Məhkəmə qərarları › İş №2(104)-1149/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1149/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1149/2024 21.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: subroqasiya qaydasında pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(013)-588/2024 nömrəli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. PAT ********** saylı müqavilənin elektron çıxarışından və İcbari Sığorta Bürosundan çıxarışından görünür ki, VAZ-21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə İddiaçı Sığorta Şirkətində icbari qaydada sığortalı olmuşdur;

2. «Nizami» KDİ-in təqdim etdiyi akta uyğun olaraq zərərlə bağlı dəymiş maddi ziyanın ümumi məbləği 7901 manat olmuşdur;

3. Azərbaycan Respublikası DİN BDYP-nin xx.xx.2023-cü il tarixli, 3-13- 16/2175441/2023 saylı məktubundan görünür ki, Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən VAZ-21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə X2 adına qeydiyyata alınmış, xx.xx.2016cı il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir;

4. Bərdə Rayon Polis Şöbəsinin İB-nin 2015-ci il tarixli arayışından görünür ki, xx.xx.2015-ci il tarixdə saat 07-00 radələrində Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 hüququ olmadan idarə etdiyi VAZ-21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Q.Qurbanovun idarə etdiyi JAC markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. xx.xx.2015-ci il tarixdə R.Qurbanov tərəfindən hüquqsuz olaraq idarə olunan VAZ-21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bərdə şəhəri «Azpetrol» X3 dayanmış vəziyyətdə olan Q.Qurbanova təhkim olunmuş JAC markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur;

5. İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, VAZ-21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər bir il müddətində İcbari sığorta müqaviləsi olmuşdur;

6. Bərdə Rayon Polis Şöbəsinin 18 noyabr 2015-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, hadisə zamanı R.Qurbanov yolnəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi üçün iş üzrə icraata xitam verilmiş, Cavabdeh barəsində sahibliyində olan avtomobili onu idarə etmək üçün hüququ olmayan şəxsə şəxsə verməsi nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə Azərbaycan Respublikası İXM-nin 152-3.3-cü maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə Rayon Dövlət X12 göndərilmişdir;

7. Bərdə Avtomotorservis «Nizami» KDM-in xx.xx.2015-ci il tarixli QÜSUR AKTına uyğun olaraq JAC markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7901 manat zərər təyin edilmiş, İddiaçı Sığorta Şirkəti sığortalıya 5000 manat sığorta ödənişi həyata keçirmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “JAC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində pulun və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manatın ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı Sığorta Şirkəti ASC tələbini onunla əsaslandırmışdır ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 138-9946-1217 saylı arayışa əsasən xx.xx.2015-ci il tarixdə X6 tərəfindən hüquqsuz olaraq idarə olunan VAZ-21099 markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bərdə şəhəri «Azpetrol» X3 dayanmış vəziyyətdə olan X5 təhkim olunmuş JAC markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyərək yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası DİN BDYP-nin təqdim etdiyi elektron informasiya sistemindən çıxarışa əsasən Cavabdeh VAZ-21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2015-ci ildən xx.xx.2016- cı ilə qədər etibarnamə əsasında qanuni sahiblik etmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2015-ci il tarixli Bərdə Rayon Polis Şöbəsinin qərarına əsasən hadisə zamanı VAZ-21099 markalı nəqliyyat vasitəsi Rəsul Qurbanov tərəfindən sürücülük vəsiqəsi və müvafiq etibarnamə olmadan idarə edilmiş, hadisə zamanı sürücü Rəsul Qurbanov vəfat etdiyi üçün icraata xitam verilmişdir. PAT********** saylı müqavilənin elektron çıxarışından və İcbari Sığorta Bürosundan çıxarışdan göründüyü kimi VAZ-21099 markalı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər müddətə İddiaçı Sığorta Şirkətində icbari qaydada sığortalı olmuşdur. Həmin müqavilədən görünür ki, etibarnamə əsasında nəqliyyat vasitəsinə qanuni sahiblik edən Cavabdeh sığorta müqaviləsi üzrə sığortalı olmuşdur. Bərdə Avtomotorservis «Nizami» KDM-in xx.xx.2015-ci il tarixli qüsur aktına əsasən hadisə zamanı JAC markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə sığorta məbləğini, yəni 5000 manatı ödəmişdir. xx.xx.2015-ci il tarixli Bərdə Rayon Polis Şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə hadisə zamanı Rəsul Qurbanov tərəfindən sürücülük vəsiqəsi və etibarnamə olmadan istismar edilməsi təsdiqlənmişdir. Həmçinin həmin qərardan görünür ki, Cavabdeh öz ifadəsində bildirmişdir ki, Rəsul Qurbanov onun həyat yoldaşının qardaşıdır. X8 Nazirliyinin Yevlax rayonu ərazisində yerləşən 708 saylı Hərbi Hissəsində müddətdən artıq xidmət edirmiş, sonuncu həftənin şənbə və bazar günləri onun evinə gələrək istirahətini keçirirmiş, xx.xx.2015-ci il tarixdə səhər saat 06-15 radələrində Rəsul Qurbanov işə getmək üçün ona məxsus VAZ- 21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini götürərək Bərdə rayonu Qaradəmirçi kəndindən çıxmışdır. Bərdə Rayon Polis Şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2015-ci il tarixli Qərarı ilə Cavabdeh etibarnamə ilə özünə məxsus olan VAZ-21099 markalı nəqliyyat vasitəsini onu idarə etmək hüququ olmayan Rəsul Qurbanova verməsi və nəticədə Qurban Qurbanova maddi zərər vurulmasına görə Azərbaycan Respublikası İXM-nin 152-3.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə Cavabdeh nəqliyyat vasitəsinin sığortalı olduğunu bildiyi halda onu idarə etməsi üçün idarə etmək hüququ olmayan (sürücülük vəsiqəsi olmayan) birinə vermişdir. Buna görə də sığorta şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır.

10. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir, həmin vaxtdan, yəni 2015-ci ildə baş vermiş sığorta hadisəsindən iddia ərizəsi məhkəməyə verildiyi vaxta qədər artıq 9 il müddət ötmüşdür. MM-nin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərar çıxaranadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, iddia tələblərinin təmin edilməsindən imtina barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Ağdam Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(013)-588/2024 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia tələblərinin təmin edilməməsi; İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında 5.000 manat məbləğində sığorta ödənişi və 70 manat məbəlğində ödənilmiş dövlət rüsumu, cəmi 5.070 manat pul tələbinə dair iddiasının təmin edilməsindən iddia müddətinin keçməsi səbəbindən imtina edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2, 373.2 və 375.2 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14 İddiaçı Sığorta Şirkəti ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, icbari sığorta qaydalarına əsasən, sığorta ödənişini almış faydalanan şəxsin ona zərər vurulması ilə bağlı məsuliyyət daşıyan şəxslərə münasibətdə bütün tələbetmə hüquqları və vasitələri sığorta ödənişini vermiş sığortaçıya keçir. Bununla da sığortaçının suroqasiya hüququ yaranmış olur. Subroqasiya hüququ sığortaçıya verdiyi sığorta ödənişi həcmində keçir. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi iddia müddətləri. Mülki Məcəllə, müxtəlif əsaslardan irəli gələn öhdəliklərə münasibətdə fərqli iddia müddətlərini nəzərdə tutur (m. 373). Bu baxımdan hazırkı mübahisə üzrə iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verilməsi üçün iddiaçı "xxxx" SŞ ASC ilə Cavabdeh arasındakı öhdəlik hüquq münasibətlərinin təbiətinin müəyyənləşdirilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh olan sığortalı Cavabdeh məxsus “VAZ 21099” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən “JAC” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qüsur aktına uyğun olaraq 7901 manat zərər vurmuşdur. Yəni, cavabdehlə zərərçəkən arasında mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC isə öz növbəsində dəymiş zərərlə bağlı sığorta məbləği 5000 manatı zərərçəkənə ödəyərək, zərərçəkənin zərərvuran qarşısında malik olduğu bütün hüquq və vasitələri əldə etmişdir (MM 936-cı maddə). Belə desək, deliktdən əmələ gələn hüquq münasibətində zərərçəkəni əvəzləyərək onun yerinə keçmişdir. Nəticə etibarilə, İddiaçı Sığorta Şirkəti ASC-nin bu münasibətlərə Cavabdeh ilə olan sığorta müqaviləsi və ödədiyi sığorta ödənişi əsasında daxil olması həmin öhdəlik münasibətlərinin təbiətini dəyişdirməmişdir. Yəni, tərəflər arasındakı öhdəlik münasibəti yenə də mülki-hüquq pozuntusundan irəli gələn öhdəlik münasibətdir. Digər tərəfdən, hazırkı işdə pul tələbi tərəflər arasında müqavilə öhdəliyindən deyil, cavabdehin təqsirindən əmələ gələn ziyanla bağlı yaranmışdır. Çünki iddiaçı ilə cavabdeh arasında bağlanan sığorta müqaviləsində subroqasiya şərti əlavə edilməmişdir. Hadisə baş verdiyi təqdirdə ödənilən sığorta ödənişinin müqavilə üzrə tərəfdən alınması müqavilənin məzmununda əks olunan maddə, şərt və ya razılaşma kimi göstərilməmişdir. Qabaqcadan tərəflər aasında razılaşdırılan müqavilə üzrə öhdəlik deyil. Bu öhdəlik və hüquq qanunverici tərəfindən sığorta müqaviləsindəki tərəflərin razılaşdırdıqları şərtlərdən asılı olmayaraq bütün sığortaçılara verilir. Bu hüququ (subroqasiya) iddiaçıya qanunvericilik vermişdir və qanunverici sığorta hadisəsi nəticəsində şəxsin qanunla nəzərdə tutulan hallarda, məsələn sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi, hadisə yerindən yayınması, sürücülük hüququ olmayan şəxsə nəqliyyat vasitəsinin idarə etmək üçün verilməsi zamanı iddiaçının zərərçəkənə ödəmiş olduğu sığorta ödənişinin sığortalı və ya sığorta olunandan geri alınması hüququnu təsbit etmişdir. Beləliklə, iddiaçının subroqasiya hüququ müqavilədən deyil, qanun əsasında yaranmışdır. Bu səbəbdən də iddiaçının hazırkı tələbi üzrə iddia müddəti üç il deyil, ümumi iddia müddəti 10 illik tətbiq olunmalıdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi qanunu səhv təfsir edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsas tutaraq iddianı təmin etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, subroqasiya hüququ deliktdən yaranır və bu hüquqdan irəli gələn mübahisələrə 10 illik iddia müddəti şamil edilir. Çünki bu hüquq qanundan irəli gələn hüquqdur. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə cinayət işinin icraatına xitam verilmişdir. Çünki yol nəqliyyat hadisəsini törədən şəxs Rəsul Qurbanov ölmüşdür. Polis şöbəsində aparılmış araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, sürücülük hüququ olmadığı halda avtomobili Rəsul Qurbanov istifadəsinə verib. Avtomoibl onu idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edildiyinə görə sığorta şirkətinin baş vermiş yol nəqliyyat hadisəsinə görə ödənilmiş sığorta məbləğinin qaytarılması barədə subroqaiya hüququ yaranmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsində qanuni əsaslar olmadan idarəetmə nəticəsində subroqasiya hüququnun yarandığı göstərilmişdir. Bu səbəbdən qanuni əsaslar müəyyən edilməli olduğu təqdirdə iddiaçı bunu yerinə yetirməyib. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı polis şöbəsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, hadisəni törədən şəxs Cavabdeh qaynı olmuşdur və sonuncu Nazimin evindən xidməti iş yerinə gedərkən yol nəqliyyat hadisəsini törətmişdir. İddiaçının cavabdehə qarşı subqrosiya hüququ yaranmayıb. Çünki avtomobil Cavabdeh iradəsinə uyğun olaraq mərhum qaynı Rəsul Qurbanovun istifadəsində olub. Avtomobilin idarə edilməsinə görə etibarnamə olmaması subroqasiya hüquqununun yaranmasına əsas deyil. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 936.1-ci və 936.2-ci. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

20. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

21. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun hansı hallarda yarandığını müəyyən edir.

23. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 5000 manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.

36. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sığortaçı İddiaçı Sığorta Şirkəti ASC ilə sığortalı Cavabdeh arasında 04 iyun 2015-ci il tarixli PAT********** nömrəli sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya məxsus Vaz 21099 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat sığorta məbləği həddində 05 iyun 2015-ci il tarixdən 04 iyun 2016-cı il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 28 senyabr 2015-ci il tarixdə saat 07-00 radələrində Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 hüququ olmadan idarə etdiyi VAZ-21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Q.Qurbanovun idarə etdiyi JAC markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurulmuşdur. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və sürücü Rəsul Qurbanov öldüyündən cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Vaz 21099 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 nəqliyyat vasitəsi idarəetmə hüququ olmadan həmin avtomobili idarə etmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsindəki mərhum sürücü Rəsul Qurbanov hazırkı iş üzrə Cavabdeh qohumudur və sonuncunun razılığı ilə onun sahibliyində olan avtomobili ilə iş yerinə gedərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı zərərçəkənə “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı həmin məbləğin subroqasiya qaydasında cavabdehdən tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi də cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi əsasında iş üzrə iddia müddətinin keçdiyini əsas gətirərək iddianı təmin etməmişdir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir.

38. İşin hallarından göründüyü kimi tərəflər arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan (deliktdən) doğan öhdəlik hüquq münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Odur ki, hazırki mübahisəyə 3 illik iddia müddətinin tətbiqi yolverilməz hesab edilir. Birinci instansiya məhkəməsi isə prosessual pozuntuya yol verərək iş üzrə mülki qanunvericiliyin müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddətini tətbiq etmişdir.

39. İşin mübahisəsiz hallarıdır ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni 28 senyabr 2015-ci il tarixdə saat 07-00 radələrində Bərdə şəhəri ərazisində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X6 etibarnamə əsasında Cavabdeh qanuni sahibliyində olan VAZ-21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Q.Qurbanovun idarə etdiyi JAC markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurulmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı zərərçəkənə “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin qanuni sahibliyində olan avtomobilin sürücülük hüququ olmayan mərhum X6 tərəfindən idarə edilməsi, onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas verir. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur.

41. Digər tərəfdən mərhum X4 cavabdehin qanuni sahibliyində olan ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun iradəsinə zidd istifadə etməsi iş materialları ilə təsdiqini tapmır. Əksinə iş materiallarına əlavə edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2015-ci il tarixli Bərdə Rayon Polis Şöbəsinin qərardan görünür ki, polis şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında Cavabdeh bildirmişdir ki, Rəsul Qurbanov onun həyat yoldaşının qardaşıdır. X8 Nazirliyinin Yevlax rayonu ərazisində yerləşən 708 saylı Hərbi Hissəsində müddətdən artıq xidmət edirmiş, sonuncu həftənin şənbə və bazar günləri onun evinə gələrək istirahətini keçirirmiş, xx.xx.2015-ci il tarixdə səhər saat 06-15 radələrində Rəsul Qurbanov işə getmək üçün ona məxsus VAZ- 21099 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini götürərək Bərdə rayonu Qaradəmirçi kəndindən çıxmışdır.

42. İşin şərh olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır.

43. İşə baxan birinci instansiya məhkəməsi isə iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.

44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi Cavabdeh Ağdam rayonundan məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edilir.

45. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar.

46. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(013)-588/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 5000 (beş min) manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar