Məhkəmə qərarları › İş №2(104)-1194/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1194/2025

09.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1194/2025 09.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə və üçüncü şəxs X4 nümayəndəsi (anası) X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1849/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1849/2025 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh ilə Kazımzadə (Ağayeva) Afaq Vidadi qızının birgə nikahından 20 may 2015-ci il tarixdə anadan olmuş X11 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərin) dörddə bir hissəsinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-1849/2025 saylı qətnaməsinin qismən ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin hallari: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 20 may 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq ümumi qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 20 may 2015- ci il tarixində oğlu X11 dünyaya gəlmişdir. Lakin sonradan onların şəxsi münasibətləri pisləşmiş və ayrılmaq qərarına gəlmişlər. Nikahları pozulan zaman oğlu onun yanında saxlanılmışdır. Bildirmək istəyir ki, artıq xeyli vaxtdır ayrı yaşasalar da, cavabdeh uşağın necə saxlanılması barədə maraqlanmır. Halbuki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh hazırda X12 işləyir və yüksək məbləğdə əmək haqqı alır. Yəni cavabdehin kifayət qədər qazancı olsa da, bunun müqabilində öz övladı üçün aliment ödəmək istəmir. Cavabdehin uşağın saxlanılmasında ona maddi köməklik göstərmədiyinə görə çox böyük çətinlik çəkir. Ona görə də məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmənin alimentin miqdarına münasibətdə işin hallarına obyektiv qiymət verilməmişdir. Belə ki, əvvəla qeyd edilməlidir ki, Cavabdeh himayəsində başqa evlilikdən X14 adlı uşağı da vardır və hər ay həmin uşağa 160 manat məbləğində aliment ödəyir. İddiaçının himayəsində qalan uşaq üçün hazırda müəyyən edilmiş alimentin belə yüksək kəsilməsi cavabdehin digər uşağının birbaşa mənafelərinə mənfi təsir göstərir. Belə ki, iddiaçının iki uşağı olduğu halda, məhkəmə iddiaçıdan ailə qanunvericiliyinin bir uşağa görə müəyyən etdiyi məbləğdə, yəni aylıq qazancın 1/4 hissəsi məbləğində alimentin tutulmasını qət etmişdir. Hazırda, iddiaçının himayəsində yaşayan uşağa görə ödəniləcək məbləğ cavabdehin digər uşağına ödədiyi məbləğdən çox fərqlidir. Halbuki, digər uşaq da nəzərə alınmalı və uşaqlar arasında fərq qoyulmamalı idi. Bundan başqa, məhkəmə iddiaçının özünün də işləyib yüksək əmək haqqı almasını nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə işin hallarına uyğun olmayan, qeyri-qanuni qərar qəbul etmişdir. Qanunvericiliyin 1 uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsinin tutulması barədə müddəasi imperativ olmayaraq, tərəflərin ailə və maddi vəziyyəti ilə əlaqəli olan hallardan asılı olaraq dəyişməsini də nəzərdə tutmuşdur. Hazırkı halda, məhkəmə cavabdehin himayəsində iki uşağın olmasını və onlardan birinə görə 160 manat alimentin müəyyən edildiyini, eləcə də iddiaçının özünün də işləyib yüksək əmək haqqı almasını nəzərə almamışdır. Məhkəmə Plenumun göstərişinə əməl etməmiş, cavabdehdən elə bir miqdarda aliment tutulmasını müəyyən etmişdir ki, iddiaçının yanında yaşayan uşağın əvvəlki təminat səviyyəsindən çox üstün olmuş, digər uşağın isə maddi vəziyyətinə mənfi təsir etmişdir. Eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətləri məhkəmə tərəfindən araşdırılmamışdır. Əks halda, iddia təmin edilməməli idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı qətnamə çıxararkən hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və qanunu səhv təfsir etməklə yuxarıda qeyd edilən maddi hüquq normalarını pozmuş, nəticədə qeyri-qanuni qərar qəbul etmişdir. Məhkəmə onun himayəsində başqa uşağın olması kimi əhəmiyyətli sübuta hüquqi əhəmiyyət verməmiş, mediasiya sazişi əsasında ona da aliment ödədiyini sübut hesab etməyərək yuxarıda qeyd edilən prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdeh və üçüncü şəxs nümayəndə vasitəsilə təmsil olunsalar da özləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi (anası) X16 qanunauyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 xx.xx.2015-ci ildə anadan olmuşdur, atası Cavabdeh, anası Ağayeva (Kazımzadə) Afaq Vidadi qızıdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 nikahları xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, X17 və Cavabdeh qeyri-rəsmi nikahdan doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment pulunun müəyyən edilməsinə və X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 manat aliment pulunun hər ayın 1-i tarixindən 5-i tarixinə kimi Cavabdeh tərəfindən X2 göndərilməsinə razılaşmışlar. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili tərəfindən təqdim edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh birgə nikahdan xx.xx.2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün öz aralarında Məhkəmə tərəfindən müəyyən olunmuş 160 manat aliment pulunun əmək haqqından tutulmamasına və könüllü olaraq ata Cavabdeh xx.xx.2024-cü il tarixi ilə xx.xx.2024-cü il tarixi (arasında) daxil olmaqla hər ay 200 manat aliment pulunu ana İddiaçı aid Bank kartına göndərməsi üçün razılıq əldə etmiş və öz üzərlərinə öhdəlik götürmüşlər. İş materiallarında olan X13 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, İddiaçı mediasiyaya müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan uşaqlarının saxlanması üçün ödənilməli olan aylıq alımentin Cavabdeh aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsi barədə Cavabdeh təklif göndərmişdir İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət X18 Hüquqi Şəxsin dövlət qulluqçusu-böyük məsləhətçi vəzifəsində işləyir və onun əmək haqqı 1997 manatdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahda olmuş, birgə nikah münasibətlərindən xx.xx.2015-ci il tarixdə X11 adında bir uşaqları doğulmuş, tərəflər arasında bağlanmış nikah sonradan pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2015-ci ildə anadan olmuş X11 anası İddiaçı himayəsində qalmışdır. Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli barışıq sazişi ilə İddiaçı və Cavabdeh birgə nikahdan xx.xx.2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün öz aralarında məhkəmə tərəfindən müəyyən olunmuş 160 manat aliment pulunun əmək haqqından tutulmamasına və könüllü olaraq ata Cavabdeh xx.xx.2024-cü il tarixi ilə xx.xx.2024-cü il tarixi (arasında) daxil olmaqla hər ay 200 manat aliment pulunu ana İddiaçı aid Bank kartına göndərməsi üçün razılıq əldə etmiş olsalar da, İddiaçı xx.xx.2025ci il tarixdə əmək haqqına görə alimentin təyin edilməsi barədə mediasiya təşkilatına müraciət edərək Cavabdeh təklif ünvanlamış, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı cavabdehin barışıq sazişi ilə ödəməli olduğu alimentin uşağın saxlanması üçün yetərli olmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həm də müəyyən olunmuşdur ki, cavabdehin işə üçüncü şəxs kimi cəlb edilmiş X15 ilə qeyri-rəsmi nikahından xx.xx.2021-ci il tarixdə X14 adında bir uşağı da dünyaya gəlmiş, Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən onun saxlanması üçün hər ay sabit pul məbləğində 160 manat aliment ödəməsi ilə bağlı X15 ilə razılığa gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə uşağın mənafeyini nəzərə alaraq yetkinlik yaşına çatmamış 20 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsini qət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.8-ci bəndində göstərilir ki, aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. İşdən göründüyü kimi bundan əvvəl cavabdehdən xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə aliment barışıq sazişi əsasında sabit pul məbləğində tutulmuş, iddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək cavabdehin qazancı müntəzəm olduğuna görə qazancının (gəlirinin) dörddə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Həm də məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbinə əməl edərək iddia tələbi həcmində işə baxmış və qətnamə çıxarmışdır. İşdən görünür ki, məhkəmə iddia tələbini təmin edərkən işin bütün hallarını, o cümlədən cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasına əsaslanmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə alimentin məbləğini müəyyən edərkən onun maddi vəziyyətini, himayəsində başqa azyaşlının olmasını, iddiaçının özünün də işləyib yüksək əmək haqqı almasını nəzərə almamışdır. Apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi cavabdehdən iddiaçının xeyrinə aliment bundan əvvəl sabit pul məbləğində və hər ay 200 (iki yüz) manat olmaqla müəyyən edilmişdir. Lakin hazırda iddiaçı ərizə ilə müraciət edərək alimenti cavabdehin qazancının (gəlirinin) ¼ hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan göründüyü kimi cavabdehin aldığı aylıq əmək haqqı 1997,0 manat təşkil edir. 1997,0 manatın ¼ hissəsi 499,25 manat, yəni 200,0 manatdan artıq təşkil edir. Göründüyü kimi alimentin cavabdehin qazancının hissəsi kimi müəyyən edilməsi tərəflərin birgə nikahından doğulmuş uşağın maddi təminatının daha yaxşı təmin edilməsinə xidmət edir. Apellyasiya şikayətinin himayəsində olan digər uşağın nəzərə alınmaması ilə bağlı kollegiya qeyd edir ki, əvvəla iş materialları ilə X5 Cavabdeh yox, X8 himayəsində olduğu görünür (Cavabdeh X9 görə X8 xeyrinə aliment ödəyir). İkincisi, X1 üçün Cavabdeh tutulan alimentin miqdarı sabit pul məbləğində hər ay 160 manat miqdarında müəyyən edilmişdir. Yəni iki uşaq üçün cavabdehdən tutulan alimentin cəmi məbləği cavabdehin aylıq qazancının (gəlirinin) 1/3 hissəsindən az məbləğ təşkil edir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Apellyasiya şikayətinin iddiaçının özünün də işləyib yüksək əmək haqqı almasını nəzərə almaması dəlilinə gəldikdə kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Ona görə ki, himayəsində yetkinlik yaşına çatmayan uşağı olan valideynin yüksək qazanc (gəlir) əldə etməsi onu himayəsində olan uşağa görə uşağını saxlamaq öhdəliyi olan digər valideyndən aliment almaq hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, mübahisənin həllində maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1849/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1849/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar