Məhkəmə qərarları › İş №2(104)-1138/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1138/2025

14.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1138/2025 14.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi(vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış kredit öhdəliyi üzrə ödənişlərin tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 06 mart 2025-cü il tаrixli qətnaməsindən Cavabdeh (bundan sonra- cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı (bundan sonra- iddiaçı) və cavabdeh 19 mart 2016-c il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ər-arvad olmuşlar və birgə nikahlarından 31 avqust 2016-cı il təvəllüdlü Kamil adlı uşaqları doğulmuşdur. Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri kredit müqaviləsi üzrə 50.000 manat pul vəsaitinin 1/2 hissəsinin, yəni 25.000 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X1 adlı övladları anadan olmuşdur. Bir müddət ər-arvad kimi normal münasibətlərdə yaşasalar da münasibətləri pisləşməyə başlamış və bu səbəbdən də Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-619/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh ilə rəsmi nikahda olan dövrdə "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan da göründüyü kimi həmin bankdan ümumilikdə 50.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğinə mal-qara almışdır ki, əldə edəcəyi qazancla ailə xərclərini ödəsin. Ancaq Vətən müharibəsi başladığından və yaşadıqları ərazi həmin vaxt ermənilərlə həmsərhəd olduğundan xeyli zərərə uğramışdır. Buna baxmayaraq kredit öhdəliyini yerinə yetirməkdə davam etmişdir. Cavabdeh ilə ayrıldıqdan sonra bankda adı qara siyahıya düşməməsi üçün borc-xərc edib və avtomobilləri satıb kredit öhdəliyini yerinə yetirmişdir. Hesab edir ki, birgə nikah dövründə əldə etdikləri kredit öhdəliyinin 1/2 hissəsi cavabdehdən alınaraq ona ödənilməlidir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş avtomobillərin cəmi dəyəri olaraq 68.500 manatın yarısı olan 34.250 manatın və 205 manat dövlət rüsumunun iddiaçıdan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh qarşılıqlı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bankdan götürdüyü kredit məbləği ilə atasına məxsus həyətdə böyük tövlə tikmiş, iri və xırda buynuzlu heyvan almaqla gəlir əldə etmiş, ona 1 manat da olsun həmin puldan verməmişdir. Bundan başqa birgə nikah dövründə hər ikisinin qazancı ilə 4 ədəd - ** HA *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” yük markalı, ** RS *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” minik markalı, ** HY *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı və ** FB *** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser” minik markalı avtomobillər əldə edilmişdir. Həmin avtomobillərin cəmi dəyəri 68.500 manatdır. Nikah pozulduqdan sonra İddiaçı həmin avtomobillərin bir neçəsini adından çıxarmışdır. “Toyota Land-Cruiser” və digər avtomobillər isə adında qalmışdır. Ona görə də nikahları pozularkən cavabdehlə birgə nikah dövründə əldə etdikləri avtomobillərin dəyərinin yarısı alınıb ona verilməlidir. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(061)- 267/2025 nömrəli iş üzrə qəbul etdiyi 06 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh 15 avqust 2019-cu il tarixli, 19028-001/74714 saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 26 avqust 2019-cu il tarixli Razılaşmaya əsasən verilmiş 50.000 manat məbləğində kreditin yarı dəyəri olan 25.000 manat məbləğində pul və 165 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 25.165 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər birgə nikah dövründə, yəni 26 avqust 2019-cu ildə "xxxx" ASC-dən İddiaçı adına 50.000 manat məbləğində kredit götürmüşlər. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 3715 nömrəli məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-də AZ32BRES******************** saylı hesab üzrə xx.xx.2024-cü il tarixinə 49.999,69 manat məbləğində krediti mövcuddur. Göründüyü kimi, tərəflər 50.000 manat krediti birgə nikah dövründə, yəni 26 avqust 2019-cu ildə əldə etmiş və istifadə etmişlər. Həmin kredit əsas vəsaitlərin artırılması məqsədlə verilmişdir və ailə ehtiyaclarının təmin edilməsinə sərf edilmişdir. Tərəflər arasında olan nikah 07 dekabr 2020-ci il tarixdə pozulmuş, kredit borcu iddiaçı tərəfindən ödənilir. Bu hal məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi tələbinə dair iddiası təmin olunmalıdır. Rayon Məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı 2014-cü ildə evlənmiş, nikahları Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, qarşılıqlı iddia ərizəsində göstərilən avtomobilləri mübahisələndirməmiş, aralarında olan nikah pozulduqdan 3 il 1 ay keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında nikah 07 dekabr 2020-ci ildə pozulmuş, üç illik iddia müddətinin axımı həmin dövrdən başlandığından iddia müddəti 07 dekabr 2023-cü ildə bitmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 214.1, 225.1, 372.1, 372.2, 375.1, 375.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1, 36.3, 37.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 222.2-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri qarşılıqlı iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, Tərtər Rayon Məhkəməsi sübutlara müvafiq qiymət verməmiş, birgə nikah dövründə əldə edilmiş əmlakların tam yarısının üzərində Cavabdeh qanunla qorunan hüquqlarının olmasını müəyyən etməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarında qeyd olunur ki, ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Tərtər Rayon Məhkəməsi Ali Məhkəmənin Plenum qərarının tələblərini aşkar və kobud şəkildə öz qətnaməsində pozmuşdur. Belə ki, iş materiallarında olan və birgə nikah dövrü əldə edilmiş əmlakların üzərində Cavabdeh hüquqlarının olmasına baxmayaraq, qətnamədə hansı səbəbdən iddia tələblərinin təmin edilməməsi ilə bağlı əsaslandırma aparmamış, iddiaçının tələblərinin hansı dəlillərlə təkzib olunması ilə bağlı zəruri hüquqi araşdıma aparmamış və nəticədə qarşı tərəfin qanunla qorunan hüquqlarını məhdudlaşdıran ədalətsiz qətnamə qəbul etmişdir. Tərtər Rayon Məhkəməsi Cavabdeh üçün müddətin axımının başlanğıcını səhv olaraq xx.xx.2020-ci il tarixdən götürmüşdür. Belə ki, qeyd olunan tarix qətnamənin çıxarldığı tarixdir tərəf üçün iddia müddətinin axımının başlanğıcı qətnaməni aldığı tarixdən hesablanır, lakin məhkəmə tərəfindən qeyd olunan qanun normasının tələbləri araşdırılmamış və Cavabdeh qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh tərəfindən iddia müddəti ötürülməmiş, iddia vaxtında qaldırılmışdır qeyd olunan qətnamə xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir. Tərtər Rayon Məhkəməsi tərəfindən Cavabdeh tərəfindən verilmiş İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ərizə nəzərə alınmamış, ərizəyə qətnamədə müvafiq qiymət verilməmişdir. Belə ki, ilkin iddia üzrə İddiaçı iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372 və 373-cü maddələrinə görə iddia müddəti 3 il müəyyən edilmişdir. Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(061)-619/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış nikah qeydinin pozulması qət edilmişdir. Sözügedən qətnamə xx.xx.2021 ci ildə qüvvəyə minmişdir. Həmin qətnamədən 3 il 4-5 ay keçdikdən sonra, yəni 2024-cü ilin may-iyun aylarında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Buradan da belə aydın olur ki, iddaçının iddiası formal xarakterli olmaqla qərəzli şəkildə qaldırılmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı ilkin iddia tələbinin dəlillərinə uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, cavabdehin mübahisələndirdiyi avtomobillərdən, yalnız biri “Ford Tranzit” markalı avtomobil birgə nikah dövründə alınmış və cavabdeh evi tərk edəndən sonra satılmışdır. O, həmin satışdan əldə olunan puldan cavabdehə verməsə də, həmin pulla cavabdehin borclarını ödəmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.20189-cu il tarixli Qərarı

1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ərarvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-il tarixli Qərarı

Bənd 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

Bənd 9.5. Beləliklə, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən olunan hallarına görə iş üzrə tərəflər İddiaçı və Cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından bir uşaqları dünyaya gəlmiş, xx.xx.2020-ci il tarixdə onların nikahına məhkəmə qaydasında xitam verilmişdir. Birgə nikah dövründə İddiaçı ilə "xxxx" ASC arasında 15 avqust 2019-cu il tarixdə bağlanmış 19028-001/747714 nömrəli kredit limiti müqaviləsi çərçivəsində bağlanmış Razılaşmalar üzrə ümumilikdə 50.000 manat kredit verilmiş, xx.xx.2020-ci il tarixində borc restrukturizasiya edilmişdir. xx.xx.2023-cü il tarixədək həmin kredit müqaviləsi üzrə komissiyaya görə 500 manat, əsas borca görə 45.833,26 manat, faiz borcuna görə 6.990,87 manat ödəniş həyata keçirilmiş, xx.xx.2023-cü il tarixinə borcalanın Banka 4.182,36 manat (4.166,74 manat əsas borc, 15,62 manat faiz borcu) qalmışdır. Hazırda tərəflər arasında mübahisə doğuran məsələ İddiaçı birgə nikah dövründə "xxxx" ASC-dən götürdüyü kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına sərf edilibedilməməsi məsələsidir. Belə ki, İddiaçı qeyd olunan kreditin ailə ehtiyacları üçün alındığını iddia edərək, həmin kredit borcunun onunla Cavabdeh arasında bölünməsini və borcun 25.000 manat hissəsinin cavabdehə aid edilməsini xahiş edir. Cavabdeh isə borcun ailəyə deyil, şəxsi ehtiyaclarına, yəni iddiaçının atasına məxsus həyətyanı torpaq sahəsində tövlə tikdirməsinə, iri və xırdabuynuzlu heyvanlar almasına sərf olunduğunu, həmin fəaliyyətdən isə əldə etdiyi gəlirdən ailəyə xərclənmədiyini bildirərək iddianı qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinin, habelə Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə qeyd edir ki, ərarvaddan birinin nikah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsi zəruridir. İşdə olan kredit müqaviləsindən və Razılaşmalardan görünür ki, İddiaçı həmin sənədləri sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (VÖEN: **********) imzalamış və kredit İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı verilmişdir. Bu baxımından Məhkəmə, Cavabdeh mövqeyi ilə razılaşır və bildirir ki, İddiaçı "xxxx" ASC-dən götürdüyü krediti ailənin ehtiyaclarına sərf etdiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Nəzərə alınsa ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsində borcalanın krediti özünün sahibkarlıq fəaliyyəti üçün götürüldüyü qeyd edildiyinə görə, həmin kreditin bir hissəsi belə ailənin ehtiyaclarına sərf olunubsa, bu hal mütləq qaydada və məhz İddiaçı tərəfindən sübuta yetirilməlidir. Bu hal sübuta yetməyincə iddia tələbi əsaslı hesab edilə bilməz. Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı ilkin iddiası əsassızdır. Rayon Məhkəməsi həmin iddianı təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsaslıdır. Eyni zamanda Məhkəmə ilkin iddia tələbi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh dəlillərini əsaslı hesab etmir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1/2024 №-li xx.xx.2024-cü il tarixi qərarında qeyd olunur ki, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır. Göründüyü kimi, Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan 3 illik iddia müddəti, ər-arvad arasında nikahın pozulması anından deyil, onların birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri ümumi birgə əmlakla bağlı hüquqlarının pozulduğunu bildikləri və ya bilməli olduqları vaxtdan hesablanır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərini məhkəmə qaydasında 3 illik iddia müddəti çərçivəsində irəli sürmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin dəlilləri bu hissədə əsassızdır. Bunlardan başqa, Məhkəmə hesab edir ki, qarşılıqlı iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə də səhvdir. Belə ki, həmin hissədə Rayon Məhkəməsi hesab etmişdir ki, tərəflər arasında nikah xx.xx.2020-ci il tarixdə pozulmuş, ər-arvadın ümumi birgə əmlaklarının bölünməsi üçün qanunvericilikdə nəzərədə tutulan üç illik iddia müddətinin axımı məhz xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş, bununla da Cavabdeh iddia müddətini buraxmışdır. Bununla bağlı Məhkəmə bir daha qeyd edir ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan 3 illik iddia müddətinin axımının ər-arvadın ümumi birgə əmlakla bağlı hüquqlarının pozulduğunu bildikləri və ya bilməli olduqları vaxtdan hesablanmalıdır. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh əvvəllər məhkəmə qaydasında özünə məxsus cehiz və qızıl zinət əşyalarını tələb etməsi, onun keçmiş əri İddiaçılə birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri əmlakın bölünməsinini tələb etmək hüququndan məhrum etmir və ya bu hüququ məhdudlaşdırmır. Bundan başqa, cehiz və qızıl zinət əşyalarının qaytarılması barədə tələbin irəli sürüldüyü vaxt, hazırda mübahisə predmeti olan avtomobillərlə bağlı Cavabdeh hüququnun pozulduğunun bildiyi və ya bilməli olduğu vaxt kimi də qəbul edilməməlidir. Çünki işdə olan sənədlərdən görünür ki, həmin avtomobillərin mövcudluğu, nikah pozulduqdan sonra isə İddiaçı tərəfindən özgəninkiləşdirildiyi Cavabdeh, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin vəkil sorğusuna verdiyi 30 mart 2021-ci tarixli cavab məktubundan sonra məlum olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, Cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddia müddətini buraxmamışdır. Qarşılıqlı iddia ilə irəli sürülmüş tələbin əsaslılığı ilə bağlı Məhkəmə bildirir ki, Cavabdeh “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı və “Toyota Land-Cruiser” minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin birgə nikah dövründə, birgə vəsait hesabına alındığını bildirir və həmin avtomobillərin dəyərinin 1/2 hissədə İddiaçı onun xeyrinə tutulmasını xahiş edir. İşdə olan sənədlərə əsasən məlum olur ki, “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı vasitəsi xx.xx.2019-cu il tarixdə, “VAZ 21214” minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə, “Hyundai Elantra” minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə, “Toyota Land-Cruiser” minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2013-cü il tarixdə alınmışdır. İddiaçı və cavabdeh Sevinc Quliyevin məhkəmələrə verdikləri məlumata əsasən o da məlum olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçılə birgə yaşadığı evdən çıxıb getmiş və bir daha o evə qayıtmamışdır. Başqa sözlə iş üzrə tərəflər xx.xx.2020-ci il tarixdən faktiki ayrılmış, həmin vaxtdan birgə təsərrüfat aparmamışlar. Bu baxımdan hesab edilməlidir ki, mübahisə predmeti olan dörd nəqliyyat vasitələrindən yalnız biri - “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iş üzrə tərəflərin birgə nikahı dövründə və birgə təsərrüfat apardıqları zaman, birgə vəsait hesabına alınmışdır. Bununla bağlı tərəflər arasında mübahisə olmadığına görə həmin nəqliyyat vasitəsi iş üzrə tərəflərin ümumi birgə əmlakı hesab olunmaqla, bu əmlak üzərində tərəflərin hər birinin 1/2 hissədə payı mövcuddur. İddiaçı həmin nəqliyyat vasitəsini tərəflər faktiki ayrıldıqdan sonra xx.xx.2020-ci il tarixdə 13.000 manata satmışdır(iş İ cild, səh 97). Sözügedən avtomobilin satılmasına Cavabdeh razılığı alınmamış, belə bir razılığın verilməsi iş materialları ilə təsdiq olunmur. İşin müəyyən edilmiş bu halını nəzərə alan Məhkəmənin qənaətinə görə həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı Cavabdeh bir mülkiyyətçi kimi mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh pozulmuş hüququnun bərpasını, nəqliyyat vasitəsinin dəyərinin tam yarısının İddiaçı alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Cavabdeh pozulmuş hüququnun bərpası nəqliyyat vasitəsinin alğı-satqısı zamanı bağlanmış müqavilədə qeyd edilmiş dəyərinin tam yarısının İddiaçı alınaraq Cavabdeh ödənilməsi yolu ilə həyata keçirilməlidir. Buna görə də, Məhkəmə hesab edir ki, “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunmuş vəsaitin yarısı, yəni 6.500 manat (13.000 manat: 1/2 hissə) İddiaçı Cavabdeh ödənilməsi barədə tələb təmin edilməli, digər avtomobillərə münasibətdə isə qarşılıqlı iddia rədd edilməlidir. Göründüyü kimi, Rayon Məhkəməsinin müzakirə edilən qarşılıqlı iddia tələbinə aid yanaşması da səhv olmuşdur. Beləliklə, apellyasiya baxışının nəticələrini, MPM-nin 385.1-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddianın tam həcmdə təmin edilməməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin bildirir ki, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən həmin tələbin verilməsi üçün ödənilmiş 205 manat dövlət rüsumunun 85 manatı İddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 mart 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış kredit öhdəliyi üzrə ödənişlərin tutulması” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş vəsaitin yarısı, yəni 6.500 manat pul və qarşılıqlı iddia tələbinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 85 manatı İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar