Məhkəmə qərarları › İş №2(104)-1191/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1191/2025

18.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1191/2025 18.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin təyin edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-182/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21 iyul 2013-cü ildə Daşkəsən şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X5r. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 24 iyul 2013-cü ildə 268 nömrə ilə qeyd edilmişdir.

2. Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2(030)-68/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 24 iyul 2013-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 80 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydi aparılarkən Cavabdeh nikahdan əvvəlki “Hüseynova” soyadını bərpa etmək hüququnun olması, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququnun izah edilməsi, tərəflərin birgə nikahından 22 may 2012-ci ildə doğulmuş X10 Cavabdeh, 21 iyul 2013-cü ildə doğulmuş X9 isə İddiaçı yanında saxlanılması, 22 may 2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 25 aprel 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay İddiaçı aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi, İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 55 (əlli beş) manat məbləğində mediasiya xərcinin Cavabdeh alınıb İddiaçı verilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 dekabr 2024-cü il tarixli MŞG/1/MT007/2024-02560 nömrəli arayışdan görünür ki, İddiaçı “atanın himayəsində olan uşağın saxlanması üçün aliment tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 29 dekabr 2024-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 05 iyul 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, himayəsində olan 21 iyul 2013-cü il təvəllüdlü X1 üçün hər ay Cavabdeh 245 manat məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 24 iyul 2013-cü ildə ailə qurmuşlar. Birgə nikahlarından 22 iyun 2012-ci ildə Zamin və 21 iyul 2013-cü ildə Zamiq adlı iki uşaqları doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-68/2024 saylı qətnaməsi ilə nikahları pozulmuş, 22 may 2012-ci ildə doğulmuş X10 Cavabdeh, 21 iyul 2013-cü ildə doğulmuş X9 isə onun himayəsində saxlanılmış, 22 may 2012-ci ildə doğulmuş X2 üçün aylıq qazancının ¼ hissəsi miqdarında aliment təyin edilmişdir. O, da himayəsində olan 21 iyul 2013-cü ildə doğulmuş X7 maddi təminatı üçün cavabdehdən aliment tələb edir.

6. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-182/2025 nömrəli qətnaməsi (hakim Kənan Vəliyev) ilə, iddianın qismən təmin edilməsi, 21 iyul 2013-cü ildə X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 30 yanvar 2025-ci ildən başlayaraq hesablanmaqla hər ay Cavabdeh ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilməsi, Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X8 ödənilməsi, qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəilə bağlı qeyd etmişdir ki, iddiaçı uşaqlarının saxlanması üçün 245 manat məbləğində təyin olunmasını tələb edir. Lakin, iddiaçı məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı iş yerinə və qazanca malik olmaqa, uşağın maddi təminatının həyata keçirilməsində daha geniş imkana malikdir.

8. Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 21 iyul 2013-cü ildə X7 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh 30 yanvar 2025-ci ildən başlayaraq hesablanmaqla ölkə üzrə minumum əmək haqqının 0,25 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 58.1, 58.2, 60.1, 75, 78.1 və 78.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3, 216- 220, 227, 233-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(030)-182/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işə baxan məhkəmə onun maddi vəziyyətimdə dəyişiklik olmasını müəyyən etmədən iddianı qismən təmin edərkən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

17. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

22. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

23. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

25. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

26. Maddə 1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

45. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsində maddi və prosessual hüquq normaları pozulmuş, bu da mübahisələndirilən hissədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

46. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 24 iyul 2013-cü ildə ailə qurmuşlar. Birgə nikahlarından 22 may 2012-ci ildə X10 və 21 iyul 2013-cü ildə X9 doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 25 aprel 2024- cü il tarixli 2(030)-68/2024 saylı qətanməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 24 iyul 2013-cü il tarixdə Daşkəsən rayon Qeydiyyat şöbəsində 80 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından 22 may 2012-ci ildə doğulmuş X10 Cavabdeh, 21 iyul 2013-cü ildə doğulmuş X9 isə İddiaçı yanında saxlanılması, 22 may 2012-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 25 aprel 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay İddiaçı aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir.

47. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

48. Həmçinin, Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

49. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.

50. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.

51. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir.

52. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

53. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı, himayəsində olan 21 iyul 2013-cü il təvəllüdlü X3 üçün hər ay 245 manat məbləğində aliment ödənilməsi tələbi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmişdir.

54. Birinci instansiya məhkəməsi təqdim edilmiş sənədləri, tərəflərin izahatlarını və qanunvericiliyin müvafiq müddəalarını nəzərə alaraq iddianı qismən təmin etmiş, cavabdehdən hər ay ölkə üzrə minimum əmək haqqının 0,25 misli həcmində aliment tutulması barədə qətnamə qəbul etmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi və faktiki baxımdan qanuna zidd qəbul edilmiş, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, iddianın əsassız olmasına baxmayaraq qismən təmin olunmuşdur.

56. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75 və 78-ci maddələrinə əsasən, uşağın saxlanılması üçün aliment tutulması tələbi yalnız digər valideynin aliment ödəmək imkanlarının mövcudluğunu sübuta yetirən şəraitdə qanuni sayılır. Bu kontekstdə sübutetmə və təqdim etmə vəzifəsi iddianı irəli sürən şəxsə – iddiaçıya aiddir.

57. İş materiallarının təhlili nəticəsində müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə cavabdehin əmək fəaliyyəti, iş yeri, gəlir səviyyəsi və maddi vəziyyəti barədə heç bir rəsmi və hüquqi qüvvəyə malik sənəd təqdim etməmiş, cavabdehin aliment ödəmək qabiliyyətini yalnız ümumi və subyektiv iddialarla əsaslandırmağa çalışmışdır.

58. Ailə Məcəlləsinin 78.3-cü maddəsində göstərilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

59. Bu maddə, uşaqlar valideynlər arasında bölündükdə və hər bir valideynin yanında bir uşaq saxlanıldıqda, eyni zamanda valideynlərin sosial və maddi vəziyyəti arasında ciddi fərq yarandıqda, az təminatlı valideynin xeyrinə alimentin sabit məbləğdə müəyyən edilməsini nəzərdə tutur.

60. Bu norma aşağıdakı hallarda tətbiq edilməlidir: Valideynlərdən biri daha yüksək gəlirə, digəri isə aşağı və ya heç bir gəlirə malikdirsə; Hər bir valideyn bir uşağı ayrı-ayrılıqda himayəsində saxlayırsa; Uşaqların saxlanma səviyyəsində bərabərlik prinsipi pozulursa; Aliment yalnız sosial ədalət və uşağın maraqlarını qorumaq məqsədilə, digər valideynə dəstək məqsədi daşıyır.

61. Bu maddənin hüquqi məqsədi, ailə münasibətləri pozulduqdan sonra uşaqlar arasında təminat bərabərliyinin qorunmasıdır. Əgər uşaq valideynlər arasında bölünübsə və valideynlərdən biri daha zəif sosial vəziyyətdədirsə (məsələn, işsiz, əlil, tək yaşayan qadın və s.), bu halda daha yüksək gəlirli valideyn digər valideynin xeyrinə aliment ödəməlidir.

62. İş üzrə təqdim olunmuş sənədlərin, tərəflərin izahatlarının və faktiki halların təhlili göstərir ki, tərəflərin nikahından doğulmuş iki azyaşlı övladlardan biri – X9 iddiaçının, digəri – X10 isə cavabdehin yanında saxlanılır. Beləliklə, tərəflərdən hər biri ilə bir uşaq qaldığı üçün hazırkı iş üzrə Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tətbiqi üçün formal əsas mövcuddur.

63. Lakin, bu maddənin tətbiqi üçün təkcə uşaqların valideynlər arasında bölünməsi deyil, valideynlər arasında təminat baxımından fərqlilik və sosial qeyri-bərabərlik əsas şərtdir. Qanunvericilik bu halda az təminatlı valideynin maraqlarının müdafiəsinə yönəldilmişdir.

64. İş materiallarında mövcud olan izahatlara və təqdim edilmiş sübutlara əsasən, İddiaçı Goranboy rayonunda təsərrüfatda işləyərək qazanc əldə etdiyini bildirmiş, Cavabdeh isə heç bir yerdə işləmədiyini, gəlir və maddi vəsaiti olmadığını bəyan etmişdir. İş üzrə cavabdehin bu bəyanatını təkzib edən hər hansı maliyyə sənədi, gəlir mənbəyi və ya iş yeri haqqında rəsmi arayış təqdim olunmamışdır.

65. Belə olan halda, Ailə Məcəlləsinin 78.3-cü maddəsinin tətbiqi üçün əsas şərtlər mövcud olmadığından, həmin norma ilə Cavabdeh üzərinə sabit məbləğdə aliment öhdəliyinin qoyulması hüquqi cəhətdən əsaslı hesab edilmir.

66. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh az təminatlı valideyn olduğundan ondan uşağın saxlanılması üçün alimentin tutulması məqsədəmüvafiq deyildir.

67. Lakin, iddiaçı cavabdehin maddi gəlirlərinin olması və gəlir əldə etmək iqtidarında olduğunu bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

69. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

70. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

72. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

73. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

74. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

75. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

78. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından 22 may 2012-ci ildə doğulmuş Zamin adlı uşaq cavabdehin, 21 iyul 2013-cü ildə doğulmuş Zamiq adlı uşaq isə iddiaçının yanında saxlanılmışdır. 22 may 2012-ci ildə doğulmuş Zaminin yetkinlik yaşına çatanadək maddi təminatı üçün 25 aprel 2024-cü il tarixdən başlayaraq hesablanmaqla hər ay İddiaçıovdan aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı az təminatlı digər valideynin Cavabdeh xeyrinə aliment tutulmuşdur. Baxılan işdə təqdim olunmuş sənədlərin və işin faktiki halların təhlili göstərir ki, keçən müdət ərzində Cavabdeh maddi vəziyyətində heç bir dəyişiklik olmamış və o az təminatlıdır.

79. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

80. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

81. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti alimentin tutulması hissəsində 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

82. Eyni zamanda mediasiyada ödənilmiş xərclər iddiaçıya aid edilməlidir.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382.1, 384.0.2, 385.1, 388, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-182/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Mediasiyada ödənilmiş xərclər iddiaçıya aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar