Məhkəmə qərarları › İş №2(104)-1189/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1189/2023

03.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1189/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: sabit pul məbləğində aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Göygöl Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(066)-146/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 aprel 2019-cu il tarixli, AZ-İV seriyalı, 269925 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır.

2. Göygöl Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(066)-789/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 08 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək 08 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün məhkəmə tərəfindən qət edilmiş ¼ hissədə alimentin dəyişərək sabit pul məbləğinə keçirilməsi və hər ay onun xeyrinə 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci il tarixində faktiki olaraq ailə qurmuşlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından 08 sentyabr 2018-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı Cavabdeh ilə bir müddət normal yaşadıqdan sonra aralarında narazılıqlar olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən cavabdehlə aralarında olan ər-arvad münasibətlərinə son qoymaq məcburiyyətində qalmışdır. İddiaçının hazırda Cavabdeh ilə heç bir əlaqəsi yoxdur. İddiaçı ilə cavabdeh ayrıldıqları müddət ərzində cavabdeh uşağına könüllü maddi və mənəvi yardım göstərməmişdir. Hazırda iddiaçı azyaşlı uşağı ilə birlikdə maddi çətinlik çəkir. Bu səbəbə görə də iddia ilə məhkəməyə müraciət etmişdir.

5. Göygöl Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(066)-146/2023 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın qismən təmin edilməsi, 08 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-789/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ, 34-cü maddəsinin İV bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2, 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(066)-146/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini və sabit pul məbləğində alimentin miqdarının 120 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə onun əlil olmasını, əmək qabiliyyətsiz olmasını, heç bir yerdən qazancının və gəlirinin olmamasını nəzərə almamışdır. O 120 manat məbləğində aliment ödəyə bilər. Həmin məbləği də anasının köməkliyi ilə onun pensiyasından ödəyəcəkdir. Məhkəmə onun 2-ci dəfə ailə qurmasını, həmin nikahdan da bir uşağının olmasını da nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, bununla belə İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını və Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-146/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

12. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

15. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur.

16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

18. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Qanunu Maddə 1. 2023-cü ilin yaşayış minimumu ölkə üzrə 246 manast, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

22. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

25. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

27. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(066)- 146/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Beləliklə, işin araşdırılmış halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh qarşı alimentin növünün dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından 08 sentyabr 2018-ci il təvəllüdlü X3 adlı uşaqları dünyaya gəlmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-789/2021 nömrəli qətnaməsi ilə X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 hissəsində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı alimentin sabit pul məbləğində tutulmasına dair iddia ərizəsi ilə müraciət edərək cavabdehdən uşağın saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, qanunvericiliyə görə alimentin hansı formada tutulmasını seçim hüququ iddiaçıya məxsusdur. Qeyd edilən qətnamə ilə alimentin cavabdehin qazancının və başqa gəlilərinin ¼ hissəsində tutulması qət edilsə də cavabdeh hazırki iddia ilə sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində alimentin formasının dəyişdirilməsini mübahisələndirməmiş, sabit pul məbləğində alimentin miqdarının azaldılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili ikinci dəfə ailə qurması, həmin nikahdan da himayəsində bir uşağının olması, heç bir yerdə işləməməsi və gəliri olmamasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər cavabdehi uşağının saxlanılmasında maddi iştirakdan azad etmir. Həm də aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində alimentin miqdarını müəyyən edərkən uşağın maddi tələbatını və tərəflərin maddi və digər diqqətəlayiq hallarını nəzərə almışdır.

33. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi (illik ödəniləcək alimentin miqdarı) iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli 2(066)-146/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar