Məhkəmə qərarları › İş №2(104)-1221/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1221/2023

24.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1221/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(066)-339/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(066)-339/2023 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(066)-339/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında Gəncə şəhər 5 saylı notariat ofisində qeydə alınmış xx.xx.2016-cı il tarixli, 3M-55 reyestr nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(066)-900/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərimişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2801/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il 2(066)-900/2022 saylı qərardadı ləğv edilərək iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29 mart 2016-cı il tarixdə cavabdehlə aralarında formal olaraq kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə guya cavabdeh ona 100.000 manat məbləğində borc vermişdir. O da qeyd olunan borcu xx.xx.2021-ci il tarixədək qaytarmalıdır. Halbuki cavabdeh ona bir qəpik də olsun pul verməmişdir. Buna baxmayaraq cavabdeh onun etibarından istifadə edərək notariusla əlbir olaraq ona saxta müqaviləyə imza etdirmişlər. Müqavilənin bağlanmasına səbəb isə cavabdehlə biznes şəriki olması olmuşdur. Cavabdeh ona inanmamasına görə formal olaraq müqavilə bağlanmasını bildirmişdir. O da cavabdehə inanıb müqaviləyə imza etmişdir. Bu səbəbə görə də o, məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmə işə baxaraq iddianı rədd edərkən bütün qanunvericlik normalarını sadalasa da mübahisələndirilmiş formal müqavilənin qanuni və əsaslığına heç bir qiymət verməmişdir. O iddia ərizəsində də müqavilənin formal olaraq bağlandığını, cavabdehin onu aldadaraq formal müqaviləyə imza etdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi isə iddianın təmin edilməməsinə əsas kimi Göygöl rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 673/2021 saylı qətnaməsinin olmasını göstərmişdir. Qeyd olunan qətnamə üzrə ondan 100000 manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Halbuki, həmin qətnamə üzrə aralarında olan formal kredit müqaviləsi qanuni-qanunsuz olmasına heç bir qiymət verilməmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericlik aktları ilə təminat verilən hüquqların pozulması ilə çıxarılmaqla onun onsuz da çətin olan maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 29 mart 2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh və borc alan İddiaçıdur. Borc verən borc alana 100.000 manat məbləğində pul borc verir. Borc alan krediti xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsni şərtləşdirmişlər. Tərəflər müqavilənin şərtlərini oxuyaraq imzalamışlar. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti Başçısının Balçılı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 258 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda Göygöl rayonu Balçılı kəndində yaşayır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 2(066)-673/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə müəyyən olunmuş 100000 (bir yüz min) manat borcun tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Göygöl Rayon Məhkəməsinin 2(066)-673/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3100/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-439/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh özünə məxsus daşınmaz əmlakları (evi və torpaq sahəsini) satmaq məqsədi ilə bacısı oğlu olan İddiaçı etibarnamə vermi sonuncu cavabdehə məxsus əmlakları onun adından digər şəxsə satmış, lakin pulunu cavabdehə verməmişdir. Cavabdehin müxtəlif orqanlara şikayətindən sonra İddiaçı təklifi ilə onunla Cavabdeh arasında satılmış əmlakların dəyəri olaraq 100 000 manat borca dair Gəncə şəhəri 5 saylı notariat kontorunda 29 mart 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və İddiaçı 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür, lakin iddiaçı həmin məbləği cavabdehə qaytarmamışdır. Ona görə də Cavabdeh İddiaçı qarşı borc pulun qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi Göygöl Rayon Məhkəməsinin 2(066)- 673/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış həmin 29 mart 2016-cı il tarixli müqaviləninləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan müqavilə etibarlı olduğundan və həmin müqavilənin ləğv edilməsi üçün heç bir hüquqi əsas olmadığından yuxarıda qeyd edilən məhkəmə qətnamələri qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, kredit müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdır. Odur ki, qeyd olunanlara əsasən iddiа tələbi təmin edilməməlidir Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər arasındakı münasibət borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləridir. Kredit müqaviləsinin bağlanmasında heç bir qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin müqavilənin formal olaraq bağlandığı, cavabdehin onu aldadaraq formal müqaviləyə imza etdirdiyinə dair dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, şikayətin həmin dəlilləri əsassızdır. Çünki qanuni qüvvəsini almış məhkəmə aktları ilə İddiaçı Cavabdeh 100.000 manat borclu olduğu təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Göygöl Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(066)-339/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(066)-339/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar