Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1142/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(125)-3033/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 26 iyun 2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,9 misli sabit pul məbləğində alimentin və ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(125)-3033/2025 nömrəli (hakim C.Quliyev) qərardadı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək ləğv olunmasını və ərizəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(125)-3033/2025 nömrəli qərardadı ilə həmin məhkəmənin 07 oktyabr 2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «aliment və əlavə xərclərin ödənilməsi» tələbinə dair iddiası təmin edilmədiyinə və qeyd olunan qətnamə ilə hüquqi qiymət verildiyinə görə iddianın icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi qəbul edilərkən birgə nikahdan doğulmuş uşaqlardan biri onun, digər isə cavabdehin yanında olduğuna görə iddia təmin edilməmişdir. Hazırki halda isə Cavabdeh yanında qalan Ülviyyə yetkinlik yaşına çatmışdır. Buna görə də Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-3033/2025 nömrəli qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Gəncə Şəhər Məhkəməsinin 06 may 2025-ci il tarixli, 2(125)-3033/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1. maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yeni iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqlardan biri iddiaçının, digəri isə cavabdehin himayəsindədir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2(104)-2210/2022 nömrəli qətnaməsinə əsasən uşaqların birinin iddiaçının, digərinin cavabdehin yanında qalmasına görə aliment kəsilməmişdir. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, bununla da həmin mübahisəyə Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(125)-4910/2024 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alır və hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2. maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının hansı növ qərardadlarından şikayət verilməsi göstərilmişdir. Hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmur. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(125)-3033/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-153, 263, 264, 372, 373, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(125)-3033/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1142/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1142/2025
26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver