Məhkəmə qərarları › İş №2(104)-1273/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1273/2023

31.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1273/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X10, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(062)-90/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək ünvan 1-də yerləşən (indiki M.Zeynalov küçəsi 56) mənzilin X3 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 243131 nömrəli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və cavabdeh X9 həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(062)-90/2023 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(062)-90/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin halları: İddiaçılar iddia tələbini əsaslandırmaq üçün göstərmişlər ki, xx.xx.2004-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahlarından xx.xx.2004-cü ildə Firuzə və xx.xx.2005-ci ildə Sənubər adlı iki nəfər uşaqları doğulmuşdur. İddiaçı2 müharibə iştirakçısı və əlili olduğu üçün Tovuz Rayon İcra Hakimiyyətinin sərəcamı ilə Tovuz şəhəri, M.Zeynalov küçəsində yerləşən bina 20-də (indiki M.Zeynalov küçəsi 56) 15 saylı mənzil verilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahələri və təsərrüfatları Tovuz rayonu Xatınlı kəndində olduğuna görə Tovuz şəhərində yerləşən həmin mənzildə daimi yaşamamışlar, ara-sıra istifadə etmişlər. 2000-ci ilin əvvəllərində qohumları X8 ailəsində problem olduğuna görə ünvan 1-də yerləşən həmin məzildə yaşamasına icazə verilməsini onlardan xahiş etmişdir və bir müddət həmin mənzildə yaşamışdır. X8 hazırda vəfat etmişdir və özləri mənzillərinə köçmək istəyirlər. Lakin öz evlərinə köçmələrinə X3nun arvadı olmuş cavabdeh X13 imkan vermir. Həmin mənzilin qapısını bağlamış və dəfələrlə ondan tələb etmələrinə baxmayaraq onlara məxsus evdən çıxmırlar. Hazırda onlara məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil 1432 saylı qeydiyyat vəsiqəsi ilə İddiaçı2 mülkiyyətində olmuş, reyestr nömrəsi 4Ə2/231 olan xx.xx.2005-ci il tarixli 243131 nömrəli notarial qaydada təsdiq edilmiş müqavilə əsasında X1. Həmin müqavilə əsasında X8 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat vəsiqəsi almışdır. Qeyd edilən alqısatqı müqaviləsi tamamilə saxta bir sənəddir. Belə ki, onların müqavilədən bu günədək məlumatı və ya xəbəri olmamışdır. Həmin müqavilənin tərtib edilməsi və təsdiqlənməsi zamanı iştirakları olmamışdır. X3 Tovuz şəhər Poliklinikasının müdiri olmuş və imkanlarından istifadə edərək həmin müqaviləni onların iştirakı olmadan əldə etmişdir. Bundan başqa alqı-satqı müqaviləsi həmin vaxt və hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən ailə üzvilərinin razılığı ilə tərtib edilməli idi. Lakin mülkiyyətçinin həyat yoldaşı kimi onun – İddiaçı1 həmin müqavilədən xəbəri yoxdur. Eyni zamanda İddiaçı2 uzun illərdir gözdən əlil olmaqla onun hər hansı sənədi oxuyub imzalamaq imkanı yoxdur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş halları düzgün araşdırmayıb. Belə ki, iddia ərizəsində işin faktiki hallarını olduğu şəkildə bildirib. Belə ki, İddiaçı2 müharibə iştirakçısı və əlili olduğu üçün ünvan 2 ünvanında (hazırda ünvan ünvan 4lkiyyət hüququ qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2000-ci ilin əvvəllərində qohumları X8 ailəsində problem olduğuna görə Tovuz şəhəri M.Zeynalov küçəsi ev 20-də yerləşən həmin mənzildən istifadə etməsi üçün onlardan xahiş etmiş və bir müddət həmin mənzildə yaşamışdır. X8 hazırda vəfat etmiş və onlar həmin mənzilə köçmək istəsələr də cavabdeh Hüseynqulu Məmmədovun arvadı X13 buna imkan verməmişdir. Həmin mənzildən cavabdehi çıxara bilməyəndə onlara məlum olmuş ki, onlara məxsus həmin mənzil 08 sentyabr 2005-ci il tarixdə notarial qaydada təsdiq olunmuş müqavilə əsasında X1. Həmin müqavilə əsasında X8 daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat vəsiqəsi almışdır. Məhkəməyə ərizə ilə müraciət edərkən eləcə də məhkəmədə izahat verərkən həmin alqısatqı müqaviləsinin saxta tərtib olunmasını onların həmin alqı-satqı müqaviləsindən xəbərsiz olmağlarını qeyd etsələr də, məhkəmə həmin halı nəzərə almamışdır. Hətta X3nun əvvəllər Tovuz şəhər poliklinikasının müdiri olmasını və imkanlarından istifadə edərək həmin sənədləşməni apara biləcəyini qeyd etmişlər. Notariat işinə əlavə olunmuş guya mənzil barəsində alqı-satqı aparılmasını, fərdi yaşayış evinin köhnə məzənnə ilə 30 milyon manata satılması qeyd olunmuşdur. İş üzrə ekspertiza təyin olunmuş və ekspertiza rəyinə əsasən 08 sentyabr 2005-ci ildə bağlanmış müqavilə guya onun tərəfindən icra olunmuşdur. Halbuki o, hər iki gözdən əlil şəxsdir. Onunla isə orada heç kim iştirak etmirdi. Həmçinin o, İddiaçı1 müqavilə bağlanan tarixdə faktiki şəkildə evli olmaqla rəsmi nikah qeydiyyatında olmuşdur və soyadı dəyişmişdir. Buna baxmayaraq məhkəmə həmin halları nəzərə almamışdır. Həmçinin qətnamədə qeyd olunur ki, alqı-satqı müqaviləsi Tovuz rayonunda notariat kontorunda aparılmışdır. Halbuki notariat işinə əsasən alqı-satqı Ağstafa rayonunda aparılmışdır. Qeyd etmişlər ki, daşınmaz əmlakın dövlət reyestrindən 30 noyabr 2007-ci ildə alınmış arayışdan da görünür ki, onun adına ünvan 5 ünvanında daşınmaz əmlak mövcuddur. Bundan başqa 10 may 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışdan da görünür ki, onun adına ünvan 6 ünvanında mənzil vardır. Bu ziddiyətlər mövcud olduğu halda belə məhkəmə tam ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmədən təkrar ekspertizanın keçirilməsini xahiş etsə də məhkəmə bunu nəzərə almamışdır. Araşdırma səthi xarakter daşımışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdeh X13 məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, üçüncü şəxslər Maraqlı şəxs1 Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, şikaətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh tərəfi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan reyestr nömrəsi 4Ə2-231 olan notariat işindəki X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1432 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 mülkiyyətində olmuşdur. İş materiallarında olan reyestr nömrəsi 4Ə2-231 olan notariat işindəki xx.xx.2005-ci il tarixli, 243131 nömrəli alqı-satqı müaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 1432 saylı qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini 30 milyon manata (köhnə məzənnə ilə) X2. İş materiallarında olan reyestr nömrəsi 4Ə2-231 olan notariat işindəki nikah haqqında AZ-İ 104931 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X16 nikahlarını xx.xx.2004-cü il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. İş materiallarında olan reyestr nömrəsi 4Ə2-231 olan notariat işindəki razılıq ərizəsindən görünür ki, Qasımova (Rzayeva) Vəfa Ələddin qızı əri İddiaçı2 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/1632 saylı rəydən görünür ki, mülki işin 52-62-ci vərəqlərində yerləşən Tovuz rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 4Ə2-231 nömrəli notariat işindəki xx.xx.2005-ci il tarixli 243131 nömrəli müqavilənin kserosurətində “İmzalar:1.” qrafasında əks olunmuş imza — İddiaçı2 tərəfindən icra olunmuşdur. Mülki işin 52-62-ci vərəqlərində yerləşən Tovuz rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 4Ə2-231 nömrəli notariat işində X11 adından olan xx.xx.2005-ci il tarixli razılıq ərizəsinin kserosurətində əks olunmuş yazılar və imza qrafasındakı imza — Rzayeva (Qasımova) Vəfa Ələddin qızı tərəfindən icra edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, X7 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1432 saylı qeydiyyat vəsiqəsi əsasında ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli, 243131 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı2 tərəfindən 30 milyon manata (köhnə məzənnə ilə) X1. Alqısatqı bağlanan zaman digər İddiaçı2 arvadından razılıq ərizəsi alınmışdır. Belə ki, Qasımova (Rzayeva) Vəfa Ələddin qızı əri İddiaçı2 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir. Hazırda isə iddiaçı müqavilənin onun iradə ifadəsini əks etdirməməsini iddia edərək alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. Hazırki halda mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmişdir. İddiaçılar fərdi yaşayış evinin satılmasından məlumatlarının olmadığını bildirmiş və imzaların onlara məxsus olmadığını iddia etmişlər. Məhz bu əsasa görə məhkəmə tərəfindən iş üzrə xəttşünaslıq ekspertizası keçirilmişdir. Ekspertin rəyi ilə təsdiqini tapmışdır ki, Tovuz rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 4Ə2-231 nömrəli notariat işindəki xx.xx.2005ci il tarixli 243131 nömrəli müqavilənin kserosurətində “İmzalar:1.” qrafasında əks olunmuş imza — İddiaçı2 tərəfindən icra olunmuşdur. Həmçinin notariat işində X11 adından olan xx.xx.2005-ci il tarixli razılıq ərizəsinin kserosurətində əks olunmuş yazılar və imza qrafasındakı imza — Rzayeva (Qasımova) Vəfa Ələddin qızı tərəfindən icra edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir;hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM-in) 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (Azərbaycan Respublikası MM-in 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsi). Azərbaycan Respublikası MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM-in 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin hallarından görünür ki, iddiaçılar alqı-satqı müqaviləsinə imza etmədiklərini iddia etsələr də, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş alqı-satqı müqaviləsindəki imzaların iddiaçılar tərəfindən icra edildiyin müəyyən edilmişdir. Odur ki, hazırkı işdə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hal olmadığından birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətdə göstərilən dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edildiyinə, eləcə də, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəldiyinə və birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri olmadığına görə, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(062)- 90/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanları və Azərbaycan Respublikasы MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli 2(062)-90/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar