Məhkəmə qərarları › İş №2(104)-1106/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1106/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1106/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın paylara mütənasib qaydada bölünməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara mütanasib qaydada bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(044)-1135/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev bina 70, mənzil 5 Kirovabad şəhəri 1 saylı notariat kontorunun xx.xx.1993-cü il tarixli, 2-1-29 saylı alqı-satqı müqaviləsinə əsasən X1 adına özəlləşmiş və ona xx.xx.1993-cü il tarixli, 7832 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 4 saylı notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-2-178 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh1 Rafik qızına satılmış və ona xx.xx.2004-cü il tarixli, 7832 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir;

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 70 saylı binada yerləşən 51,5 kv.m. sahəsi olan 5 saylı mənzil tam mülkiyyət hüququ üzrə 19 aprel 2019-cu il tarixdə Maraqlı şəxs1 adına ********** nömrə ilə qeydə alınmışdır.

3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2022-ci il tarxli 2(104)-2708/2022 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin 01 avqust 2022-ci il tarixli 2(125)-265/2022 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Maraqlı şəxs1 qarşı “daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız sayılması və həmin müqavilə əsasında Maraqlı şəxs1 adına verilən xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin 15 noyabr 2022-ci il tarxli 2(104)-2708/2022 nömrəli qətnaməsi ilə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 70 saylı binanın 5 nömrəli mənzilin ər-arvadın birgə mülkiyyəti hesab edilməsi və mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə cavabdehin payının tanınması, Cavabdeh1 ilə birgə nikah müddətində "xxxx" KB ASC ilə onun arasında ğlanan müqavilə üzrə yaranmış 5227, 10 ABŞ dolları borcun, 1/2 hissəsinin Cavabdeh1 tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsində icraat zamani İddiaçı1 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 70 saylı binanın 5 nömrəli mənzilin ərarvadın birgə mülkiyyəti hesab edilməsi və mənzilin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə cavabdehin payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı1 tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.1994-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, xx.xx.2018-ci il tarixdə isə nikahları pozulmuşdur. Birgə nikah dövündə Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti bina 70-də yerləşən 5 saylı mənzili alqı-satqı müqaviləsi əsasında almışlar. Mənzil DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarış əsasında cavabdehin adına qeydiyyata alınmışdır.

7. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(044)- 1135/2019 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddianın təmin edilməsi, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 70 saylı binanın 5 nömrəli mənzilin 1/2 hissəsi üzərində Cavabdeh1, 1/2 hissəsi üzərində İddiaçı1 payının müəyyən olunması; İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1 və 225.4-cü maddələrinə, həmçinin Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3 və 37.1-ci maddələrinə istinadən əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli mənzil əvvəl onun valideynlərinə məxsus olmuş, o onların yeganə övladı olduğuna görə anası 2004-cü ildə həmin mənzili bağışlama yolu ilə onun adına keçirdiyini bildirmişdir. İddiaçı ilə 2004-cü ildən qabaqda həmin evdə yaşamışlar.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiya məhkəməsində birinci icraat:

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2020-ci il tarixli 2(104)-1626/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(044)-1135/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

e) Kassasiya instansiyası məhkəməsində icraat:

13. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs1 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 fevral 2024cü il tarixli 2(102)-709/2024 nömrəli qərarı ilə üçüncü şəxs Maraqlı şəxs1 kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, 2(104)-1226/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

f) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 29 mart 2019-cu il tarixdə mübahisə predmeti olan mənzili Maraqlı şəxs1 satmışdır və mənzil hazırda həmin şəxsin mülkiyyətindədir. İddiaçı1 həmin mənzilin onun tərəfindən özgəninkiləşdirilməsinə etirazı olmaması barədə notarial qaydada ərizə vermişdir. İddiaçı mənzilin satılmış olduğunu bildiyi halda hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 izahatında bildirmişdir ki, İddiaçı1 mübahisə predmeti olan mənzilin satılmış olduğunu bildiyi halda hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Həmin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilsə də, lakin onun bu iddia tələbi rədd edilmiş və qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Mübahisə predmeti olan mənzil hazırda Maraqlı şəxs1 mülkiyyətindədir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

20. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

21. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir.

22. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.

33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 18 sentyabr 1994-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların nikahları 08 yanvar 2018-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Tərəflər birgə nikah dövründə 30 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Gəncə şəhəri Heydər Əliyev prospekti bina 70-də yerləşən 5 saylı mənzili əldə etmişlər və mənzil Cavabdeh1 adına qeydə alınmışdır. Həmin mənzil 29 mart 2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Maraqlı şəxs1 satılmış və bu alqı-satqı müqaviləsi əsasında da mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, İddiaçı1 sözügedən mənzilə dair Cavabdeh1 ilə Maraqlı şəxs1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvi barədə məhkəmədə iddia qaldırmış və məhkəmənin müvafiq qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Hazırkı işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin edərək mübahisə predmeti olan mənzil üzərində tərəflərin ½ hissədə paylarını müəyyən etmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. Mülki Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

36. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

37. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, ümumi əmlaka daxil olan predmetin (məsələn, avtomobilin) ərin (arvadın) bağladığı müqavilə əsasında üçüncü şəxsin adına qeydə alındığı halda ərin (arvadın) həmin müqavilənin etibarsız sayılması və (və ya) əşyanın ümumi mülkiyyətə qaytarılmaqla, bölünməsinə dair əqdin hər iki tərəfinə (sərəncam verən ərə (arvada) və əldə edən üçüncü şəxsə) qarşı iddia qaldırmaq hüququ vardır. Həmin şəxslərə qarşı göstərilən tələblərdən hər hansı birinin irəli sürülməsi iddiaya baxılması üçün kifayət edir. Belə ki, müqavilənin etibarsız sayılması barədə iddia qaldırıldıqda, etibarsızlığın nəticəsi (Mülki Məcəllənin 337.5-ci maddəsi) kimi üçüncü şəxsin adına olan reyestr qeydinə düzəliş edilməsi (Mülki Məcəllənin 141-ci maddəsi); etibarsız əqd əsasında verilmiş əşyanın qaytarılması tələbi (Mülki Məcəllənin 157.2-ci maddəsi) üzrə isə qeydin əsasında duran müqavilənin etibarlılığının yoxlanılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Sözügedən tələblərə baxılarkən əşyanın üçüncü şəxsin adına rəsmiləşməsinə əsas olmuş əqd etibarsız sayıldıqda müvafiq reyestr qeydi ləğv olunur və əşya ər-arvadın birgə əmlakı kimi bölünür.

38. İşin hallarından göründüyü kimi İddiaçı1 mübahisə predmeti olan mənzilə dair Cavabdeh1 ilə Maraqlı şəxs1 arasında bağlanmış 29 mart 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğvi barədə məhkəmədə iddia qaldırmış və müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, eləcə də, həmin qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq Çıxarışa əsasən, Gəncə şəhəri Heydər Əliyev prospekti 70 saylı binada yerləşən 51,5 kv.m. sahəsi olan 5 saylı mənzil tam mülkiyyət hüququ Maraqlı şəxs1 adına ********** nömrə ilə qeydə alınmışdır. Həmin çıxarış və onun verilməsinə əsas olan də hazırkı məqamda hüquqi qüvvədədir.

39. Beləliklə, işin qanuni qüvvədə olan məhkəmə aktı ilə də müəyyən edilən halına görə, mübahisəsi gedən mənzil 29 mart 2019-cu il tarixdə Maraqlı şəxs1 satıldıqdan sonra sonuncunun sahibliyinə və istifadəsinə verilmiş, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi isə təmin olunmamışdır.

40. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.

42. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

45. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli mənzil Maraqlı şəxs1 tərfindən Cavabdeh1 satın alındığından və hal-hazırda Maraqlı şəxs1 mülkiyyətində olmaqla onun tərəfindən sahiblik və istifadə edildiyindən, mənzildə payların müəyyən edilməsi barədə iddianın təmin edilməsi mümkün deyildir.

46. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(044)- 1135/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı1 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka mülkiyyət payının tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar