Məhkəmə qərarları › İş №2(104)-1282/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1282/2025

11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1282/2025 11.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(076)-1037/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 yanvar 2025-ci il tarixdə verilmiş № 86 saylı arayışdan görünür ki, Cavabdeh ilə X3 nikahı 26 oktyabr 2024-cü il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır.

2. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2024-cü il tarixdə verilmiş AZ-V № 060816 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 avqust 2024-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

3. Tovuz 1 saylı mediasiya təşklatı tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırki mübahisə ilə bağlı mediasiya prosessi baş tutmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 12 avqust 2024-cü il təvəllüdlü Zərifə adlı uşağının saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment və həmin uşaq 3 yaşına çatanadək onun özünə hər ay 100 manat əlavə xərcin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2024-cü ildə evlənmişlər. Birgə yaşadıqları dövrdə, yəni 12 avqust 2024-cü ildə Zərifə adlı bir uşaqları olmuşdur. Münasibətləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Hazırda uşaq onun himayəsindədir və uşağın maddi ehtiyaclarını ödəməyə çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğuldur və kifayət qədər gəlir əldə edir.

6. Şəmkir Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(076)-1037/2025 saylı qətnaməsi ilə (hakim N.Heydərova) iddianın qismən təmin edilməsi; 12 avqust 2024-cü il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonraki artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi; Cavabdeh 12 avqust 2024-cü il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi; iddia qalan hissədə təmin edilməməsi; Cavabdeh 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi; qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 84.1, 84.2 və 100.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4 və 234.2.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, 12 avqust 2024-cü il təvəllüdlü Zərifə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment, eləcədə uşaq 3 yaşına çatanadək iddiaçının özünə hər hay sabit pul məbləğində 30 manat alimentin tutulmasına dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, aylıq əmək haqqı 400 manatdır və həmin məbləğlə maddi ehtiyaclarını çətinliklə ödəyir. Məhkəmənin müəyyən etdiyi aliment onun mənafeyini əhəmiyyətli dərəcədə pozur. Daimi iş yeri var. İş yerindən əmək haqqı barədə arayışı məhkəməyə təqdim etmişdir. Başqa gəliri yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, avtomobillərin boyanması işi ilə məşğul olmuş və 400 manat əmək haqqı almışdır. Şirkət bağlandığı üçün hazırda işləmir. Buna baxmayaraq uşağın saxlanılması üçün minimum əmək haqqının 0,45 misli həddində aliment, iddiaçının özünə isə uşaq üç yaşına çatanadək 30 manat sabit pul məbləğində aliment verə bilər. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir..

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

16. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

20. Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0.3. qətnaməni dəyişdirə bilər;

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən olunmuş alimentin miqdarının müəyyən olunmasi hissədə mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh faktiki olaraq evlənmiş və onların faktiki nikahlarından 12 avqust 2024-cü ildə Zərifə adlı uşaqları anadan olmuşdur. 26 oktyabr 2024-cü ildə isə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində sonuncuların nikahı qeydə alınmışdır. Münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmış və iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.

33. Yuxarıdada qeyd olunduğu kimi iddianın təmin edilməməsi hissədən iddiaçı apellyasiya şikayəti verməmişdir. İddianın təmin olunması hissədən cavabdeh apellyasiya şikayəti verilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

34. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ var. Valideyinlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyır.

35. Sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərardakı hüquqi mövqeyinə görə, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

37. 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 400 manat olmuşdur.

38. Cavabdeh işsiz olduğundan müəyyən olunmuş alimentin miqdarını mübahisələndirsədə, lakin kollegiya onun bu dəlilini əsaslı saymır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından anadan olmuş 12 avqust 2024-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində (400x0,62=248) aliment tutmaqda düzgün nəticəyə gəlmişdir.

39. Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (400x0,45=180) ödəmək niyyətində olduğu alimentin miqdarını kollegiya 12 avqust 2024-cü il təvəllüdlü Zərifə adlı uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi, eləcədə əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli saymır.

40. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

41. Eləcədə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən olunmuşdur.

42. Uşaq 3 yaşana çatanadək iddiaçının özünə müəyyən olunmuş 50 manat alimentin miqdarının dəyişdirilərək 30 manat müəyyən edilməsi hissədə kollegiya apellyasiya şikayətinin dəlilini əsaslı sayır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, cavabdeh X6 aktiv əmək müqaviləsi yoxdur. İddiaçı da aktiv əmək müqaviləsi olmasada, lakin sonuncu 3-cü qrup ümumi xəstəliyə görə 180 manat pensiya alır.

43. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad;

44. Cavabdeh zəruri vəsaitə malik olmasada, lakin apellyasiya şikayətində, eləcədə apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, uşaq üç yaşa çatanadək iddiaçının özünə hər ay 30 manat aliment verməyə razıdır.

45. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(076)-1037/2025 nömrəli qətnaməsi “Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi” hissəsində dəyişdirilməli, həmin hissədə alimentin miqdarı 30 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Qətnamə mübahisələndirilən hər iki hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 373, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(076)-1037/2025 nömrəli qətnaməsi “Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi” hissədə dəyişdirilsin. Həmin hissədə alimentin miqdarı 30 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar