Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1273/2025 08.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: aliment tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1004/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İİİ 029096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə Cavidan adlı uşaqları anadan olmuşdur;
2. Cavabdeh iş yeri məlumatlarına dair elektron çıxarışın və əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh işəgötürən X7 Məsuliyyətli Cəmiyyəti olmaqla Kəlbəcər rayonunda tikinti sahəsində mühafizəçi işləyərək əmək haqqısı 400 manatdır;
3. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-2658/2023 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 05 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün mediasiyaya müraciət edilən vaxtdan başlayaraq hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya ödənişinin Cavabdeh tutulub İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2009-cu ildən rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarlarından 2 övladları xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdular. Cavabdeh ilə iddiaçının xx.xx.2023-cü il tarixli Gəncə Şəhər Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan rəsmi nikah pozulmuşdur. Uşaqların saxlanılması hər bir valideyn borcu və vəzifəsidir. İddiaçı, tək başına övladlarının saxlanılmasında maddi olaraq əziyyət çəkir. Övladlar daha yaxşı həyatın yaşamasına layiqdilər. Uşaqlar xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 iddiaçıya bağlıdılar, o isə bir ana olaraq onların yaxşı yaşaması üçün çalışır. Buna baxmayaraq Cavabdeh tərəflərin birgə nikahdan anadan olmuş övladların saxlanılması ilə bağlı nəyinki maddi, mənəvi dəstək belə göstərmir. Halbuki valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ona görə Azərbaycan Respublikası qanunlarına uyğun ilk olaraq Mediasiya təşkilatına müraciət etmişlər və bu barədə razılıq əldə edə bilmədiklərinə görə İMS keçirilmişdir və mediator tərəfindən müvafiq sənədlər verilmişdir. Bundan sonra aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1004/2025 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın qismən təmin edilərək, xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutulması, cavabdeh X1 dövlət rüsumu hesabına 46,4 manat alınaraq dövlət büdcəsinə, iş üzrə ödənilmiş 55 manat mediasiya xərcinin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4 və 100.2-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq ondan İddiaçı xeyrinə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə uşağın saxlanma xərclərini təkcə ona aid edilmişdir. Kəlbəcər rayonunda "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir və 400 manat minimum əməkhaqqı alır. Hakim əməkhaqqının 50 faizdən çox hissəsini aliment təyin edib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq alimentin Ailə Məcəlləsinin tələbinə uyğun olaraq ¼ hissəsinin təyin edilməsini tələb edir. iddiaçı uşağın saxlanması üçün 235 manat aliment tələb edib. Lakin hakim nədənsə qət etdi hissəsində iddianın qismən təmin olunduğunu qeyd etməsinə baxmayaraq İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmasını qət etmişdir, bu da 256 manat təşkil edir. Yəni iddiaçının tələb etdiyi məbləğdən artıqdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 9 aydır aliment təyin olunub amma cavabdeh heç alimentdən ödəniş etməmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh Kəlbəcərdə işləyir, özü etiraf etmişdir ki, əmək haqqısı 900 manatdır. 400 manat rəsmi olaraq kartdan ödəniş olur, 500 manatı isə nağd şəkildə ödəniş edilir. Özü isə təcili yardımda işləyir, 1200 manat əmək haqqı alır. Uşaqlara o baxır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
15. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
17. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
18. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
29. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər faktiki ailə qurmuşlar, xx.xx.2009-cu il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə ailə münasibətlərindən xx.xx.2005-ci il təvəllüdlü Selcan və xx.xx.2013-cü il təvəllüdlü Cavidan adlı uşaqları doğulmuşdur. Ailə münasibətəri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. İddiaçı xx.xx.2013-cü il təvəllüdlü Cavidan adlı uşağın saxlanılması üçün Cavabdeh tərəfindən köməklik göstərilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
32. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
33. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
34. Qanundan da göründüyü kimi alimentin qazancın (gəlirin) müəyyən hissəsi kimi tutulması üçün alimentin tutulmasını tələb edən şəxsin xahişi tələb olunur. Lakin hazırkı işdə bu hal mövcud deyildir.
35. Qeyd edilir ki, valideyn uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.
36. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir.
37. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
38. “Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir; “2024-cü ilin dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün minimum əməkhaqqı 345 manat müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi və əmək haqqı minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit məbləğdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşaqların mənafeləri baxımından qənaətbəxşdir.
40. Apellyatorun maddi vəziyyətinin aşağı olması barədə dəlilini kollegiya əsassız sayır. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
41. Məhkəmə kollegiyası izah edir ki, yoxlanılan hissədə alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-1004/2025 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.