Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1241/2025 01.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: alimentin azaldılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2(076)-464/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-119/2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq, İddiaçı xx.xx.2015-ci il təvəllüdlü Kamran adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir;
2. Şəmkir Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli icra vərəqinin surətindən görünür ki, 10 yanvar 2014-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-124/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləği həddində və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1778/2020 saylı qətnaməsi ilə təyin edilmiş uşağın müalicəsi üçün əlavə pul vəsaitinin miqdarı artırılaraq 70 (yetmiş) manat həddində müəyyən edilmiş və cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir;
3. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2(076)-1840/2024 saylı icra vərəqindən görünür ki, 10 yanvar 2014-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–1683/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləği həddində və uşağın müalicəsi üçün əlavə pul vəsaitinin miqdarı artırılaraq hər ay 90 (doxsan) manat həddində müəyyən edilsin və cavabdeh İddiaçı alınıb iddiaçı Cavabdeh verilməsi qət edilmişdir;
4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;
5. Azərbaycan Tibb Universitetinin X6 tərəfindən verilmiş epikrizin surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə çənənin sol oynaq və tac çıxıntılarının rezeksiyası, Ankilotik toxumaların götürülməsi, sol oynaq çıxıntısının qabırğa qrefti kostoxondral autotransplantat ilə artoplastikası əməliyatı keçirilmiş və təkrar müayinələrdən keçməsi üçün müraciətlər edilməsi qeyd edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014cü il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1840/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş 190 manat məbləğində alimentin miqdarının azaldılaraq sabit 100 manat miqdarında, uşağın müalicəsi üçün təyin edilən 90 manat miqdarında sabit pul vəsaitinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Ayxan adlı övladı anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1683/2022 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixli, 2(076)-124/2020 saylı qətnamə ilə təyin olunan alimentin miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(104)-1778/2020 saylı qətnaməsi ilə müəyyən edilən müalicə xərci artırılaraq 70 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra Cavabdeh yenidən məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(076)-1840/2024 saylı qətnaməsi ilə aliment miqdarı artırılaraq 190 manat sabit pul məbləğində, uşağın müalicəsi üçün əlavə pul vəsaiti isə artırılaraq 90 manat miqdarında təyin edilmişdir. Aliment və müalicə pulunu ödəmək iqtidarında deyildir və buna görə də Şəmkir Rayon Məhkəməsinin 3(076)-1146/2023 saylı qərarına əsasən inzibati qaydada həbs edilmişdir. Bundan qabaq ailə həyatı qurduğu X4 ilə nikahından dünyaya gələn övladı X5 görə 150 manat aliment ödəyir və uzun sürən xəstəlikdən əziyyət çəkir. Məhkəmədə təyin edilən xəstəliklə bağlı pul vəsaiti lüzumsuz olaraq təyin edilir. Belə ki, övladı Ayxan əməliyyat olunmuşdur və onun hər hansı problemi yoxdur, müalicə almır.
8. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, İddiaçı ilə 2013-cü ildə ailə qurmuşlar. İddiaçı ilə birgə nikahdan xx.xx.2014-cü ildə Ayxan adlı uşağı dünyaya gəlmişdir. İddiaçıla aralarında olan narazılığa görə 2016-cı ildə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Ayxanın saxlanılması üçün 120 manat məbləğində aliment tutulması qət edilmişdir. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1840/2024 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2014-cü ildə anadan olmuş Ayxan adlı uşağın saxlanılması üçün təyin edilmiş aliment məbləği artırılaraq 190 manat müəyyən edilmiş və cavabdehdən uşağın müalicəsi üçün hər ay sabit pul məbləğində 90 manat əlavə xərcin tutulması qət edilmişdir. Övladı Ayxan orta məktəbə gedir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Konsultativ poliklinikasında və Azərbaycan Respublikası Tibb X1 Klinikasına övladı Ayxanın sol gicgah çənə oynağının ankilozu alt çənənin inkişafdan qalması, lateroqnatiya, birincili hissəli adentiya açıq dişlərin İİ dərəcəli anomaliya, çeynəmənin əhəmiyyətli pozulması diqanozu qoyulmuşdur. Hazırda övladının müntəzəm olaraq müalicəyə və müayinə ehtiyacı var. Övladının müayinə, müalicələrinə və dərmanlarına xeyli vəsait tələb olunur. Bu da iddiaçı tərəfindən ödənilən alimentin övladının təhsil, müalicə, müayinǝ, dərman, yemək və geyimək xərcələrini ödəmir. Həmçinin övladının 2024-cü ildə əməliyat olunmuş, lakin əməliyatdan sonrada övladı tam olaraq düzəlməmişdir. Hazırda övladının müalicə və müayinələri davam etməkdədir. İddiaçın verdiyi alimentlə övladının tələbatlarını ödəyə bilmir. Cavabdeh maddi cəhətdən övladına yardım göstərəcək iqtidarında olsa da, özü könüllü olaraq heç bir ödəniş etmir. Övladının əməliyyat xərclərini özü qarşılamışdır. Cavabdeh Ayxanın saxlanılması üçün qeyd oluna xərclərə görə əlavə maddi yardım göstərmir. Övladının maddi və mənəvi maraqlarını təmin etmir. Ailə qanunvericiliyinə əsasən uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Övladım müalicəsi və müayinəsi üçün dəfələrlə Bakı şəhərinə getmiş və hazırda da getməkdədir. Bilindiyi kimi bunlar üçün xeyli vəsait tələb olunmaqdadır. Lakin iddiaçının ödədiyi aliment pulu ilə bu qədər xərci qarşılamaq yetərli deyildir. Övladı müalicəsi və müayinəsi uzun illərdir ki davam edir və həkimlər bildirir ki, uzun müddətdə davam edəcəkdir. İddiaçı bir valideyn kimi öz vəzifəsini icra etməlidir.
9. Şəmkir Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2(076)-464/2025 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.2, 81.1, 81.2 və 112.1-ci maddələrinə, həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1840/2024 saylı qətnaməsi ilə aliment miqdarı artırılaraq 190 manat sabit pul məbləğində, uşağın müalicəsi üçün əlavə pul vəsaiti isə artırılaraq 90 manat miqdarında təyin edilmişdir. Aliment və müalicə pulunu ödəmək iqtidarında deyildir və buna görə də Şəmkir Rayon Məhkəməsinin 3(076)- 1146/2023 saylı qərarına əsasən inzibati qaydada həbs edilmişdir. Bundan qabaq ailə həyatı qurduğu X4 ilə nikahından dünyaya gələn övladı X5 görə 150 manat aliment ödəyir və uzun sürən xəstəlikdən əziyyət çəkir. Məhkəmədə təyin edilən xəstəliklə bağlı pul vəsaiti lüzumsuz olaraq təyin edilir. Belə ki, övladı Ayxan əməliyyat olunmuşdur və onun hər hansı problemi yoxdur, müalicə almır. Bildirir ki, bundan əvvəl nikahdan olan uşağına da aliment ödəyir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi ilk alimenti hələ də verə bilmədiyinə görə inzibati həbs edilmişdir. Uşaqların saxlanılması hər iki valideynin borcudur. Lakin buna baxmayaraq aliment artırılaraq ancaq atadan ödənişlər tələb edilir ki, bu da qanunvericiliyin tələblərinin pozulmasıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, rəsmi gəliri yoxdur. Günəmuzd fəhlə işləməklə qazanc əldə edir. Aylıq gəliri təqribən 150-200 manat civarında olur.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, xadiməçi işləyir və əmək haqqısı 450 manat təşkil edir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir. Eyni zamanda, uşağın müalicəsi də davam edir. Aliment məbləğinin və müalicə xərcinin azaldılmasına razı deyildir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 17.- 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur.
18. - 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. - 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
20. - 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
21. - 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə biləAzərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər faktiki ailə qurmuşlar və onların birgə ailə münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü Ayxan adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsi əsasında uşağın saxlanılması üçün iddiaçıdan (ata) cavabdehin (ana) xeyrinə aliment məbləği, eləcə də uşağın müalicəsi üçün əlavə xərc məbləği tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2(076)-1840/2024 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün təyin edilmiş aliment miqdarı artırılaraq 190 manat sabit pul məbləğində, uşağın müalicəsi üçün əlavə pul vəsaiti də artırılaraq hər ay 90 manat məbləğdə müəyyən edilmişdir. İddiaçı maddi imkanının aşağı olmasını və aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini, başqa nikahdan olan uşağınada aliment ödədiyini, habelə uşağın sağlam olduğunu və müalicə aparılması üçün vəsait tələb edilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
34. Hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
35. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
36. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli 2(076)-1840/2024 saylı qətnaməsinə əsasən 10 yanvar 2014-cü il tarixdə doğulmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–1683/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləği həddində müəyyən edilmiş və işə baxan məhkəmə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, alimentin həmin məbləğdə müəyyən edilməsi üçün Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur.
37. Kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının azaldılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Çünki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar alimentin artırılması barədə əvvəl işə baxılarkən mövcud olmuş (başqa nikahdan olan azyaşlı uşağına aliment ödəməsi, işləməməsi) və işə baxan məhkəmə tərəfindən həmin hallara qiymət verilmişdir.
38. Digər tərəfdən «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 235 manat və 2025-ci il üçün isə 246 manat məbləğində müəyyən edilmişdir.
39. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir.
40. Qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş alimentlərin miqdarından isə görünür ki, onlar hazırki vaxtda ölkə üzrə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunan xeyli aşağı həddindədir. Belə olan halda isə, iddiaçının tələbi üzrə alimentin məbləğinin azaldılması yetkinlik yaşına çatmayan azyaşlı uşağının mənafeyinə və üstün maraqlarına uyğun deyildir.
41. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.
42. Beləliklə, aliment məbləğinin azaldılması hissədə iddianın təmin edilməsi üçün Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
43. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, İddiaçı uşağın müalicəsi üçün pul vəsaitinin lüzumsuz olaraq təyin edildiyini, övladı Ayxanın əməliyyat olunduğunu və hər hansı problemi olmadığnı iddia etsə də, lakin bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materialları ilə xx.xx.2014-cü il təvəllüdlü Ayxan adlı uşağın xx.xx.2024-cü il tarixdə çənənin sol oynaq və tac çıxıntılarının rezeksiyası, ankilotik toxumaların götürülməsi, sol oynaq çıxıntısının qabırğa qrefti kostoxondral autotransplantat ilə artoplastikası əməliyyatı keçirdiyi və daha sonra da təkrar həkim müayinələrində olduğu müəyyən edilmişdir.
44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
45. Məhkəmə kollegiyası izah edir ki, alimentin və müalicə xərcinin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 2(076)-464/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.