Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1080/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Nümayəndə1, cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-582/2023 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı hər ay 210 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-582/2023 saylı qətnaməsi ilə (sədrlik edən C.Quliyev) İddiaçı cavabdeh X4 qarşı hər ay 210 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin tutulması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-582/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun X5 ilə birgə nikahından xx.xx.1997-ci il təvəllüdlü X8 və xx.xx.1998-ci il təvəllüdlü X9 doğulmuşdur. Onun 61 yaşı var və ümumi xəstəlikdən əziyyət çəkir. Xəstə olduğu üçün səhhəti işləməsinə imkan vermir. Eyni zamanda pensiya yaşına çatmadığı üçün pensiya almır. Onun qızı X9 İ qrup əlil olduğu üçün onu məhkəməyə verərək, ondan özünün saxlanması üçün aliment təyin etdirmişdir. Həmin alimenti də o, qohum-əqrabanın və qonşuların köməyi ilə ödəyir. Hesab edir ki, onun əlillik dərəcəsi olmasa da, xəstəlikləri ilə bağlı təqdim etdiyi sənədlər onun əmək qabiliyyətinin olmaması anlamına gəlir. İş üzrə cavabdeh X4 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasının iclasında nümayəndəsi və vəkili Nümayəndə2 ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, əvvəllər Rusiya Federasiyanda işləmiş və 2019-cu ildə isə infarkt keçirtdikdən sonra Azərbaycana qayıtmışdır. Öz evini 2016-cı ildə satmış və hazırda bacısına məxsus evdə yaşayır. Qızı Zülfiyyə isə evlidir, himayəsində iki uşağı var və heç bir yerdə işləmir. Bununla belə, cavabdeh X8 ona aliment verməlidir. Ona görə də,apellyasiya şikayətinin təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-582/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-582/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı əmək qabiliyyətli şəxs olmaqla, məşğulluq mərkəzində qeydiyyata alınmışdır. Həmçinin iddiaçı səhhəti ilə əlaqədar işləyə bilmədiyini bildirsə də, onun heç bir əlillyi yoxdur. Cavabdeh işləmir, himayəsində iki azyaşlı uşağı və birinci qrup əlil olan xəstə bacısı var. Məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-582/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-582/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 24 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Onkoloji Xəstəxanası tərəfindən verilmiş «Baş beynin nativ KT müayinə protokolu»nun surətindən görünür ki, baş beyin yarımkürəsində sağ periventrkulyar nahiyədə xarici kapsulda ölçüsü 0.9 x 0.6 sm olan hipodens ocaq aşkar edilir – infarkt ocağı. Yarımkürənin digər nahiyələrində, beynicikdə, beyin kötüyü strukturlarında KT olaraq kobud patalogiya izlənilmir. 25 iyun 2019-cu il tarixli Gəncə şəhər Səhiyyə İdarəsi Akad.Z.Məmmədov adına TTYX ultrarsəs müayinə nəticələrindən görünür ki, İddiaçı İİ dərəcə hepatoz, xr pankreatit ekoəlamətləri müşahidə edilir. İşdə olan 27 iyun 2019-cu il tarixli Gəncə şəhəri 3 saylı şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı qoyulmuş diaqnoz keçirilmiş baş-beyin qan-dövranı pozulmasının işemik insultun davamlı qalıq əlamətləri, sol tərəfli hemiparezdir. 03 may 2021-ci il tarixli 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. 14 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Onkoloji Xəstəxanası tərəfindən verilmiş «beş beynin nativ KY müayinə protokolu»ndan görünür ki, İddiaçı baş beyin yarımkürəsində hər iki periventrikulyar nahiyədə beyin ağ maddəsinin hipodensliyi artmışdır. Stasionar xəstənin tibbi kartasından 25 oktyabr 2022-ci il tarixli çıxarışından görünür ki, İddiaçı qoyulmuş diaqnoz beyin infarktı, baş beyin qan dövranının işemik tip pozulması, İİ mərhələdə hipertoniya xəstəliyidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 haqqında 01 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı 23 aprel 2020-ci il tarixdə X13 Mərkəzində işaxtaran kimi qeydiyyata düşmüşdür. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X8 xx xxxxxx 1997-ci ildə anadan olmuşdur, atası İddiaçı, anası X3r. Gəncə Apellyasiya Məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(104)- 3150/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1641/2019 saylı mülki iş üzrə 01 may 2019-cu il tarixli qətnaməsi qismən, iddianın qismən təmin edilmiş alimentin məbləğinin 150 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, 29 oktyabr 1998-ci ildə anadan olmuş X1 üçün İddiaçı tutulmalı olan aylıq aliment hər ay 90 manat sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə görə, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, «əmək qabiliyyəti olmayan» müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir . ««Əlilliyin qiymətləndirilməsi Qaydası»nın təsdiq edilməsi və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2022-ci il tarixli 191 nömrəli Qərarının 1.9-cu bəndində göstərilir ki, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi valideynin maddi yardıma ehtiyacının olduğu və əmək qabiliyyətinin isə olmadığı halda yaranır. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, valideynin təkcə əmək qabiliyyətinin olmaması uşaqdan aliment almaq üçün əsas deyildir. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, valideyn əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması övladlardan aliment tələb etməyə əsas vermir. Beləliklə, valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı müəyyən edildikdə, övladlardan aliment tutula bilər. Şəxsin əmək qabiliyyətinin olmaması dedikdə isə onun əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi andan şəxs əlil hesab edilir Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmadığından, onun əmək qabiliyyətini itirməsinə, yaxud əmək qabiliyyətinin olmamasına barədə Ailə Məcəlləsinin 82.1-ci maddəsində nəzərdə tutulmuş birinci şərt (İ şərt- əmək qabiliyyətli olmaması; İİ şərt - maddi yardıma ehtiyacının olması) ödənilmədiyi üçün iddia tələbi əsaslı hesab edilə bilməz. Digər tərəfdən, qanunvericiliyin tələblərindən göründüyü kimi, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Yəni, hazırkı işdə iddiaçının övladlarından aliment tələb etməsi üçün onun əmək qabiliyyətinə malik olmaması və maddi yardıma ehtiyacının olması əsas şərtdir, bununla yanaşı yetkinlik yaşına çatmış övladların da aliment ödəmək üçün zəruri vəsaitə malik olması gərəkdir. Hazırkı işdə isə iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı ilə cavabdehin aliment ödəmək üçün zəruri vəsaitə malik olmaları barədə sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Hətta iddiaçının izahatı ilə cavabdehin işləmədiyi müəyyən olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-582/2023 saylı qətnaməsi dəyişdirilmədən saxanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-582/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1080/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1080/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver