Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1174/2025 11.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə (Maraqlı şəxs1) qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə (bundan sonra – cavabdeh(lər)) (Maraqlı şəxs1) qarşı “hərracın və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-985/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 125,4 kv.m. olan iki otaqlı fərdi yaşayış evi iddiaçı ilə Cavabdeh1 paylı mülkiyyətində olmuş, iddiaçının payı 1/8, cavabdehin payı isə 7/8 olmaqla sonuncuların mülkiyyət hüquqları xx.xx.2012 və xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı qətnaməsi ilə, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən reyestr nömrəsi **********09-10301 olan çıxarışda göstərilən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 125,4 kv.m. olan iki otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 17,2 kv.m. olan bir mərtəməbəli yardımçı tikilinin açıq hərracda satılması, satışdan əldə olunan pulun İddiaçı və Cavabdeh1 paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102) 90 saylı qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı qətnaməsindən cavabdehlər İddiaçı və X1 verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
4. İcraata başlama haqqında qəbul edilən xx.xx.2022-ci il tarixli qərara əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150 saylı qətnaməsi üzrə icraata başlanılmış və borclulara tələbin könüllü icrası təklif edilmişdir.
5. Qiymətləndiricinin dəvət edilməsi haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150 saylı icra sənədi üzrə qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır.
6. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli, 136 nömrəli hesabatdan görünür ki, İddiaçı və Cavabdeh1 paylı mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin qiyməti 30.000 manat təşkil edir.
7. X3 MMC-nin Tovuz İcra və Probasiya şöbəsinə, İddiaçı və Cavabdeh1 göndərdiyi xx.xx.2023-cü il tarixli, 1522 saylı məktubdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən ilkin satış qiyməti 30000 manat olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə hərrac keçirilməsi bildirilmişdir.
8. X3 MMC-nin Tovuz İcra və Probasiya şöbəsinə, İddiaçı və Cavabdeh1 göndərdiyi xx.xx.2023-cü il tarixli, 1666 saylı məktubdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətindən 10 faiz aşağı olmaqla 27000 manat satış qiyməti müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə hərrac keçirilməsi bildirilmişdir.
9. X3 MMC-nin Tovuz İcra və Probasiya şöbəsinə, İddiaçı və Cavabdeh1 göndərdiyi xx.xx.2023-cü il tarixli, 1736 saylı məktubdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə dair ilkin satış qiymətindən 20 faiz aşağı olmaqla 24000 manat satış qiyməti müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə hərrac keçirilməsi bildirilmişdir. 10.X3 MMC-nin Tovuz İcra və Probasiya şöbəsinə, İddiaçı və Cavabdeh1 göndərdiyi xx.xx.2023-cü il tarixli, 1774 saylı məktubdan görünür ki, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə dair ilkin satış qiymətindən 30 faiz aşağı olmaqla 21000 manat satış qiyməti müəyyən edilməklə xx.xx.2023-cü il tarixdə hərrac keçirilməsi bildirilmişdir.
11. Hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı icra vərəqəsi və Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında hərrac təşkil edilmişdir. Əmlakın satış qiyməti 21000 manat müəyyən edilmiş və hərracın qalibi Cavabdeh1 olmuşdur.
12. Hərracın yekunları üzrə xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, X3 MMC tərəfindən Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı icra vərəqəsi və Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında keçirilmiş hərracın qalibi olan Cavabdeh1 İddiaçı və Cavabdeh1 paylı mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evi 21000 manata satılmışdır.
13. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəli ********** olan çıxarışa əsasən, Tovuz rayonu, Düz Cırdaxan kəndində 0,45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,4 kv.m olan fərdi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlərə (maraqlı şəxs qismində icra şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 52/01-1 saylı hərracın və həmin hərrac nəticəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən **********09 reyestr nömrəli fərdi yaşayış evi atası rəhmətə getdikdən sonra bacısı olan Cavabdeh1 bağışlanma edilmişdir. Aralarında dəfələrlə mülklə bağlı mübahisə olmuş və məhkəmə qaydasında evə olan bütün hüquqları bərpa edilmişdir. Bundan başqa fərdi yaşayış evinin təmiri üçün 10.000 manatdan artıq xərc çəkmiş, lakin, gizli yolla hərrac keçirilərək ev cavabdehin adına rəsmi qeydə alınmışdır. Bu barədə ona nə icra məmuru, nə də ki, hərrac keçirən orqan heç bir məlumat verməmişdir. Hesab edir ki, hərracın keçirilməsi barədə ona məlumat verilməli idi. Bu qərəzli şəkildə edilmiş hərəkətdir. Onu da qeyd edir ki, 40 ildən artıq müddət mübahisəli mülkdə yaşamış və bütün xərcini özü çəkmişdir. Lakin cavabdeh tərəfin qanunsuz hərəkətləri əsasında onun hüquqları pozulmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
17. Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Digər cavabdeh və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə isə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-985/2025 nömrəli qətnaməsi (hakim Fərid Əliyev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hərracın yekunlarının etibarsızlığı üçün hər hansı əsas yoxdur. İcra məmurunun qətnamənin icrası üzrə atdığı addımlar qanunamüvafiq olmuş, habelə, hərrac qanunauyğun həyata keçirilmiş və qanuni əsaslara keçirilən hərracın qalibi Cavabdeh1 olmuşdur.
21. Bununla belə iddia dəlillərinə münasibətdə işin halları araşdırılmışdır. İddiaçının əsas dəlili ondan ibarətdir ki, hərrac ondan xəbərsiz baş tutmuşdur. Hansı ki, icra işindən məlum olur ki, keçirilmiş bütün hərraclar barədə iddiaçıya bildiriş təqdim edilmişdir. Ümumiyyətlə iddiaçı özü icra işindən tam məlumatlı olmuş, dəfələrlə icra tədbirlərini dayandırmaq üçün məhkəməyə verdiyi iddia ərizələrini icra məmuruna təqdim etmişdir.
22. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya hərracın keçirilməsi barədə məlumatın verilməməsi özlüyündə hərracın nəticələrini etibarsız saymağa imkan vermir. Bununla bağlı məhkəmə diqqətin Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə yönəldilməsini əsas saymışdır.
23. Göründüyü kimi, hərracın keçirilməsi qanuni olmuşdur. Məhz həmin hərracın yekunları üzrə alğı-satqı müqaviləsi bağlanılmışdır. Hərracın yekun nəticəsi etibarlı hesab edildiyi üçün alğı-satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz.
24. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 415.1, 415.2, 415.5, 567, 646.1 və 646.2-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2, 61.1, 61.2 və 62.1-ci maddələrinə, “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
25. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-985/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçının mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən **********09 reyestr nömrəli fərdi yaşayış evi atası rəhmətə getdikdən sonra bacısı olan Cavabdeh1 bağışlanma edilmişdir. Aralarında dəfələrlə mülklə bağlı mübahisə olmuş və məhkəmə qaydasında evə olan bütün hüquqları bərpa edilmişdir. Bundan başqa fərdi yaşayış evinin təmiri üçün 10.000 manatdan artıq xərc çəkmiş, lakin, gizli yolla hərrac keçirilərək ev cavabdehin adına rəsmi qeydə alınmışdır. Bu barədə ona nə icra məmuru, nə də ki, hərrac keçirən orqan heç bir məlumat verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
29. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, onun bütün sənədləri qanunidir. O, hərracı udmuş və evi mülkiyyətinə keçirmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Cavabdeh "xxxx" MMC-nin və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
32. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol;
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
36. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
37. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
38. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.
39. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir.
40. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
41. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
42. Maddə 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.
43. Maddə 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
44. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
45. Maddə 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar.
46. Maddə 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər.
47. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
48. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu
49. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir.
50. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
51. Maddə 51.1. borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.
52. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
53. Maddə 53.2. borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
54. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
55. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.
56. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı birgə qərardadı
57. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 saylı qərarı
58. Bənd 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
59. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
64. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
67. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
68. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
69. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
70. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
71. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
74. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia,; qətnamənin tam ləğv edilməsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
75. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
76. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
77. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 125,4 kv.m. olan iki otaqlı fərdi yaşayış evi iddiaçı ilə Cavabdeh1 paylı mülkiyyətində olmuş, iddiaçının payı 1/8, cavabdehin payı isə 7/8 olmaqla sonuncuların mülkiyyət hüquqları xx.xx.2012 və xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-2150/2021 saylı qətnaməsi ilə Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən reyestr nömrəsi **********09- 10301 olan çıxarışda göstərilən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 125,4 kv.m. olan iki otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 17,2 kv.m. olan bir mərtəməbəli yardımçı tikilinin açıq hərracda satılması, satışdan əldə olunan pulun iddiaçı və Cavabdeh1 paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamınin icrası ilə bağlı Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli, 136 nömrəli hesabatı ilə İddiaçı və Cavabdeh1 paylı mülkiyyətində olan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin qiyməti 30.000 manat müəyyən edilmiş və icra məmurunun verdiyi xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında dörd dəfə hərrac keçirilmiş və hər dəfə əmlakın dəyəri aşağı salınmışdır. Sonuncu hərrac xx.xx.2023-cü ildə baş tutmuş və hərracın qalibi Cavabdeh1 olmuşdur. Hərracın nəticələrinə dair həmin tarixli alğı-satqı müqaviləsi bağlanılaraq mübahisəli əmlak 21.000 manata Cavabdeh1 tərəfindən əldə edilmişdir.
78. Məhkəmə ilk öncə göstərir ki, tərəflər arasında olan hüquq münasibətləri hərracın yekun protokolunun və alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı yaranan mübahisədir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır.
79. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
80. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.1 və 8.2-ci maddələri).
81. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1, 61.2 və 62.1-ci maddəsinə görə vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
82. 62-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
83. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (Mülki Məcəllənin 415.1 və 415.2-ci maddələri).
84. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
85. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hərracın yekunlarının etibarsızlığı üçün hər hansı əsas yoxdur. İcra məmurunun qətnamənin icrası üzrə atdığı addımlar qanunamüvafiq olmuş, habelə, hərrac qanunauyğun həyata keçirilmiş və qanuni əsaslara keçirilən hərracın qalibi Cavabdeh1 olmuşdur. Bununla belə iddia dəlillərinə münasibətdə işin halları araşdırılmışdır. İddiaçının əsas dəlili ondan ibarətdir ki, hərrac ondan xəbərsiz baş tutmuşdur. Hansı ki, icra işindən məlum olur ki, keçirilmiş bütün hərraclar barədə iddiaçıya bildiriş təqdim edilmişdir. Ümumiyyətlə iddiaçı özü icra işindən tam məlumatlı olmuş, dəfələrlə icra tədbirlərini dayandırmaq üçün məhkəməyə verdiyi iddia ərizələrini icra məmuruna təqdim etmişdir. Hətta məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya hərracın keçirilməsi barədə məlumatın verilməməsi özlüyündə hərracın nəticələrini etibarsız saymağa imkan vermir.
86. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmamış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmişdir.
87. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, icra icraatında Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin hərrac yolu ilə satılması zamanı qanunvericiliklə nəzərdə tutulmuş prosedur qaydalarına riayət edilməmişdir.
88. Belə ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə maddi hüquq normaları baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 415.1, 415.2, 415.5, 567, 646.1 və 646.2-ci maddələri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2, 61.1, 61.2 və 62.1-ci maddələrini tətbiq etsə də, bu maddələr işin faktiki hallarına münasibətdə düzgün qiymətləndirilməmiş, buna görə də qətnamədə göstərilmiş nəticələr isə işin real hallarına uyğun gəlməmişdir.
89. Qeyd olunmalıdır ki, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif olunur. Tələbkar bundan imtina etdikdə, həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
90. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı, 24 noyabr 2021-ci il tarixli birgə qərardadında göstərilmişdir ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.
91. Həmin qərardadın 30-cu bəndində qeyd edilmişdir ki, prosedura gəldikdə isə, ipoteka predmeti olmayan əmlak hərracdan Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracdan satılması üçün 3 aylıq müddət müəyyən etsə də, “İpoteka haqqında” Qanunda, “Vergi Məcəlləsində” və “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda olduğu kimi digər xüsusiyyətlərini müəyyən etməmişdir. Bu baxımdan, məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir.
92. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadında olan hüquqi mövqedən aydın olur ki, ipoteka predmeti olmayan əmlakın satışı zamanı “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş xüsusi qaydalar (hərracın təkrar keçirilməsi, satış qiymətinin mərhələli endirilməsi və s.) tətbiq edilə bilməz. Belə hallarda yalnız “İcra haqqında” Qanunun müddəaları tətbiq olunmalı, hərrac üç ay müddətində keçirilməlidir.
93. İş materiallarından görünür ki, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində tərəflərə məktublar göndərilmiş, həmin məktublarda daşınmaz əmlakın satış qiyməti mərhələli şəkildə hər dəfə 10 faiz endirilmişdir.
94. Halbuki, ipoteka predmeti olmayan tərəflərə məxsus əmlakın satış qiymətinin azaldılması qanunvericilikdə nəzərdə tutulmamış və ipoteka predmetinin satışına aid olan qaydaların tətbiqi iddiaçının əmlak mənafeyinə zidd olmuşdur.
95. Belə ki, əmlakın dəyəri hər dəfə aşağı salındıqca iddiaçıya payına uyğun çatası məbləğ azalmış olur. Hərrac təşkilatı satış qiymətinə uyğun hərracı keçirməli və hərracda alıcı olmadığı halda təkrar hərrac keçiriləcəyi təqdirdə belə eyni qiymətlə keçirməli olduğu halda bunu etməmiş və əmlakın dəyərini aşağı salmaqla qanunvericiliyin tələblərini pozmuşdur.
96. Təkrar hərracın baş tutmaması halında əmlak tələbkara təklif olunmalı və tələbkar əmlakı müəyyən edilmiş qiymətə almaqdan imtina etdikdə isə icra sənədi məhkəməyə qaytarılmalıdır.
97. Yuxarıda göstərilən hallardan belə nəticə çıxır ki, mübahisəli hərrac hərracın keçirilməsi qaydalarının pozulması ilə keçirilmişdir.
98. Həmçinin, məhkəmə qeyd edir ki, Tovuz məhkəməsinin qətnaməsində Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2023 və xx.xx.2023 tarixlərində tərəflərə məktubların göndərilməsi göstərilsə də, iş materiallarında həmin məktubların mövcudluğu sübut olunmamış, həmçinin məktubların borclu tərəfindən qəbul edilib-edilməməsi barədə hər hansı sənəd və ya sübut iş materiallarına daxil edilməmişdir.
99. Bu isə göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən hərracın qanuni keçirilməsi ilə bağlı əsaslı sübutlar tam şəkildə araşdırılmamışdır. Qanunvericiliyə görə, hərracın keçirilməsi üçün bildirişlərin tərəflərə rəsmi qaydada təqdim olunması və onların qəbulunun təsdiq olunması zəruridir. İş materiallarında isə bu tələbin yerinə yetirilməsi barədə hər hansı təsdiqləyici sənəd mövcud olmadığından, borclunun hərracda iştirak hüququnun təmin olunduğu şübhə altındadır.
100. Nəticə etibarilə, məktubların iş materiallarında olmaması və qəbul edilibedilməməsi barədə sübutların çatışmaması birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş hərrac prosedurunun qanuni həyata keçirildiyi qənaətini əsaslandırmır və nəticədə hərracın keçirilməsi prosedurunda pozuntuların mövcud olduğunu göstərir.
101. Beləliklə, məhkəmə hesab edir ki, qiymətin mərhələli endirilməsi üsulundan istifadə edilməsi və bildirişlərin hərrac üzrə tərəflərin qəbul etmələrinə dair sübutların olmaması, Mülki Məcəlləsinin 415-ci maddəsinin, “İcra haqqında” Qanunun 53-cü maddəsinin, habelə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadında izah olunan hüquqi mövqelərin pozulmasına səbəb olmuşdur.
102. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin qətnaməsində təqdim edilən hərrac sənədləri ilə təsdiq olunan satış proseduru qanunvericiliyin tələblərinə cavab vermədiyindən, hərracın nəticələri barədə protokol və həmin protokol əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməlidir.
103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
104. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
105. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
106. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
107. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
108. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
109. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən və ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən özünə aid edilməlidir.
110. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-985/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Tovuz rayonu, Düz Cırdaxan kəndində 0,45 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,4 kv.m olan fərdi yaşayış evi ilə bağlı "xxxx" MMC tərəfindən 01 noyabr 2023cü il tarixdə keçirilmiş hərrac və 01 noyabr 2023-cü il tarixli, 52/01-1 saylı protokol əsasında cavabdeh "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 01 noyabr 2023-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.