Məhkəmə qərarları › İş №2(104)-1095/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1095/2025

06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1095/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına dair məsələyə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-869/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon Məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Kür qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 769 nömrəli arayışdan görünür ki, Əliyeva X1 rayonu, Çobankənd kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Həmçinin cavabdeh xarici ölkənin vətəndaşı olduğundan və müvəqqəti yaşayış yeri olmadığından məhkəmə hesab etmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman iddiaçının qeydiyyat ünvanı Gədəbəy rayonu ərazisində yerləşdiyindən və iddia ərizəsinə baxılan zaman qeydiyyatını Şəmkir rayonuna dəyişdiyindən, hazırki mülki iş ərazi aidiyyəti qaydalarına uyğun olaraq baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(042)-697/2025 nömrəli qərardadı ilə mübahisəyə baxılmasının ərazi aidiyyəti mübahisələndirimiş və İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iş ərazi aiddiyyatının müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatlar üzrə müəyyən edilmişdir ki, İddiaçı Şəmkir rayonu, Kür Qəsəbəsi ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd etmişdir ki, “rəsmi qeydə alınan yer” və “şəxsin yaşadığı yer” anlayışları müxtəlif anlayışlardır. Doğrudur ki, şəxsin rəsmi qeydə alındığı yer dedikdə onun şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu ünvan başa düşülür. Şəxsin yaşayış yeri dedikdə isə onun faktik yaşadığı yer başa düşülür. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Bu halda iddiaçının yaşayış yeri Şəmki rayonu, Kür qəsəbəsi hesab edilir və onun aliment tələbinə dair iddiası Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsinin tələbləri baxımından Şəmkir Rayon Məhkəməsinin səlahiyyətlərinə aid olmuş olur. Məhkəmə qeyd etmişdir ki, qanunun özündə yaratdığı bu prizma şəxsin məhkəməyə əlçatanlıq prinsipindən qaynaqlanır. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) tərəflər arasındakı mübahisənin predmetini və onların yaşayış yerlərini nəzərə alıb aşağıdakılara əsasən hesab edir ki, hazırkı mübahisəyə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 33-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Kür Qəsəbəsi ünvanında qeydiyyatdadır və ona şəxsiyyət vəsiqəsi xx.xx.2020-ci il tarixdə verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının Gədəbəy rayonu ərazisində qeydiyyatda olmasına dair iş materiallarında mötəbər sübut mövcud deyildir. İş materiallarında əlavə edilmiş Şəmkir RİHB Kür qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa münasibətdə qeyd edilməlidir ki, icra nümayəndəliyi şəxsin qeydiyyatı barədə məlumatı olan inzibati orqan deyildir. Bu baxımdan sonuncunun arayışı mötəbər sübut deyildir. İlk növbədə qeyd edilməlidir ki, “Yaşayış yeri” məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırkı iş üzrə iddianın predmeti uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulmasındən ibarətdir. Mülki Prosessual qanunvericiliyin iddiaçının seçməsinə görə aidiyyət qaydalarından bəhs edən 36.3-cü maddəsinə görə, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 36.13-cü maddəsinə görə, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Hazırki tələb üzrə iddiaçının yaşadığı yerə görə iddia ilə müraciət edilməsi məhkəməyə əlçatımlılıq prinsipinin təzahürüdür ki, iddiaçının Şəmkir rayonu ərazisində yaşaması və qeydiyyatda olması işin mübahisəsiz halıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə əlçatanlığı və işin iddiaçının iştirakı ilə daha tez baxılması məqsədi ilə iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının; işlərə ağılabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin; ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Məhz bu baxımdan məhkəmə aidiyyəti mülki prosessual qanunvericilikdə dəqiq müəyyən edilmiş və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün tam aydın olaraq göstərilmişdir. Şərh olunanlara əsasən Mülki Prosessual Məcəlləsinin 33-34, 36, 45.4, 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar