Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1146/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(066)-205/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh bir uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə faktiki olaraq 16 avqust 2005-ci il tarixdə ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2009-cu il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində 86 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. İddiaçı ilə cavabdehin rəsmi nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. İddiaçı ilə cavabdehin ailə münasibətləri ilk vaxtlar qaydasında olmuş, sonradan yola gedə bilməmişlər. Ailədə söz-söhbətlər yaranmağa başlamış, bütün bunlara rəğmən o ailənin dağılmasına razı olmasa da Cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(066)- 911/2022 nömrəli qətnaməsi ilə Gədəbəy rayon qeydiyyat şöbəsində 86 saylı akt qeydi bağlanmış nikahları pozulmuşdur. Birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 onun yanında saxlanılmasına qərar verilmişdir. O, uşaqlarının qayğasına qalmaq üçün hər cür maddi köməklik edir, ancaq indiki dövrdə onların ehtiyacını ödəmək üçün tək onun qazancı kifayət etmir. Cavabdeh Şəmkir şəhərində istixanada işləyir. Gündəlik fəhləlik edərək əlavə pul da qazanır. Uşaqların qayğısına qalmaq, onlara maddi köməklik etmək həmçinin ananında borcudur. Bu səbəbə görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(066)-205/2023 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddiа qismən təmin edilərək, 17 avqust 2006-cı il təvəllüdlü X4 və 07 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 40,40 (qırx manat qırx qəpik) mаnаt dövlət rüsumunun аlınаrаq dövlət büdcəsinə ödənilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi, qətnamənin dərhal icra edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Göygöl Rayon Məhkəməsinin 2(066)-911/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 18 avqust 2009-cu il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş 86 nömrəli nikah akt qeydinin pozulması və tərəflərin birgə nikahdan olan 17 avqust 2006-cı il təvəllüdlü X4 və 07 iyun 2014-cü il təvəllüdlü X3 ataları, yəni cavabdeh İddiaçı yanında saxlanılması qət edilmişdir. Gədəbəy rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı, 303538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (Atası İddiaçı, anası Cavabdeh) xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin avqust ayının 18-ci günündə 496 nömrə ilə qeyd edilmişdir. Gədəbəy rayon Novosaratovka kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ seriyalı, 399536 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (Atası İddiaçı, anası Cavabdeh) 07 iyun 2014-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2014cü ilin oktyabr ayının 14-cü günündə 09 nömrə ilə qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Göygöl Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(066)-205/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(066)-205/2023 saylı qətnaməsinə əsasən “17 avqust 2006-cı il təvəllüdlü X4 və 07 iyun 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun” hissəsində dəyişdirilərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin həmin hissədə qismən deyil, tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, uşaqlarının layiqli həyat şəraitində yaşaması üçün maddi imkanının çatdığı qədər hər şeyi edir. Aylıq qazancı onların xərclərini ödəməyə çatmır. Ancaq məhkəmə iddiaçının tələbini düzgün qiymətləndirməmiş, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (yüz yetmiş) manat aliment tutulması qət edilmişdir. Göygöl Rayon Məhkəməsi tərəfindən çıxarılan qərar onu heç cür qane etmir. O, uşaqlarının layiqli həyat şəraitində yaşaması üçün maddi imkanının çatdığı qədər hər şeyi edir. Buna baxmayaraq aylıq qazancı onların xərclərini ödəməyə çatmır və bütün bunlara baxaraq məhkəmə onun tələbini düzgün qiymətləndirməmiş və aşağı miqdarda aliment kəsmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı izaaht verib bildirmişdir ki, cavadbehdən tutulan aliment məbləği azdır. Bildiyinə görə cavabdeh günü 15 manata istixanada işləyir və buna görə də yuxarı məbləğdə aliment ödəyə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iddiaya qarşı vermiş olduğu etirazında gündəlik 10 manata işlədiyini bildirmişdir ki, iddiaçı da məhkəmə kollegiyasının iclasında cavabdehin günü 15 manata işləməsinə dair izahat vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istirahət günü və işləməyə imkan verməyən sair halların mövcud olması nəzərə alındıqda cavabdehin ayın bütün günlərini işləməsi ağlabatan olmamaqla, iddiaçının cavabdehin günü 15 manata işləməsi ilə bağlı izahatı mötəbər hesab edildiyi halda belə cavabdehin aylıq gəlirinin 350 manat ətrafında olması müəyyən edilməkdədir. Digər tərəfdən isə iddiaçı cavabdehin tələb etdiyi məbləğdə aliment ödəmək üçün maddi imkana malik olması barədə məhkəməyə hər hansı bir sübut da təqdim edə bilməmişdir ki, belə olduğu təqdirdə cavadbehin gəlirlərinin təxminən yarısını aliment şəklidə ödəməsi onun gəlirlərinə mütənasib hesab olunur. Beləliklə, uşaqları saxlamağın valideynlərin hər ikisinin vəzifəsi olması və 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu məbləğinin 220 manat müəyyən edilməsi nəzərə alındıqda qət edilən məbləğ cavadbehin gəlirlərinə münasibətdə əsaslı hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, aplelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(066)- 205/2023 saylı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Göygöl Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(066)-205/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(066)-205/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.