Məhkəmə qərarları › İş №2(104)-1230/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1230/2024

21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1230/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: Aliment tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(023)-253/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci ildə anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır.

2. Elektron sorğuya cavabdan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində göyərtə matrosu işləyir və aylıq əməkhaqqısı 1369 manat təşkil edir.

3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11 avqust 2023-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 noyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2016-cı ildə faktiki ailə qurmuşdur. Onların ailə münasibətlərindən 13 noyabr 2018-ci il təvəllüdlü Ömər adlı uşaqları anadan olmuşdur. Həmin uşaq hazırda onun himayəsində yaşayır. Cavabdehlə evləndiyi ilk vaxtlar münasibətləri normal olsa da, sonradan xasiyyətlərinin uyğunlaşmaması səbəbindən ayrılmışlar. Cavabdeh birgə ailə münasibətlərindən doğulmuş uşağın saxlanılmasına köməklik göstərmir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir və yüksək əmək haqqı alır.

6. Qazax Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(023)-253/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilərək, 20 dekabr 2023-cü il tarixdən başlayaraq 13 noyabr 2018-ci ildə doğulmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi; Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməsi; Qətnamə dərhal icra edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1, 75.1, 75.4, 76.1.1 və 100.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin aliment məbləği hissədə dəyişdirilərək, onun real əməkhaqqının, yəni 638 manat məbləğin ¼ miqdarında aliment tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, göndərilmiş elektron sorguya əsasən onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətində göyərtə matrosu işləməsi və aylıq əməkhaqqının 1369 manat təşkil etməsi qeyd olunmuşdur. Sorguya gələn cavabda göstərilən məbləğ həqiqəti əks etdirmir, bu cavabdehin yekun aldığı əmək haqqı deyil. Belə ki, qeyd olunan məbləğdən hər ay müəyyən tutulmalar olur. Həmçinin onun qeyd olunan əməkhaqqını alması üçün onun həm gündüz, həm də gecə növbəsində dayanmadan işləməsi tələb olunur. Bu isə qanunvericiliyə zidddir. Elektron sorğuda göstərilən məbləğ onun maddi sıxıntı yaşadığı zaman bir neçə növbədə işləyib, müəyyən əlavə işlər görməsinin müqabilində ödənilən məbləğdir. Ancaq həmin məbləğ onun real və daimi aldığı əməkhaqqı deyil. Onun real əməkhaqqı 638 manatdır. Daimi əlavə gəliri olmadığından hesab edir ki, əlavə gəlirlərdən aliment tutulmamalıdır. Çünki həmin əlavə gəlirlər onun iş saatlarından asılıdır və daimi deyildir. Bundan başqa, o yenidən ailə həyatı qurmuşdur. Eləcə də, öz ana-atasını da dolandırır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, onun aldığı real əməkhaqqı 638 manatdır. Elektron sorğuda göstərilən əməkhaqqı məbləğini hər ay qazanmır. Sorğuda göstərilən məbləğdə əməkhaqqı əldə etmək üçün gecə və gündüz növbələrində işləməlidir. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almadan qətnamə qəbul etmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin aliment məbləği hissədə dəyişdirilərək, onun real əməkhaqqının, yəni 638 manat məbləğin ¼ miqdarında aliment tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X3 da hüquqlarını müdafiə etdiyi şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin aliment məbləği hissədə dəyişdirilərək, cavabdehin real əməkhaqqının, yəni 638 manat məbləğin ¼ miqdarında aliment tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

15. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

19. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

20. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

31. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi tam təmin olunmuş və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni yalnız alimentin məbləği hissədə mübahisələndirməklə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək alimentin hər ay aldığı 638 manat əməkhaqqının ¼ miqdarında tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən, yəni alimentin tutulması hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan, yəni alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər faktiki ailə qurmuşlar və onların ailə münasibətlərindən 13 noyabr 2018-ci il təvəllüdlü Ömər adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və onların birgə ailə münasibətlərindən anadan olmuş Ömər adlı uşaq iddiaçı (ana) İddiaçı himayəsində qalmışdır. Bununla yanaşı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində göyərtə matrosu işləyir. İddiaçı Cavabdeh birgə nikahlarından anadan olmuş Ömər adlı uşağın saxlanılması üçün köməklik göstərmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də adı qeyd olunan uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutmuşdur. Cavabdehin dəlili ondan ibarətdir ki, onun aldığı real əməkhaqqı 638 manatdır. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış elektron sorğuya cavabda göstərilən 1369 manat əməkhaqqı gecə və gündüz növbəsində işlədiyi ay üzrə ona verilən əməkhaqqı olduğundan həmin məbləğdə əməkhaqqı onun real gəliri kimi qəbul edilməməlidir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə dəyişdirilməsi üçün hər hansı əsas mövcud deyil.

35. İş materiallarına əlavə edilmiş elektron sorğuya cavabdan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində göyərtə matrosu işləyir və aylıq əməkhaqqısı 1369 manat təşkil edir. Göründüyü kimi, ata Cavabdeh aylıq qazancı mövcud olmaqla yanaşı müntəzəmdir, habelə dəyişkən deyil.

36. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi ilə cavabdehin aldığı 1369 manat məbləğdə əməkhaqqının deyil, onun hər ay qazanacağı əməkhaqqının və başqa gəlirlərin ¼ hissəsi miqdarında aliment tutularaq tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş Ömər adlı uşağın saxlanılması üçün iddiaçıya ödənilməsi qət edilmişdir. Yəni, tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş uşağın saxlanılması üçün cavabdeh (ata) Cavabdeh tutulacaq aliment məbləği sonuncunun hər ay əldə edəcəyi qazanc (gəlir) məbləği ilə mütənasib olacaqdır.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(023)-253/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar