Məhkəmə qərarları › İş №2(104)-1194/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1194/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1194/2024 29.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2853/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 Saylı X2 arayışından görsənir ki, İddiaçı 2-ci qrup əlilliyə görə 344.31 (üç yüz qırx dörd manat otuz bir qəpik) manat əmək pensiyası alır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona sabit pul məbləğində hər ay 150 (yüz əlli) manat aliment tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 80 yaşı var. Gözləri zəif görür və müalicə olunur. Əmək qabiliyyəti yoxdur. Oğlu, Cavabdeh isə Bakı şəhərində Dəmiryol Polisində işləyib və yüksək pensiya alır, həmçinin fərdi əməklə məşğuldur, kifayət qədər gəliri var. Dəfələrlə ona müraciət edib maddi yardım istəsə də övladlıq borcunu yerinə yetirməyib ona yardım göstərməkdən imtina edir. O, isə onun köməkliyi ilə düzəlib. Onun maddi yardıma ehtiyacı olduğu vaxtlarda o ona yardım göstərmiş və valideynlik vəzifələrini layiqincə yerinə yetirmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edib cavabdehdən məhkəmə qaydasında aliment tələb edir.

4. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz verərək, İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Etiraz ərizəsi onunla əsaslandırmışdır ki, o iddiaçının birinci nikahından olan övladıdır. Hələ anasının sağlığında atası başqa qadınla ailə qurmuş və ondan da ayrılaraq 3-cü dəfə ailə qurmuşdur. İkinci ailəsindən iki övladı var və həmin uşaqların saxlanması üçün aliment ödəmişdir. Hazırda 3-cü nikahından olan övladı ilə yaşayır, o övladı da hərbiçidir. Arvadı Mehparə MKTB də işləyir və özünün dediyinə görə 400 manat əmək haqqı alır. Bundan başqa iddiaçı 380 manat pensiya alır. Özünün VAZ 21074 markalı və Toyota Prius avtomobilləri var. Qeyd edir ki, özünün isə heç bir əmlakı və gəlir gətirən obyekti yoxdur. Ailəsi 5 nəfərdən ibarətdir. Özü təqaüd alır. Ayaqlarında damar genişlənməsi var, ürəyindən də damar tutulmasından əziyyət çəkir. Heç bir yerdə işləmir. Anası rəhmətə gedəndən sonra iddiaçı (atası) babasının köməkliyi ilə tikdirmiş evi 15000 dollara satmış, onlara bir manat da verməmişdir. İddiaçı ata kimi ona heç bir zaman nə maddi nə mənəvi dəstək olmamışdır. Maraqlıdır, indi o nə üzlə ondan aliment tələb edir.

6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2853/2023 nömrəli qətnaməsi (hakim Şəfəq Məmmədova) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3, 82.4, 82.5 və 82.6-cı maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6, 119.1, 119.2, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2853/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun 80 yaşı var. İİ qrup əlilliyə görə 340 manat pensiya alır. Görmə qüsuru var. Ürəyindən müalicə alır və prostat xəstəliyi var. Hər üç xəstəliyə görə əməliyyat olunmalıdır. Buna görə də müəyyən məbləğdə pul lazımdır. Bundan başqa həmin xəstəliklərə görə də müalicə alır. Həmçinin, evin kommunal xərclərini ödəyir. Aldığı pensiya müalicəni, dərmanı və kommunal xərclərini ödəmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

13. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.

14. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

15. Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

16. Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

17. Maddə 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

23. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2853/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı oğludur. İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. İddiaçı Şəmkirdə ailəsi ilə yaşayır, 344.31 manat pensiya alır, cavabdeh isə Bakıda yaşayır. Hazırda iddiaçı əlil olduğundan və maddi imkanı zəif olduğu üçün cavabdehdən aliment tələb edir.

35. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İİ qrup əlil olmaqla heç bir yerdə işləmir, maddi cəhətdən köməyə ehtiyacı var, uşağından hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir.

36. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsi ilə yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq onların vəzifəsi kimi müəyyən edilmişdir.

37. Həmin maddənin tələblərinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

38. Deməli, valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olmasının müəyyən edilməsi əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlardan aliment tutulması üçün əsasdır.

39. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə əmək qabiliyyəti olmayan şəxslər sırasına əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar aid edilmişdir.

40. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, ididaçı İİ qrup əlilliyə görə əmək pensiyası alır.

41. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, qanunvericlik valideynlərin uşaqlarından aliment tələb etməsini valideynin özünün əmək qabiliyyətli olmaması və maddi yardıma ehtiyacının olması ilə şərtləndirmişdir. Hazırkı işdən görünür ki, iddiaçıya münasibətdə bu dispozitiv şərtlər mövcud olmamışdır. Belə ki, işdən görünür ki, iddiaçı pensiyasının məbləği hazırda 204,95 manat və sosial müavinat məbləği isə 344,31 manat təşkil edir.

42. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “2023-cü il üçün yaşayış minimumu ölkə üzrə pensiyaçılar üçün 199 manat müəyyən edilmişdir”.

43. Göründüyü kimi, iddiaçının aldıqları pensiyanın məbləği ölkə üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumundan artıq olmuşdur.

44. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, maddi yardıma ehtiyaclarının olmasını və sair göstərsə də, birinci instansiya məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPMin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

47. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir.

48. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

51. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2853/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar