Məhkəmə qərarları › İş №2(104)-1179/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1179/2025

18.08.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1179/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (təsisçi) Nümayəndə iştirakı ilə, X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(125)-2092/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 18 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X3 Dövlət Departamenti tərəfindən verilmiş № A04572325 nömrəli passportdan görünür ki, İddiaçı MMC-nin təsisçisi Nümayəndə X3nın vətəndaşıdır.

2. Azərbaycan Respublikasıın ərazisində müvəqqəti yaşamaq üçün seriya MYİ, № 0****** nömrəli icazə vəsiqəsindən görünür ki, Nümayəndə 10 fevral 2024-cü il tarixdən 10 fevral 2026-cı ilədək Azərbaycan Respublikasıın ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir.

3. İddiaçı MMC ilə Cavabdeh ilə arasında bağlanmış 19 may 2024-cü il tarixli, № 00/95 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1 ədəd 420 manat dəyərində Coach markalı çanta, 1 ədəd 185 manat dəyərində Coach markalı saat və 1 ədəd 85 manat dəyərində Guess markal kəmər 6 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır.

4. 20 yanvar 2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh borcunu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 19 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 286,50 manat əsas borc, 633,94 manat cərimə borcunun, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 19 may 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən cavabdehə 862,50 manat dəyərində mallar (malların qiyməti 690 manat + 25% komissiya haqqı) nisyə satılmışdır. Cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə göstərilən qaydada ödənişləri həyata keçirməli olduğu halda müqavilə şərtini pozmuşdur. Belə ki, 15 iyun 2024-cü il tarixdə cavabdeh150 manat ilkin ödəniş etmişdir. Ödəniş cədvəlinə əsasən cavabdehin 2-ci ödənişi 19 iyul 2024-cü il tarixdə 144 manat məbləğində olmalı idi, lakin o heç bir ödəniş etməmişdir. Növbəti ödənişi xx.xx.2024-cü il tarixdə 282 manat məbləğində etmişdir. 19 sentyabr 2024-cü il tarixdə ödəməli olduğu məbləği 01 oktyabr 2024-cü il tarixdə 142 manat etmişdir. Qeyd olunanlardan başqa heç bir ödəniş edilməmişdir. Müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, "bu müqavilənin 3.4cü bəndində göstərilən ödənişlər gecikdirildikdə alıcı gecikdirilmiş hər gün üçün satıcıya müqavilə məbləğinin 5%-i məbləğində dəbbə pulu ödəyir. Buna görə də gecikdirilmiş günlər üçün 633,94 manat dəbbə pulu hesablanmışdır. Müqavilənin 2.3.2-ci maddəsində göstərilir ki, ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlər alıcı tərəfindən 30 təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu tam tələb etmək satıcının hüququdur. Cavabdeh artq iki dəfə ödənişi gecikdirmişdir, bununla da satıcının bütün qalıq borcu tələb etmək hüququ yaranmışdır. Cavabdeh 286,50 manat qalıq, əsas borc məbləği ilə yanaşı 633,94 manat dəbbə pulu ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı surətdə müraciətlər olunmasına baxmayaraq ödəniş etməmişdir. Sonuncu dəfə 20 yanvar 2025-ci il tarixdə rəsmi qaydada cavabdehə pretenziya məkubu göndərilmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(125)-2092/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; Cavabdeh 19 may 2024-cü il tarixli, 00/95- RB nömrəli nisyə alqı-satqı müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 286 (iki yüz səksən altı) manat 50 (əlli) qəpik, cərimə qismində 20 (iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 336 (üç yüz otuz altı) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması; İddiaçı iddiası qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448, 462.1, 467, 567 və 600.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119, 217.4, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı MMC iddianın təmin edilməməsi hissədə qətnamədən apellyasiya şikayəti verərmiş, həmin hissədə qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, əsas borca münasibətdə məhkəmə iddianı təmin etsə də, lakin hesablanmış cəriməni əsassız olaraq öz mülahizəsi əsasında azaldaraq 20 manat təmin etmişdir. Əslində cərimə borcunun hesablanması onlar arasında bağlanmış müqavilə ilə tənzimlənmişdir. Məhkəmə isə müqavilənin müvafiq şərtini nəzərə almadan tənasübsüz olaraq cərimə borcunu cavabdehin xeyrinə azaltmışdır. Müqavilənin 4.1-ci bəndində göstərilmişdir ki, "bu müqavilənin 3.4-cü bəndində göstərilən ödənişlər gecikdirildikdə alıcı gecikdirilmiş hər gün üçün satıcıya müqavilə məbləğinin 5%-i məbləğində dəbbə pulu ödəyir. Buna görə də gecikdirilmiş günlər üçün dəbbə pulu 633,94 manat hesablanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (təsisçi) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun zahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh nisyə aldığı üç ədəd brend malın dəyərini dörd ay gecikdirməklə etmiş, son iki ay isə heç bir ödəniş etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmsına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcunun təmin edilməyən hissədə mübahisələndirildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 may 2024-cü il tarixli, № 00/95 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncuya 10 fevral 2024-cü il tarixdən 10 fevral 2026-cı il tarixədək ilk ay 142.50 manat, digər 5 ay ərzində 144 manat ödəmək şərtilə, ümumi dəyəri 862,50 manat olan 1 ədəd 420 manat dəyərində Coach markalı çanta, 1 ədəd 185 manat dəyərində Coach markalı saat və 1 ədəd 85 manat dəyərində Guess markal kəmər 6 ay müddətə nisyə satılmışdır. Müqavilə üzrə cavabdeh ümumilikdə 574,50 manat ödəniş etmişdir. Sonuncu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən iddiaçıya 286,50 manat ödənilməmiş əsas borcu qalmışdır. Eləcədə müqavilə şərtinə uyğun olaraq 633,94 manat cərimə hesablanmışdır. Cavabdehə pretenziya məkubu göndərilsədə, lakin o tələb olunan borcu ödəməkdən yayanmışdır. Ona görə də İddiaçı MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

34. Yuxarıda da qeyd olunduğu kimi qətnamə cərimə borcunun qismən təmin edilməsi hissədə mübahisələndirilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır.

35. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

36. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

37. Tərəflər arasında bağlanmış 19 may 2024-cü il tarixli 00/95-RB saylı müqavilənin 3.4. bəndində qeyd olunmuşdur ki, mal(lar) üçün ödəniş alıcı tərəfindən aşağıdakı qaydada həyata keçirilir: Müqavilə bağlanarkən 690,00 manat, 25% komissiya haqqı; 862,50 manat müqavilənin bağlandığı gündən 6 ay müddətinə hissə-hissə ödəmək şərti ilə.

38. Müqavilənin 3.5. bəndində isə göstərilmişdir ki, mal(lar) üçün ödəniş alıcı tərəfindən bu müqavilənin ayrilmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə əlavə edilmiş ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilir.

39. Eləcədə qeyd olunan müqavilənin 4.1. bəndində qeyd olunmuşdur ki, "bu müqavilənin 3.4-cü bəndində göstərilən ödənişlər gecikdirildikdə alıcı gecikdirilmiş hər gün üçün satıcıya müqavilə məbləğinin 5%-i məbləğində dəbbə pulu ödəyir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

41. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

42. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

43. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 633,94 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və bunu nəzərə alaraq iddianı həmin hissədə qismən, yəni 20 manat təmin etmiş, qalan hissədə təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə qismən razılaşır. Çünki, dəbbə pulunu 20 manat təmin edilməsi kreditorun əmlak və digər əsaslı mənafelərinə uyğun olmamaqla, tələb olunan borc məbləğinə də tənasüb sayıla bilməz. Kollegiya borc məbləğini, o cümlədən işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, 20 manat cərimə borcunun tutulması hissədə qətnamə dəyişdirilməli və həmin hissədə cərimə borcunun məbləği 100 manat müəyyən edilməlidir. Bu məbləğdə cərimə kreditorun mənafelərinə uyğun olmaqla, borclu şəxsi də həddən artıq dərəcədə maliyyə itkisinə məruz qoymur.

44. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 2(125)-2092/2025 nömrəli qətnaməsi “20 manat cərimə borcunun tutulması” hissədə dəyişdirilsin. Həmin hissədə cərimənin məbləği 100 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar