Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1255/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-Uşaq bağçası) qarşı əmək haqqına əlavə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-1407/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-1407/2025 saylı qətnaməsi ilə (hakim F.Fərhadov) iddianın qismən təmin edilməsi, İddiaçı 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2023-cü ilin sentyabr ayından ona ödənilməli əmək haqqına əlavə olunan 15 faiz pulun və 24 fevral 2024-cü il tarixi gününə düşən 32 manatın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən hazırkı vaxtadək Daşkəsən şəhəri 5 nömrəli Körpələr-evi Uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə o, işdə olduğu halda həmin gün guya işdə olmadığı üçün bir günlük əmək haqqı saxlanmışdır. Müvəqqəti müdir vəzifəsini icra edən X3 vəzifəsindən sui-istifadə edərək “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1997-ci ilin Təlimatında göstərilən ona çatası olan 15 faiz pulu 2023-cü ilin sentyabr ayından kəsmişdir. İşəgötürən heç bir əsas olmadan əmək qanunvericiliyinə zidd olaraq 15 faiz əlavə pulu ondan kəsmişdir. Əmrdən çıxarışda göstərilən gün o, işdə olmuş və əmrdən çıxarışda heç bir qanuna istinad edilməmişdir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı 2023-cü ilin sentyabr ayınadək 690 manat əmək haqqı alsa da, həmin vaxtdan etibarən iddiaçının əmək haqqına əlavə olunan 15 faiz pul kəsildiyi üçün 75 manat daha az əmək haqqı almağa başlamışdır. İddiaçı Daşkəsən şəhəri 5 nömrəli Körpələr-evi Uşaq bağçasının müdirinə müraciət etsə də, o 75 manatın kəsilməsi ilə bağlı əmr vermədiyini bildirmişdir. 24 fevral 2024-cü il tarixdə Daşkəsən şəhəri 5 saylı Körpələr evi-uşaq bağçasında monitorinq aparılan zaman iddiaçı işdə olduğu halda 5 dəqiqə ərzində işdən çıxıb qayıtdığı üçün iddiaçının həmin gün işdə olmadığı qənaəti ilə birgünlük əmək haqqı dövlət hesabına saxlanılmışdır. Cəmi 5 dəqiqə üçün iddiaçının birgünlük əmək haqqı kəsilmişdir. Ümumiyyətlə monitorinq aparılması üçün gələn qrupun akt tərtib etmək səlahiyyəti olmamışdır. 1997-ci ilin Təlimatına əsasən uşaq bağçası-körpələr evində bütün qruplarda işləyən pedaqoji işçilərə, həmçinin orta qrupda işləyən iddiaçıya əməkhaqqının 15 faizi miqdarında artım şamil olunmalıdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edərək göstərmişdir ki, “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1997-ci ilin Təlimatına əsasən ümumi tipli internatlarda, lisey, gimnaziyalarda, müəllif məktəbində, körpələr evində (uşaq bağçası-körpələr evində körpə qruplarda) işləyən pedaqoji işçilərinin əməkhaqqı stavka və vəzifə maaşlarının 15 faizi miqdarında artırılır. İddiaçı 2023-cü ilin sentyabrından bugünədək orta qrupda tərbiyəçi-müəllim kimi fəaliyyət göstərir. Həmin 15 faiz artım məhz bu səbəbə görə iddiaçıya şamil olunmur. Bu məsələ isə əmrlə yox, Təlimatla tənzimlənən məsələ olduğundan hər hansı əmrin verilməsinə ehtiyac yoxdur. Cavabdeh əməkdaşları tərəfindən 24 fevral 2024-cü il tarixdə səhər saatlarında Daşkəsən şəhəri 5 saylı Körpələr evi-uşaq bağçasında monitorinq aparılan zaman iddiaçı iş vaxtı iş yerində olmamış, sonradan zəng olunandan sonra tələsik şəkildə işə gəlmişdir. Həmçinin heç bir Təlimatda qeyd olunmamışdır ki, işçi özbaşına şəkildə iş vaxtı 5 dəqiqəlik də olsa, idarəni tərk edə bilər. Məhz buna görə də Cavabdeh əməkdaşları tərəfindən akt tərtib edilərək əmrləşdirilmiş və iddiaçının birgünlük əməkhaqqı kəsilmişdir. Bir daha qeyd edir ki, Bağçada 3 qrup - böyük, orta və kiçik qruplar fəaliyyət göstərir. Kiçik qrupda olan uşaqlara qulluğa görə tərbiyəçilərin əmək haqqı və vəzifə maaşlarına 15 faiz miqdarında əlavə pul verilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən halhazıradək Daşkəsən şəhəri 5 saylı Körpələr-evi Uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyir. 2023-cü ilin avqust ayına kimi 696 manat maaş almışdır. 2023-cü il sentyabr ayından indiyədək isə 621 manat maaş alır. 75 manat pulu müvəqqəti müdür təyin olunan X1 özünə yazıb. O, bu haqda cavabdehə sorğu vermiş cavabdehin verdiyi cavablar onu qane etmədiyi üçün yazıb məhkəməyə mübahisənin həll olunmasına dair iddia ərizəsi vermişdir. Məhkəmə qətnamədə iddianı qismən təmin edib ayda 75 manatın kəsilməsi hissəsini heç bir əsas olmadan təmin etməmişdir. Cavabdeh “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” Təlimatı kobudçasına pozaraq ona çatası 15 faiz pulu əsassız olaraq kəsmiş, məhkəmə isə həmin halı araşdırmadan qanunsuz qətnamə çıxarmışdır. Ona görə də hesab edir ki, qətnamə ləğv olunmalı və iddia tələbi tam təmin olunmalıdır. Cavabdeh özü öz izahatında məhkəmədə bildirmişdir ki, 75 manatın kəsilməsinə dair əmr verməmişdir. Məhkəmə isə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasına və apellyasiya şikayətinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin ediməsini xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı qətnaməni iddianın təmin edilməmiş hissəsində mübahisələndirmiş, cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Odur ki, kollegiya həmin qətnamənin əsaslılığını mübahisələndirilən hissədə, maddi və prosessual normalara riayət edilməsini isə tam yoxlayır. Belə ki, iş materiallarında olan Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçası üzrə 26 fevral 2024-cü il tarixli 07 nömrəli əmrdən çıxarışdan görünür ki, 24 fevral 2024-cü il tarixdə işdə olmadığı üçün İddiaçı bir günlük əmək haqqı dövlət hesabına saxlanılmışdır. İş materiallarında olan Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasının 03 nömrəli, xx.xx.2024-cü il tarixli iddiaçıya cavab məktubunda iddiaçının müraciətinin araşdırıldığı qeyd edilmiş, araşdırma ilə əlaqədar bildirilmişdir ki, 2024-cü il fevral ayının 24-də Cavabdeh əməkdaşları tərəfindən yoxlama zamanı iddiaçı iş vaxtı işdə olmadığı üçün əmək haqqı saxlanılmışdır. 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral aylarından iddiaçının əmək haqqından 15 faiz tutulan pul barədə Daşkəsən Təhsil İdarəsinin mühasibatlıq şöbəsinə müraciət etməyi tövsiyyə olunmuş, 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral aylarında iddiaçıya ödənilən əmək haqqı orta yaş qrupu üzrə tərbiyəçi vəzifəsinə uyğun ödənilmişdir. İş materiallarında olan Cavabdeh Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçası tərəfindən Daşkəsən rayon təhsil üzrə sektorunun müdiri Vüsal Cəfərova ünvanlanmış 10 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan və Cavabdeh müdir müavini Rövşən Kərimova ünvanlanmış Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasında çalışan tərbiyəçilər barədə xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasında çalışan tərbiyəçi İddiaçı ştat vahidi 1,17 vahid olmaqla, qrupun növü orta qrupdur. İş materiallarında olan İddiaçı Daşkəsən şəhər 5 nömrəli Körpələr evi-uşaq bağçasının müdir əvəzi G.Əkbərova ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral aylarının əmək haqqından 15 faiz tutulan pul barədə əmrin və 2024-cü ilin fevral ayında ondan tutulan 31 manat haqqındakı əmrin surətinin ona verilməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, dəfələrlə deməsinə baxmayaraq həmin əmrlərin surəti 3 gün ərzində ona verilməli olduğu halda bugünə kimi verilməyərək qanun pozuntusu edilmişdir. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya təşkilatının 13 may 2024-cü il tarixli MŞG/MT033/2024-00206 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı əmək haqqının saxlanılmasında dayandırılması tələbinə dair üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Daşkəsən şəhəri 5 saylı Körpələr-evi Uşaq bağçasının müdir əvəzi X3 13 may 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarından görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq bağçasına və GəncəDaşkəsən Regional Təhsil İdarəsinə qarşı “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” Təlimatda göstərilən maaşın 15 faizinin və bir günlük əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbinin qismən təmin edilməsi, iddiaçının 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə isə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2362/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)- 425/2024 nömrəli qətnaməsinin tamamilə ilə ləğv edilməsi, İddiaçı cavabdehlər Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq bağçasının müdiri X2 və Cavabdehnə qarşı “2023-cü ilin sentyabr ayından ona verilməli olan 15 faiz pulun və 24 fevral 2024-cü il tarixində gününə düşən 32 manatın ona qaytarılması” tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı 2006-cı ildən hazırkı vaxtadək Daşkəsən şəhəri 5 nömrəli Körpələr-evi Uşaq bağçasında tərbiyəçi-müəllim vəzifəsində işləyir. Körpələr-evi Uşaq bağçasında uşaqlar üç yaş qrupu - kiçik yaş qrupları (körpə qruplar), orta yaş qrupları və böyük yaş qrupları üzrə tərbiyə alır. İddiaçı orta yaş qruplarında tərbiyəçi müəllim vəzifəsində çalışmış, onun əməkhaqqına əvvəllər vəzifə maaşının 15 faizi miqdarında əlavə pul hesablansa da, sonradan iddiaçıya həmin əlavənin düzgün ödənilmədiyi müəyyən olunduğuna görə 15 faiz həddində əlavənin hesablanması dayandırılmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, məktəbəqədər təhsil müəssisəsində orta yaş qrupu üzrə işləyən tərbiyəçilərə əmək haqqının 15 faizi miqdarında əlavənin ödənilməsi qaydası nəzərdə tutulmamışdır. Bununla belə, iddiaçı tələbində “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” 1 yanvar 1997-ci il tarixdən tətbiq olunmuş Təlimata əsaslanır. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin Təlimat “Təhsil haqqında” Azərbaycan Respublikasının 07 oktyabr 1992-ci il tarixli Qanununun icrası ilə bağlı qaydaları müəyyən etmişdir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu qüvvəyə mindiyi tarixdən əvvəlki Təhsil Qanunu qüvvədən düşmüşdür. Qüvvədən düşmüş qanunun icrası ilə bağlı olmuş Təlimatın qaydaları aid olduğu qanun qüvvədən düşdükdən sonra tətbiq olunmur. İşin hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən 24 fevral 2024-cü il tarixdə, səhər saatlarında Daşkəsən şəhəri 5 saylı Körpələr evi-uşaq bağçasında monitorinq aparılan zaman iddiaçının işdə olmadığı müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Aktın tərtib edilmə saatı göstərilməmiş, yoxlamanın nə qədər vaxt ərzində davam etməsi təsdiqini tapmır. Bu akt əsasında iddiaçıya həmin tarixə görə bir günlük əmək haqqı ödənilməmişdir. Göründüyü kimi, işçi bütün gün ərzində deyil, təhsil idarəsinin əməkdaşları səhər saatlarında uşaq bağçasına gələn vaxt iş yerində olmamışdır. İddiaçı izahatında bildirmişdir ki, yaşadığı evin açarını oğluna vermək üçün çıxmış və təqribən beş dəqiqədən sonra qayıtmışdır. Uşaq bağçasının müdiri isə onun saat 10-11 radələrində işə gəldiyini bildirir. Hər bir halda işçinin bütün gün ərzində işdə olmaması təsdiqini tapmır. Belə olan vəziyyətdə işçinin neçə saat ərzində işdə olmaması tam dəqiqliyi ilə müəyyən edilməklə işçinin əmək haqqı həmin saatlara uyğun saxlanıla bilərdi. Bu şərtlə ki, bu hal üzürsüz səbəbdən yaranmış olsun. Həmçinin işçinin iş yerində olmamasının üzürlü, yaxud üzürsüz səbəblərdən baş vermiş olması araşdırılmamışdır. Beləliklə, öncə işçinin iş vaxtının hansı saatlarında iş yerində olmaması tam dəqiqliyi ilə müəyyən olunmalı, bunun səbəbləri öyrənilməli və bundan sonra müvafiq tədbirin görülməsi məsələsinə baxılmalı idi. Cavabdeh əməkdaşlarının Daşkəsən şəhəri 5 nömrəli Körpələr evi-uşaq bağçasına gələn zaman hər hansı bir işçinin iş yerində olmaması işçinin gün ərzində işdə olmaması anlamını vermir. Məhkəmə qeyd edir ki, işçi həddən artıq qısa müddət ərzində işdə olmadığını bildirir, belə olan vəziyyətdə onun nə qədər vaxt ərzində işdə olmamasını işəgötürən sübut etməlidir. Lakin, işəgötürən bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 2023-cü ilin sentyabr ayından ona ödənilməli əmək haqqına əlavə olunan 15 faiz pulun ödənilməsi hissədə iddia təmin edilməməli, bir günlük əmək haqqının ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilərək İddiaçı 24 fevral 2024-cü il tarixə hesablanmamış bir günlük əmək haqqı ona ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə görə əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olubolmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə, işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli Qanununun 14.15-ci maddəsinə əsasən, təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Həmin Qanunun 36.1-ci maddəsinə görə, dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında”, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, məktəbəqədər təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 8.2-ci maddəsinə görə məktəbəqədər təhsil müəssisəsində gün rejimi normaları və qaydaları, uşaqların yaş dövrləri üzrə qruplara bölünməsi, hər bir yaş dövründə təhsilin məzmunu və istiqamətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 8.3-cü maddəsinə əsasən məktəbəqədər təhsil müəssisəsində qruplar məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun komplektləşdirilir. 11.10-cu maddəsinə görə məktəbəqədər təhsil müəssisəsi hüquqi şəxsdir, inzibati və maliyyə-təsərrüfat fəaliyyətini sərbəst şəkildə həyata keçirir. 22.3-cü maddəsinə əsasən, məktəbəqədər təhsil müəssisələri işçilərinin əmək haqqı (vəzifə maaşı) işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri və iş stajı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” Təlimatın İV bölməsinin 2-ci bəndinə görə Ümumi tipli internatlarda, lisey, gimnaziyalarda, müəllif məktəbində, körpələr evində (uşaq bağçası-körpələr evində körpə qruplarda) işləyən pedaqoji işçilərinin əməkhaqqı stavka və vəzifə maaşlarının 15 faizi miqdarında artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Qafarova X4 şəhəri 5 nömrəli Körpələr-evi Uşaq bağçasında orta qrup üzrə tərbiyəçi-müəllim vəzifəsində işləmişdir. “Təhsil müəssisələrində çalışan işçilərə əlavə haqqların ödənilməsinə dair” Təlimatın İV bölməsinin 2-ci bəndindən görünür ki, vəzifə maaşlarının 15 faizi miqdarında əmək haqqına əlavə Körpələr-evi Uşaq bağçasında tərbiyəçi müəllim vəzifəsində çalışan bütün tərbiyəçi müəllimlərə yox, yalnız uşaq bağçası-körpələr evində körpə qruplarda işləyən tərbiyəçi müəllimlərə ödənilən əməkhaqqına artırılır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək haqqına ödənilən əlavənin qanunsuz dayandırılmasına dair dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-ni 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasıнын MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-1407/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1255/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1255/2025
16.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver