Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1308/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-1245/2010 nömrəli qərardadından cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müqavilələrin ləğvi, pulun qaytarılması, buraxılmış gəlirin ödənilməsi, həmçinin işgüzar nüfuza və mənəviyyata vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu tarixli, 2(044)- 1245/2010 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, xx.xx.2007-ci il tarixli, sahəsi 44,2 kv/m təşkil edən 49 nömrəli və xx.xx.2007-ci il tarixli, sahəsi 34,2 kv/m təşkil edən 12 nömrəli qeyri-yaşayış sahələrinə dair müqavilələrin ləğv edilməsi, "xxxx" MMC-yə tikintiyə görə ödənilən 130.000 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 birinci instansiya məhkəməsinə ərizə ilə xx.xx.2023-cü ildə müraciət edərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu tarixli, 2(044)-1245/2010 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasını üzrlü hesab edilərək, buraxılmış müddəti bərpa edərək apellyasiya şikayətinə baxılması üçün şikayətlə birlikdə iş materiallarının Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-1245/2010 nömrəli qərardadı (hakim Camal Quliyev) ilə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu tarixli, 2(044)- 1245/2010 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu tarixli, 2(044)-1245/2010 nömrəli qətnaməsi 13 il bundan əvvəl qəbul olunmuş, həmin qətnamənin surəti cavabdehə təqdim edilməmişdir. Buna görə də həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti bərpa edilməlidir. Sonda cavabdehin nümayəndəsi Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-1245/2010 nömrəli qərardadının ləğv edilməsini, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu tarixli, 2(044)-1245/2010 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(044)-1245/2010 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-1245/2010 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2010-cu il tarixdə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 özünə şəxsən təqdim edilmiş və bu barədə məhkəmə qəbzinə sonuncu tərəfindən imza edilmişdir. Bu halda qətnamə cavabdehə Azərbaycan Respublikasının MPM-in 135.3-cü maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayət vermək üçün müəyyən olunmuş bir aylıq müddətin axımı başlanır. Lakin, onun tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə rabitə orqanına təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti 13 ildən artıq müddətdə ötürülməklə verilmişdir. Baxmayaraq ki, cavabdeh ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələdirilməsinə MPM-nin qeyd olunan tərzdə yanaşması ilə növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının MPM-in 33.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikasının MPM-in 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Göründüyü kimi, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-1245/2010 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(044)-1245/2010 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1308/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1308/2024
05.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver