Məhkəmə qərarları › İş №2(104)-1316/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1316/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1316/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı1 qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızının nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, eyni zamanda Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 saylı qətnaməsindən İddiaçı1 qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızı və nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2015-ci il tarixli 4Ə–159 reyestr nömrəli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 saylı qətnaməsi ilə (hakim Taleh Musayev) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı1 qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızı və onun nümayəndəsi və vəkili Vəkil1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılardan biri Məmmədova Səmiylə Əhməd qızı əvvəllər eyni cavabdehlərə qarşı əqdin qismən etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. Hal-hazırda isə iddiaçılardan biri X6 əvvəlki məhkəmə çəkişməsində tərəf qismində iştirak etməmiş, iddiaçı və ya cavabdeh olmamışdır. Mübahisə edilən müqavilə onun hüquqlarını pozduğundan o, iddiaçı qismində məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, sözügedən müqavilənin etibarlı olmasına dair qanuni qüvvəsini almış qətnamə mövcuddur və bu əsasla hazırki iddiaçını məhkəməyə müraciət edərək öz maraqlarını qorumaq məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum etmişdir.Digər tərəfdən, məhkəmə əhəmiyyətsiz əqdi məhkəmə qətnaməsi ilə əhəmiyyətli olduğu qənaətinə gəlmişdir, hərçənd ki, heç bir məhkəmə əhəmiyyətsiz əqdi əhəmiyyətli hesab etmək hüququna malik deyildir, bu mövqe Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında öz əksini tapmışdır. Belə ki, həmin qərarda qeyd edir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Hazırki qətnamə ilə məhkəmə iddiaçının hüquqlarını digər iddiaçılarla eyniləşdirərək məhdudlaşdırmış və mübahisə predmeti olan əqdin əvvəlki iddiaçılara münasibətdə etibarlı hesdab edilməsini iddiaçıya aid etmişdir. Bununla bağlı qeyd edilir ki, mübahisə edilən əqdin etibarlı olmasına dair hər hansı qətnamə mövcud deyildir. Halbuki iddiaçı müstəqil formada iddia qaldırmaq hüququna malikdir və onun bu hüququ diglərlərinin hüquqları ilə məhdudlaşdırıla bilməz. Eyni mövqe Gəncə Apellyasiya Məhkəməsinin qərardadında öz əksini tapmışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi Şəmkir Rayon Məhkəməsinin qərardadını ləğv etmiş və X3 münasibətdə işə mahiyyəti üzrə baxılmalı olmasını müəyyən etmişdir. İşin hallarından da göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında nikah münasibətləri mövcuddur. Belə olan halda ərlə arvad arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında əmlakın ərin mülkiyyətinə keçməsi əslində həmin mülkiyyətin arvad tərəfindən ələ keçirilməsidir. Çünki Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə olan halda etibarnamə əsasında çıxış edən təmsilçi Cavabdeh1 özü barəsində əqd bağlamış olur ki, bu da qanuna ziddir. KM Plenum qərarından görünən odur ki, istənilən halda fərz etsək ki, tərəflər arasında belə mübahisə olmuşdur və buna dair yekun qərar var bunlar heç bir halda əhəmiyyətsiz əqdin etibar edilməsi üçün əsas ola bilmir. Lakin hazırki qərarla məhkəmə əhəmiyyətsiz əqdi başqa tərəflər arasında olmuş mübahisəyə dair qanuni qüvvəsini almış qərar ilə etibarlı əqd hesab etmiş olur ki, bu da həm Mülki Məcəlləyə, həm də yuxarıda qeyd edilmiş KM qərarına ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə ilk öncə Məmmədova Səmiylə Əhməd qızını iddiaçı kimi təqdim edir, daha sonra isə etiraf edir ki, tərəflər eyni tərəflər deyil, sadəcə iddia predmeti eyni olduğundan iddia rədd edilməlidir. İşdə iştirak edən Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoruna və DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə işə baxılmanın yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndələri heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı1 qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızı məhkəmə kollegiyasının iclasında nümayəndəsi və vəkili Vəkil1 ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Vəkil2 ilə təmsil edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 qanuni nümayəndəsi Məmmədova Səmiylə Əhməd qızının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, Məmmədova Səmiylə Əhməd qızı qardaşı qızı olan xx.xx.2008–ci il təvəllüdlü İddiaçı1 Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2019-cu il tarixli 97 saylı sərəncamına əsasən qanuni nümayəndəsidir. Səmiylə Məmmədovanın anası İddiaçı1 Namaz qızı xx.xx.2019-cu il tarixdə vəfat etmiş, sağlığında bütün əmlakını İddiaçı1 vəsiyyət etmişdir. Lakin sonuncunun vəfatından sonra məlum olmuşdur ki, Cavabdeh1 Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən, RX seriyalı, ******* nömrəli, xx.xx.2015–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin 0.0798 ha hissəsini alqı–satqı müqaviləsi əsasında digər Cavabdeh2 satmışdır. Həqiqətən iddiaçının və qanuni nümayəndəsinin torpaq sahəsinin bir qismini satmaq fikirləri olsa da, mübahisəli torpaq sahəsinin 0.0798 ha hissəsini satmaq niyyətləri olmamışdır. Cavabdeh1 xx.xx.2014–cü il tarixli 7E–22082 reyestr nömrəli etibarnamə əsasında Şəmkir rayon 1 saylı notariat kontoruna müraciət edərək mübahisəli torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair xx.xx.2015–ci il tarixli Çıxarış əldə etmiş, xx.xx.2015–ci il tarixdə isə mübahisəli əqdi imzalamışdır. Satıcı qismində çıxış edən Cavabdeh1 digər Cavabdeh2 arvadıdır ki, bu hal öz növbəsində əqdin etibarsızlığına gətirib çıxarır, yəni həmin alqı–satqı müqaviləsi əhəmiyyətsiz əqddir. İddiaçının yorpaq sahəsinin sənədləşməsindən sonra onun bir hissəsini, yəni kiçik bir mağazanın inşa edilməsi üçün 5x4, yəni 20 kv.m ölçüdə satmaq fikiri olsa da, mübahisəli torpaq sahəsinin 0.0798 ha hissəsini satmaq niyyətləri olmamış və alqı-satqı ilə bağlı ona heç bir məbləği pul verilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, eyni zamanda Cavabdeh2 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mərhum İddiaçı1 Namaz qızı sağlığında, yəni xx.xx.2014–cü il tarixli etibarnamə əsasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi, sərəncam verməyi, habelə digər hüquqları Cavabdeh1 etibar etmişdir. Bundan sonra təmsil etdiyi Cavabdeh1 mərhum İddiaçı1 Namaz qızının nümayəndəsi kimi Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini xx.xx.2015–ci il tarixli alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 qanuni əsaslarla satmış, bundan sonra sonuncu həmin torpaq sahəsinə dair Çıxarış almışdır. Hazırda iddianı qəbul etmir. Belə ki, mübahisəli alqı–satqı müqaviləsi notarial qaydada və qanunvericiliklə nəzərdə tutulan qaydada bağlanılmışdır. Bundan başqa, əvvəllər X7, Məmmədova Səmiylə Əhməd qızı və X11 cavabdehlər Cavabdeh2, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2015–ci il tarixli 4Ə–159 reyestr nömrəli alqı–satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış. həmin iddia birinci instansiya, apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Göründüyü kimi eyni predmet və eyni əsas üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2019-cu il tarixli 97 saylı sərəncamından görünür ki, Məmmədova Səmiylə Əhməd qızı xx.xx.2008–ci il təvəllüdlü İddiaçı1 qəyyumu təyin edilmişdir. nikah haqqında arayışdan görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2002–ci il tarixdə rəsmi nikah qeyd edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)-2606/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X4, Məmmədova Səmiylə Əhməd qızının və X8 cavabdehlər Cavabdeh2, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum İddiaçı1 Namaz qızının mülkiyyətində olmuş 0.2033 ha həyətyanı torpaq sahəsinin 0.0798 ha hissəsinə dair xx.xx.2015–ci il tarixli 4Ə–159 reyestr nömrəli alqı–satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, 0.0798 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2015–ci il tarixli Çıxarışın qismən, yəni həmin torpaq sahəsinin yarısına münasibətdə ləğv edilməsi, 4x5 metr sahəsi olan mağaza binasının cavabdehin vəsaiti hesabına bərpa edilməsi və cavabdeh tərəfindən özbaşına kəsilmiş meyvə ağaclarına görə vurulmuş 20.000 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-1746/2021 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-2606/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(102)– 229/2022 saylı qərarından görünür ki, Məmmədova Səmiylə Əhməd qızının kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(104)–1746/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Seriya RX ******* saylı, xx.xx.2015–ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 Namaz qızının adına qeyd edilmişdir. xx.xx.2014–cü il tarixli, 354771 saylı etibarnamədən görünür ki, İddiaçı1 Namaz qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi, sərəncam verməyi, habelə digər hüquqları xx.xx.2024–cü il tarixədək Cavabdeh1 etibar etmişdir. xx.xx.2015-ci il tarixli 4Ə–159 reyestr nömrəli alqı–satqı müqaviləsindən görünür ki, İddiaçı1 Namaz qızının nümayəndəsi Cavabdeh1 Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini 5.000 manata Cavabdeh2 satmışdır. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsi xx.xx.2015-ci il tarixli 4Ə–159 reyestr nömrəli alqı–satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və ona xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş: 26 iyul 2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan 1935-ci il təvəllüdlü X5 ona məxsus olan bütün əmlakını Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan xx.xx.2008-ci il təvəllüdlü X3 vəsiyyət etmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X7, Məmmədova Səmiylə Əhməd qızı və X11 cavabdehlər Cavabdeh2, Şəmkir Rayon 1 saylı Notariat Ofisinə və DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum İddiaçı1 Namaz qızının mülkiyyətində olmuş 0.2033 ha həyətyanı torpaq sahəsinin 0.0798 ha hissəsinə dair xx.xx.2015-ci il tarixli 4Ə–159 reyestr nömrəli alqı–satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, 0.0798 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixli Çıxarışın qismən, yəni həmin torpaq sahəsinin yarısına münasibətdə ləğv edilməsi, 4x5 metr sahəsi olan mağaza binasının cavabdehin vəsaiti hesabına bərpa edilməsi və cavabdeh tərəfindən özbaşına kəsilmiş meyvə ağaclarına görə vurulmuş 20.000 manat maddi zərərin ödənilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx.xx.2020-ci il tarixli 2(076)–2606/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(104)–1746/2021 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)– 2606/2020 saylı qətnaməsi, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(102)–229/2022 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli 2(104)–1746/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əvvəllər alqı–satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmasına baxmayaraq, hazırkı işdə Məmmədova Səmiylə Əhməd qızı əvvəlki iddiasından fərqli olaraq azyaşlı İddiaçı1 iddiaçı qismində, Cavabdeh1 isə cavabdeh qismində işə cəlb etmişdir. Lakin buna baxmayaraq, yəni iş üzrə müxtəlif iddiaçı və cavabdeh işə cəlb edilsə də, həmçinin iddiaçı əvvəlki tələbində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 18 fevral 2015–ci il tarixli 4Ə–159 saylı müqavilənin qismən etibarsızlığını, hazırkı tələbində isə ümumilikdə qeyd olunan müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsinə dair qətnamə çıxarılmasını tələb etsə də, iddiaçının əvvəlki iddiası da eyni predmet və eyni əsasla üzrə olmuş, yəni iddiaçının əvvəlki iddia tələbi ilə hazırki iddia tələbinə dair mübahisəli alqı-satqı müqaviləsi eyni müqavilədir və əvvəlki iddia tələbinə baxılarkən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılıq məsələsinə hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3–cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Əvvəlki iddia tələbi ilə hazırki iddia tələbinə dair mübahisəli alqı–satqı müqaviləsi eyni müqavilədir və əvvəlki iddia tələbinə baxılarkən tərəflər arasında bağlanmış alqı–satqı müqaviləsinin etibarlılıq məsələsinə hüquqi qiymət verilmiş və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir ki, bu iş üzrə İddiaçı1 birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi üçün istinad etdiyi əvvəlki iş üzrə işdə iştirak edən şəxs olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-20967/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(076)-2797/2022 nömrəli qərardadı iddiaçı X2 (qanuni nümayəndəsi) Məmmədova Səmiylə Əhməd qızı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsinə dair iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilmiş, iddiaçı X2 (qanuni nümayəndəsi) Məmmədova Səmiylə Əhməd qızı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsinə dair mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hazırkı iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı1 qanuni nümayəndəsi Səmiylə Məmmədovanın anası İddiaçı1 Namaz qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi, sərəncam verməyi, habelə digər hüquqları xx.xx.2024–cü il tarixədək Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 isə, İddiaçı1 Namaz qızının nümayəndəsi qismində çıxış edərək Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini 5.000 manata Cavabdeh2 satmış, həmin torpaq sahəsinin satılmasına dair Şəmkir Rayon 1 saylı Notariat Kontorunda xx.xx.2015–ci il tarixdə 4Ə–159 reyestr nömrəli alqı–satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi üzərindən Cavabdeh2 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda qeyd edildiyi kimi, mübahisə olunan 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsi xx.xx.2015-ci il tarixdə 4Ə–159 reyestr nömrəli alqı–satqı müqaviləsi ilə Şəmkir rayonu Şiştəpə kənd sakini Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli, 354771 saylı etibarnamə ilə, İddiaçı1 Namaz qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını idarə etməyi, sərəncam verməyi, habelə digər hüquqları xx.xx.2024–cü il tarixədək Cavabdeh1 etibar etmişdir. Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2002–ci il tarixdə rəsmi nikah qeyd edilmişdir. xx.xx.2015-ci il tarixli 4Ə–159 reyestr nömrəli alqı–satqı müqaviləsi ilə, İddiaçı1 Namaz qızının nümayəndəsi Cavabdeh1 Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən 0.2033 ha torpaq sahəsinin 0.0798 ha hissəsini 5.000 manata Cavabdeh2 satmışdır. Mülki qanunvercilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Belə ki, Müllki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin(təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 359.2-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.O, həmçinin kommersiya təmsilçiliyi halı və qiymtəli kağızlar bazarında brokerlik halı istisna olmaqla eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında nikah münasibətləri mövcud olmaqla, ər-arvad olmalarına baxmayaraq, müvafiq etibarnamə əsasında aralarında alqı-satqı müqaviləsi bağlamış və bununla da, təmsilçi təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamışdır. Belə ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Belə olan halda etibarnamə əsasında çıxış edən təmsilçi Cavabdeh1 özü barəsində əqd bağlaması mülki qanunvericiliyin tələblərinə zidd olmuşdur. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ xx.xx.2016-cı il tarixli qərarında da ifadə edilmişdir. Həmin Qərarda qeyd edilir ki, “24 aprel 2011-ci il tarixində Bakı şəhəri 6 saylı Notariat Kontorunda Q.İbadov həyat yoldaşı G.İbadovanın razılığı ilə ona məxsus bütün əmlakının idarə edilməsi barədə kürəkəni M.Hacıyevin məsləhəti ilə ona etibarnamə vermişdir. Bundan sonra M.Hacıyev onun etibarından sui-istifadə edərək həmin evi onun xəbəri olmadan öz anası Şirvan şəhərində yaşayan G.Hacıyevaya bağışlamış və axırıncının adına çıxarış alınmışdır. .. Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, hazırkı işin düzgün həll edilməsi üçün məhkəmələr tərəfindən tətbiq olunan və tətbiq edilməli olan qanunvericilik normaları nəzərdən keçirilməlidir.Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir.Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.Göstəriən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli evə dair etibarnamə verilərkən Q.İbadov (təmsil olunan) M.Hacıyevə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və M.Hacıyevin özünün maraqları daxilində deyil, Q.İbadovun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir.Lakin işə baxan məhkəmələr tərəfindən ərizəçinin onun etibarnaməsi əsasında bağışlama müqaviləsi bağlanarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməmişdir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə görə, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən 0,0798 ha torpaq sahəsinə dair 18 fevral 2015-ci il tarixli 4Ə-159 reyestr nömrəli Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən rəsmiləşdirilmiş X5 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi əqdin qanunvericilik ilə müəyyənləşdirilmiş şərtlərini pozmaqla bağlanıldığından, əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının... pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin ləğv edilməsinə əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 saylı qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən 0.0798 hektar torpaq sahəsinin Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş, 4Ə-159 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 385, 392, 393 və 404-407-ci addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X2 apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-375/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən 0.0798 hektar torpaq sahəsinin Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontorunda xx.xx.2015ci il tarixdə təsdiq edilmiş, 4Ə-159 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar