Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1103/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi (vəkil) X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2169/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2169/2023 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın təmin edilməsi, İddiaçı Goranboy rayonunun, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən 78.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkil) X15 apellyasiya şikayəti verərək Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(053)-476/2023 saylı qətnaməsini ləğv edirək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, Goranboy rayonunun, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən 78.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə onun köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy rayonu Yolqulular kəndində yerləşən 78,50 kv.m fərdi yaşayış evinin (29.1 kv.m və 25.8 kv.m yaşayış otaqları, 18.3 kv.m ümumi otaq, 5.3 kv.m giriş otağı) və 0.1998 ha həyətyanı torpaq sahəsinin vərəsəlik qaydasında X2 - torpaq sahəsi 4/28 hissə, X10 - torpaq sahəsi 4/28 hissə, X16 - torpaq sahəsi 4/28 hissə, X4 - torpaq sahəsi 4/28 hissə, fərdi yaşayış evinin 45/64 hissəsi, torpaq sahəsinin 7/28 hissəsi İddiaçı, fərdi yaşayış evinin 15/64 hissəsi, torpaq sahəsinin 1/28 hissəsi X8, fərdi yaşayış evinin 4/64 hissəsi, torpaq sahəsinin 4/28 hissəsi Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 əlavə edilir. Cavabdeh yaşayış evinin özünə düşən hissəsi ilə kifayətlənməyərək, mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsini tutaraq onu fərdi yaşayış sahəsindən mülkiyyətçi kimi istifadə etməyinə maneə olur və imkan vermir. Cavabdeh qanunsuz və əsassız olaraq onu mülkiyyətində olan yaşayış sahəsinə buraxmır, onu ümumi birgə əmlakdan - yaşayış evindən məhrum etmiş, həmin yaşayış evində yaşamağa imkan verməmiş, onun mənzil hüququnu kobud şəkildə, qanunsuz olaraq pozmuşdur. Cavabdeh yuxarıda qeyd edilən qadağanedici normaları pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir, Konstitusiyanın göstərilən normalarının, qanun pozuntusunun nəticələri aradan qaldırılması və onun, uşaqlarının, ailəsinin məhrum edildiyi evə köçürülməyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi (vəkil) X15 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin ev dair tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Lakin məhkəmənin istinad etdiyi çıxarışın hansı qaydada əldə edilməsi məlum deyildir. Həmin əmlaka dair onun tam mülkiyyət hüququ ilə məxsus çıxarış mövcuddur. Hazırda iddianın əsasını təşkil edən, istinad edilən çıxarışın ona məxsus olan çıxarış ləğv edilmədən hansı qaydada əldə edilməsi məlum deyildir. Bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Bu hal isə cavabdehin konstitusion mülkiyyət hüquqlarının pozuntusuna, dolayısı ilə maddi hüquq normalarının pozuntusuna gətirib çıxarır. Məhkəmə tərəfindən işin hərtərəfli, tam, obyektiv araşdırılması aparılmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkil) X15 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək həmin şikayətin təmin edilmədən şikayətlə mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Goranboy rayon Yolqulular kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 854451 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2017-ci ildə “böyrək çatışmamazlığı” səbəbindən ölmüşdür; İş materiallarında olan Goranboy rayon Vətəndaşlıq aktlarının dövlət qeydiyyat orqanı tərəfindən verilmiş AZ seriyalı 047562 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 dekabr 2000-ci ildə “ürək infarktı” səbəbindən ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Goranboy rayon notariusu tərəfindən xx.xx.2016-cı ildə təsdiq edilən və reyestrdə 293 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2017-ci ildə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Goranboy rayonu, Yolqulular kəndində qeydiyyatda olan İddiaçıdur və o Miras paydan ¾ hissədə pay almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Goranboy rayonu, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən 78.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilmiş, həmin evin yerləşdiyi torpaq sahəsinə X1 pay hüququ 4/28 hissədə, X9 pay hüququ 4/28 hissədə, X13 pay hüququ 4/28 hissədə, X3 pay hüququ 4/28 hissədə, İddiaçı fərdi yaşayiş evinə pay hüququ 45/64 hissədə, torpaq sahəsinə isə 7/28 hissədə, X8 fərdi yaşayış evinə pay hüququ 15/64 hissədə, torpaq sahəsinə isə 1/28 hissədə, Cavabdeh fərdi yaşayış evinə pay hüququ 4/64 hissədə, torpaq sahəsinə isə 4/28 hissədə müəyyən olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Goranboy rayonu, Yolqulular kəndində 0,1023 ha həyətyanı torpaq sahəsində yerləşən 78.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinə həmin çıxarışların verilməsinə əsas olmuş sənədlər tələb olunmuş və müəyyən olunmuşdur ki, Goranboy Rayon Məhkəməsinin 2-12/2005-ci il tarixli xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X18 mərhum anası X3 vərəsəsi olmaqla onun X11 məxsus olan Goranboy rayonu, Yolqulular kəndində yerləşən iki yaşayış otağından və köməkçi sahədən ibarət olan evin 1/16 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Beləliklə də məhkəmə iclasında müəyyən olunmuşdur ki, Goranboy rayonu Yolqulular kəndində yerləşən 78,50 kv.m fərdi yaşayış evinin (29.1 kv.m və 25.8 kv.m yaşayış otaqları, 18.3 kv.m ümumi otaq, 5.3 kv.m giriş otağı) və 0.1998 ha həyətyanı torpaq sahəsinin vərəsəlik qaydasında X2 - torpaq sahəsi 4/28 hissə, X10 - torpaq sahəsi 4/28 hissə, X16 - torpaq sahəsi 4/28 hissə, X4 - torpaq sahəsi 4/28 hissə, fərdi yaşayış evinin 45/64 hissəsi, torpaq sahəsinin 7/28 hissəsi İddiaçı, fərdi yaşayış evinin 15/64 hissəsi, torpaq sahəsinin 1/28 hissəsi X8, fərdi yaşayış evinin 4/64 hissəsi, torpaq sahəsinin 4/28 hissəsi Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 əlavə edilir. Cavabdeh yaşayış evinin özünə düşən hissəsi ilə kifayətlənməyərək, mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış sahəsini tutaraq onu fərdi yaşayış sahəsindən mülkiyyətçi kimi istifadə etməyinə maneə olur və imkan vermir. Cavabdeh qanunsuz və əsassız olaraq onu mülkiyyətində olan yaşayış sahəsinə buraxmır, onu ümumi birgə əmlakdan - yaşayış evindən məhrum etmiş, həmin yaşayış evində yaşamağa imkan verməmiş, onun mənzil hüququnu kobud şəkildə, qanunsuz olaraq pozmuşdur. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Goranboy rayonu, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 78,50 kv.m-dən ibarət olan mübahisəli fərdi yaşayış evinə digər payçılardan daha çox pay hüququna malik olsa da, həmin mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəblərə görə, yəni cavabdehin hərəkətlətinə görə sahibliklik və istifadə hüquqlarını həyata keçirə bilməmişdir. Halbuki, mənsub olduğu əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmalı, ondan istifadə etməli və ona dair sərəncam verməlidir ki, bu hüquqlar da dövlət tərəfindən tanınır və qorunur. Yəni, cavabdehin hərəkətləri mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarını məhdudlaşdıra bilməz. Odur ki, İddiaçı mübahisəli fərdi yaşayış evində digər mülkiyyətçi ilə bərabər yaşamaq ixtiyarına malikdir və o, qeyd edilən yaşayış sahəsindən hər hansı bir maneə olmadan istifadə etməli, iddiaçının normal yaşayış yeri və layiqli həyat şəraiti təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verǝrǝk hesab edir ki, iddia təmin edilməli, iddiaçı Məmmədov X19 rayonunun, Yolqulular kəndində 0,1998 ha həyətyanı torpaq sahəsində yerləşən 78.50 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə köçürülməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Beləliklə də, cavabdehin fərdi yaşayış evində digər mülkiyyətçi ilə bərabər yaşamaq hüququnun olması məhkəmə iclasında müəyyən edildiyindən kollegiya hesab edir ki, məhkəmə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-2169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1103/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1103/2024
28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver