinin 1/6 hissəsi alimentin tutulmasını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulmalıdır. Qeyd olunmalıdır ki, cavabdeh ilk və hazırki nikahından 4 uşağı vardır və belə olan halda onun əmək haqqı və digər gəlirlərinin yalnız yarısı tutula bilər və hər nikahdan olan uşaqlar eyni məbləğdə aliment almaq hüquqna malikdirlər. Hazırki halda birinci nikahdan olan uşaqlara qazancın 1/3 hissəsi, hazırki nikahdan doğulmuş uşaqlara görə isə qazancın 1/6 hissəsinin tutulması ikinci nikahdan olan uşaqların hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, hər bir uşağın valideynlərindən eyni məbləğdə təminat almaq hüquqları vardır ki, birinci instansiyası məhkəməsi hazırki iş üzrə uşqları daha aşağı məbləğdə təmin edən aliment məbləğinin müəyyən edilməsində olan mövqeyi qanuni olmamışdır. Beləliklə Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tələblərindən çıxış edən məhkəmə hesab edir ki, cavabdehin qazancının ən coxu yarısı tutula biləcəyindən hər nikahdan olan uşaqaların qazacın ¼ hissəsi üzrə aliment almaq hüquqları vardır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdehin gəlirinin hissəsinə münasibətdə dəyişdirilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, cavabdehin qazancı 2.627,78 manatdır. İddiaçı qazancın 1/3 hissəsini tələb etdiyi zaman ona çatası aliment məbləği 875,72 manat (2.627,78 manat / 3 hissəyə = 875,72) təşkil edəcəkdir. Məhkəmə tərəfindən təmin edilən alimentin məbləği isə 656,94 manat (2.627,78 manat / 4 hissəyə = 656,94) təşkil edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ 218,78 manat (875,72 - 656,94 = 218,78) təşkil edir ki, 218,78 manatın 1 illik məbləği 5000 manatdan azdır. Cavabdehə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh ondan qazancının 1/6 hissəsi üzrə tutulmuş məbləğlə razıdır. Qazancının 1/6 hissəsi 437,96 manat (2.627,78 manat / 6 hissəyə = 437,96) təşkil edir. Qazancın 1/4 hissəsi isə 656,94 manatdır. Belə olan halda cavabdeh tərəfindən münahisələndirilən məbləğ 218,98 manat (656,94 – 437,96 = 218,98) təşkil edir ki, 218,98 manatın 1 illik məbləği 5000 manatdan azdır. Üçüncü şəxsə münasibətdə isə qeyd edilməlidir ki, hazırki məhkəmə aktı ilə onun hüquq və maraqlarına müdaxilə olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-69/2025 nömrəli qətnaməsi “hər ay aylıq qazancının (başqa gəlirinin) 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutulması” hissədə dəyişdirilsin. Cavabdeh 05 sentyabr 2024-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar