Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1190/2025 02.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin 2(062)-443/2023 saylı mülki iş üzrə qəbul etdiyi 23 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və X5 Kəmərinin çəkilməsi ilə əlaqədar həmin torpaq sahəsinin əvəzinə ödənilmiş kompensasiya məbləğinin ona məxsus olan 2336 kv.m hissəsinin əvəzinə ödənilməli olan 10.426 manatın və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh1 (bundan sonra- cavabdeh) Rayon Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, ərizənin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsi “ərizənin təmin edilməməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müddətin bərpasına dair ərizəsinə müddətin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut əlavə etməmişdir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin qəbul edilməsindən xəbərləri olmamış və məhkəmə iclasında iştirak etmədiklərinə görə sübutları məhkəməyə təqdim edə bilməmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, cavabdeh şikayətində qətnamənin qəbul edilməsindən məlumatlı olmadıqlarını və məhkəmə iclasında iştirak etmədiklərini bildirsə də Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh1 nümayəndəsi qismində X2 məhkəmə iclasında iştirak etmişdir. Həmçinin mülki işin 117-ci vərəqində olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəki çıxarışdan görünür ki, Tovuz Rayon Məhkəməsinin 25 iyul 2023cü il tarixli, 2(062)-443/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 elekton kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə elektron kabinet vasitəsi ilə 09 oktyabr 2025-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1190/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1190/2025
02.06.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver