Məhkəmə qərarları › İş №2(104)-1167/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1167/2023

16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1167/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-85/2023 saylı mülki iş üzrə 03 fevral 2023cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 06 mart 1994-cü Daşkəsən rayonu Zağalı kəndində anadan olmuşdur. Atası İddiaçı1, anası X1r. Bu barədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 03 aprel 1994-cü il tarixdə 13 nömrə ilə qeyd edilmişdir.

2. İşdə olan ilk mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 noyabr 2022-ci il tarixli MŞG-05886 nömrəli arayışdan görünür ki, iddiaçı Cavabdeh “aliment tələbinə dair” mübahisə üzrə ilkin mediasiya sesiyasının yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 21 noyabr 2022-ci il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

3. İşdə olan Tibbi Ərazi Bölmələrini X4 rayon X5 Hüquqi şəxsin 16 yanvar 2023-cü il tarixli 102 saylı arayışından görünür ki, 1967-cı il təvəllüdlü İddiaçı1 Daşkəsən RMX PHŞdə dispanser müşahidəsində durur. İddiaçı1 “Gərginlik stenokardiyası Es İV. İnfarktdan sonrakı kardioskleroz, Aorta və tac damarların ateroskleroz” diaqnozu qoyulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 öz oğulları Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləği ilə hər birinə 300 manat olmaqla, ayda cəmi 600 manat aliment tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirak etmiş, irəli sürdükləri iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişlər.

6. Məhkəmədə Cavabdeh iştirak etmiş, valideynləri tərərfindən ona qarşı irəli sürülən iddianı qəbul etdiyini bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir.

7. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-85/2023 saylı mülki iş üzrə 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-85/2023 saylı iş üzrə 03 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. Belə ki, oğulları Cavabdeh hərbiçidir, yüksək əmək haqqı alır. Lakin, xəstə olan valideynlərinə baxmır. Onlar pensiya almırlar, əmək qabiliyyətləri yoxdur. Odur ki, cavabdeh olan oğullarının əmək haqqından aliment tutulub, onlara verilməsini əsaslı hesab edirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdilər. Məhkəmədə sual-cavab zamanı iddiaçılar göstərdilər ki, Cavabdeh ailəli olmuş, hazırda boşanmışdır və iki uşağa görə onun qazancından aylıq aliment tutulur. Ona görə də hazırda qaldırdıqları iddianı əsaslı sayırlar. Sonda iddiaçilar şikayətin təmin edilməsini xahiş etdilər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

13. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

14. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 17 Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə

18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Maddə 402.1 - Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçıları dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Qeyd olunmalıdır ki, valideynin özünün əmək qabiliyyətli olmaması və maddi yardıma ehtiyacı olması aliment təyini zamanı nəzərə alınmalı, onların və övladın mənafeləri baxımından qiymətləndirilməlidir.

25. Apellyasiya şikayətinin dəlilərindən görünür ki, iddiaçılar heç bir yerdə işləmədiklərini, xəstə olmaqlarını, əmək qabiliyyətli olmadıqları üçün dolana bilmədiklərini qeyd etmişlər. Lakin, iddiaçılar əmək qabiliyyətli olmadıqlarını təsdiq edə biləcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişlər. İşin bu halını məhkəmədə izahat verərkən də etiraf etmişlər. Ona görə də məhkəmə kollеgiyası hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı deyildir, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsi hazırki mübahisəyə tətbiq edilə bilməz. Bununla bərabər məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin ona qarşı irəli sürülən iddianı etiraf etməsi də iddianın təmin edilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 52.5-ci maddəsi nəzərdə tutur ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası göstərir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə izahat verərkən göstərdılər ki, oğulları Cavabdeh ailəli olmuş, hazırda boşanmışdır və iki uşağa görə onun qazancından aylıq aliment tutulur. Ona görə də, onlar da hazırda qaldırdıqları iddianı əsaslı sayırlar. Məhkəmə kollegiyası Cavabdeh özünün iki uşağa görə aliment ödədiyi barədə iddiaçıların məhkəməyə bildirdiklərini diqqətə alıb bu qənaətdədir ki, cavabdehin ona qarşı irəli sürülən iddianı etiraf etməsi ondan aliment alan uşaqlarının hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan irəli sürülən iddia cavabdehin ona qarşı irəli sürülən iddianı etiraf etməsi əsası ilə də təmin oluna bilməz. Cavabdeh isə könüllü olaraq öz valideynlərinə maddi köməklik göstərməsinə maneə olacaq heç bir əsas yoxdur.

26. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməklə bağlı gəldiyi nəticə əsaslı olduğundan, iddiaçıların apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

27. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsinə yol vermir. Belə ki, iddiaya görə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri Cavabdeh hər ay sabit pul məbləği ilə hər birinə 300 manat alimentin tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Belə olan halda hər bir iddiaçının irəli sürdüyü iddianın qiyməti ayrılıqda Azərbaycan Respublikasının MPM-in 112.1-ci maddəsinə əsasən (300 manat x12 ay)=3600 manat məbləğini təşkil edir. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialardan kassasiya şikayəti verilə bilməz. Hazırki işdə də iddianın qiyməti 5000 mabatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-85/2023 saylı mülki iş üzrə 03 fevral 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar