Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1259/2025 11.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(045)-323/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 3, mənzil 60-dan məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 3, mənzil 60 onun mülkiyyətindədir. Cavabdeh oğlu X2 həyat yoldaşı olmuş və Cavabdeh 2004-cü ildə onun evinə gəlin köçmüş və ona mənzilində müvəqqəti yaşamaq üçün icazə vermişdir. Oğlu Samirlə cavabdeh hal-hazırda boşansada, lakin cavabdeh mənzildən çıxmamış və onun mülkiyyət hüququnu pozmuşdur. Goranboy Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(045)-323/2025 nömrəli (hakim T.Məmmədov) qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, oğlu Samirlə cavabdeh arasında olan nikaha artıq xitam verilmişdir. Cavabdeh mənzilə qeydiyyata alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə yoxlayıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(045)- 323/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naftalan Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 35-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3. maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından da göründüyü kimi qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının; prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Naftalan şəhəri, İ.Həsənzadə küçəsi ev 3, mənzil 60-dan Cavabdeh çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və cavabdehin qeydiyyatda olduğu yerə görə Goranboy Rayon Məhkəməsində iddia qaldırmışdır. Goranboy Rayon Məhkəməsi də iddianı icraata götürüb mahiyyəti üzrə baxaraq iddianı rədd etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddianın əsasını mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması təşkil edir. Bu növ iddia tələbinə isə müstəsna aidiyyət qaydalarına uyğun olaraq, daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılır. Ümumiyyətlə müstəsna aidiyyət ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətlərindən aslı olmayaraq yalnız MPM 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Həmçinin qeyd olunmalıdır ki, müstəsna aiddiyət həm də mübahisə obyektinin yerləşdiyi yerin məhkəməsinin iş üzrə qərarının icrasının daha asan ola biləcəyi mülahizəsini doğurur. Bundan əvvəldə qeyd olunduğu kimi hazırkı iş üzrə mübahisə cavabdehin mənzildən çıxarılmasıdır. Göründüyü kimi iddiaçının məqsədi daşınmaz əmlakla bağlı mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasından ibarətdir. Bu da onu deməyə əsas verir ki, həmin mübahisənin müstəsna aidiyyət qaydaları ilə baxılması üçün əsasdır. Azərbaycan Respublikasınıb Mülki Prosessual Məcəlləsinin 384.0.4.maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəlləsinin 387.2.9. maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5. maddəsinə əsasən, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(045)- 323/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün daşınmaz əmlakın olduğu yerin məhkəməsinə, yəni Naftalan Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 39, 263-264, 400, 402-405 və 420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(045)-323/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1259/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1259/2025
11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver