Məhkəmə qərarları › İş №2(104)-1270/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1270/2025

03.06.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1270/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-832/2015 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: X3 Kredit Təkilatı "xxxx" MMC Borclu qarşı ərizə ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Borclu əsas məbləğ üzrə 2184 ABŞ dolları, faiz üzrə 718 ABŞ dolları, cərimə üzrə 218 ABŞ dolları olmaqla ümumilikdə 3120 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN məbləğində vəsaitin tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsi 20 noyabr 2015-ci il tarixli 2(030)-832/2015 nömrəli məhkəmə əmri ilə, Borclu 2184 ABŞ dolları əsas, 718 ABŞ dolları faiz, 218 ABŞ dolları cərimə olmaqla cəmi 3120 ABŞ dolları kredit borcunun, milli valyuta ilə ekvivalenti məbləğində pul vəsaitinin, habelə 20 manat məbləğində dövlət rüsumunun əvəzi alınıb kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Gəncə filialının hesabına ödənilməsi əmr edilmişdir. Həmin məhkəmə əmrinin surəti 23 noyabr 2015-ci il tarixdə rəsmi qaydada tərəflərə göndərilmişdir. Qanunla müəyyən edilmiş müddətdə məhkəmə əmrindən etiraz verilmədiyi üçün əmr 04 dekabr 2015-ci ildə icra olunması üçün Daşkəsən rayon İcra və probasiya şöbəsinə göndərilmiş, 07 dekabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və müvafiq icra hərəkətləri aparılmışdır. Bundan sonra Borclu xx.xx.2025-ci ildə məhkəməyə etiraz verərək, məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatında onun iştirakı ilə yenidən baxılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-832/2015 nömrəli qərardadı (hakim Kənan Vəliyev) ilə, Daşkəsən Rayon Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli 2(030)–832/2015 nömrəli məhkəmə əmrindən Borclu tərəfindən verilmiş etiraz müddət keçməsi əsası ilə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-832/2015 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi şikayət yoxlanılarkən borclu tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Azərbaycan Respublikasının MPM-in 2 saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, borclu tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş şikayətdə tələbini və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi hissələr, həmçinin qəbul edilmiş məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslar və maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Belə ki, sonuncu tərəfindən mübahisələndirilən hallar yalnız şikayətin “işin halları” hissəsində qeyd edilmiş, lakin həmin halları əlaqəli formada şikayətin digər hissələrində aydın şəkildə ifadə edən izahlar verilməmiş və yaxud müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 6, 7, 8, 9, 10 və 11-ci hissələr). Göründüyü kimi, şikayət qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-nin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi şikayətin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, borclu “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə şikayətin Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-832/2015 nömrəli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1.1-1, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(030)-832/2015 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar