Məhkəmə qərarları › İş №2(104)-1322/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1322/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1322/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(045)-341/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materillarında olan AZ-İ 996757 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikah 21 noyabr 2014-cü il tarixdə 297 nömrə ilə qeyd edilmişdir.

2. İş materillarında olan AZ-İİİ 648320 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 sentyabr 2010-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır.

3. İş materillarında olan AZ-İV 095063 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 03 dekabr 2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası İddiaçı Dağılstan qızıdır.

4. İş materillarında olan Kəlbəcər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)- 42/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 21 noyabr 2014-cü il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən 297 nömrə ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 anaları İddiaçı Dağılstan qızının yanında saxlanılmışdır.

5. İş materillarında olan Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)- 191/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı Dağılstan qızına verilməsi qət edilmişdir.

6. İş materillarında olan Tərtər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)- 1214/2023 saylı qətnaməsinin surətindən görünür ki, hazırkı qətnamə qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləği həddində müəyyən edilmiş və Cavabdeh1 alınaraq İddiaçı Dağılstan qızına verilməsi qət edilmişdir.

7. İş materillarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan ölçüsündən görünür ki, Goranboy rayonu, Yeni Yol kəndində yerləşən həyətyanı torpaq sahəsi Aqrar islahat komissiyasının 25 mart 1998-ci il tarixıli 10 saylı qərarı ilə Cavabdeh2 verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı yaşayış sahəsinə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 oglu ilə birgə nikahından xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 adlı iki uşağı ilə birlikdə Goranboy rayonu, Yeni Yol kəndində yerləşən cavabdehlərin istifadəsində olan və gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni gəlin kimi yaşadığı evin bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi, cavabdehlərlə təmasın yaranmaması üçün köçürüləcəyi evin orta qapısının bağlanması və yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o məcburi köçkündür. Cavabdehlərdən Cavabdeh1 oglu onun əri, Cavabdeh2 oglu onun qaynatası, Cavabdeh3 onun qaynanasıdır. O Cavabdeh1 oglu ilə xx.xx.2014-cü ildə nikaha daxil olmaqla ailə qurmuş və nikahı Goranboy rayon Qeydiyyat Şöbəsində 297 nömrə ilə qeyd etdirmişdir. O, cavabdehin valideynləri ilə birgə yaşadığı Goranboy rayonu, Yeni Yol kəndində olan evinə gəlin köçərək orada yaşamağa başlamışdır. Həmin evdə onun cavabdehlə birgə nikahdan xx.xx.2015-ci il tarixdə X4 və xx.xx.2017-ci il tarixdə X5 adlı iki uşaqları anadan olmuşdur. Əvvəlki dövrlərdə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmiş və 06 noyabr 2021-ci il tarixdən cavabdehlərin zorakı təzyiqi nəticəsində və məcburiyyət qarşısında qalaraq uşaqları ilə birlikdə yaşadı evdən çıxmağa məcbur olmuşdur. Belə ki, cavabdehlər Cavabdeh1 oglu və anası Cavabdeh3 onu uşaqları ilə birlikdə yaşadığı evdən çıxartmışdır. Cavabdehlər tərəfindən zorla çıxarıldığı evi tərk etdikdən sonra cavabdehlər həmin evə qayıtmağa və yaşamağına imkan vermirlər. Bu isə onun uşaqları ilə birgə yaşayış yerindən məhrum edildiyini göstərir. Həmin vaxtdan indiyədək uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Hazırda yaşadığı evdə anası, qardaşı və bacısı olmaqla dörd nəfər bir yerdə yaşayır və valideynlərinin yanında qalıb yaşamaq onun üçün çox çətindir. Üstəlik, Tərtər rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(061)-191/2022 №-li qətnaməsi ilə hər uşağa görə 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğində qət edilmiş alimenti və Tərtər rayon məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2(061)- 1214/2023 №-li qətnaməsi ilə hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində qət edilmiş alimenti Cavabdeh1 ödəmir. Ona görə də, pozulmuş hüquqlarının bərpası məqsədilə cavabdehlə razılığa gəlmək üçün Mediasiya Şurasına müraciət etməli olmuşdur. X9 mübahisələrinə dair razılıq əldə edilməmişdir. Ona görə də cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur və hesab edir ki, məhkəmə işin faktiki hallarını və müvafiq qanunvericiliyi əsas tutaraq iddianın təmin edilməsi barədə qətnamə çıxaracaqdır. Belə ki, cavabdehlə arasında yaranan mübahisəli yaşayış evinə dair münasibətlər xx.xx.2014-cü ildən yaransa da bu mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddələri ilə tənzimlənməlidir. Çünki, mübahisə olunan evin mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd olmadığından, yəni ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin evin faktiki sahibləri olan o və cavabdeh istəsə idi belə, həmin evdən istifadə ilə bağlı hər hansı razılaşma, həmçinin evdən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notarial qaydada təsdiq olunmalı olan yazılı razılaşma bağlaya bilməzdi, belə ki, onun həmin evə mülkiyyət hüquqları (o cümlədən sərəncam vermək hüquqları) olmamışdır. Lakin buna baxmayaraq onlar şifahi razılıq əsasında uzun müddət həmin evdə birlikdə yaşamışdır. Belə olan vəziyyətdə istər onun, istərsə də cavabdehin və onların azyaşlı uşaqlarının həmin evdən istifadə üzrə hüquqları eynidir, həmçinin cavabdehin onun və azyaşlı uşaqlarını həmin evdən çıxarmaq səlahiyyəti yoxdur, belə ki, onun həmin evə mülkiyyət hüququ olmadığından, sərəncam vermək hüququ da yoxdur. Hesab edir ki, onun uşaqları ilə birlikdə normal yaşamağı təmin edilməsi və cavabdehlərin ona və uşağına qarşı qanunsuz və əsassız hədələrinə son qoyulması üçün onun Cavabdeh1 oglu ilə birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 adlı iki uşağı ilə birlikdə Goranboy rayonu, Yeni Yol kəndində yerləşən cavabdehlərin istifadəsində olan və gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni gəlin kimi yaşadığı evin bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi, cavabdehlərlə təmasın yaranmaması üçün köçürüləcəyi evin orta qapısının bağlanması və yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə çıxarılmalıdır. Buna görə də, Cavabdeh1 oglu ilə birgə nikahdan xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 adlı iki uşağı ilə birlikdə Goranboy rayonu, Yeni Yol kəndində yerləşən cavabdehlərin istifadəsində olan və gəlin köçdüyü fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni gəlin kimi yaşadığı evin bir otağının onun və uşaqlarının istifadəsinə verilməsi, cavabdehlərlə təmasın yaranmaması üçün köçürüləcəyi evin orta qapısının bağlanması və yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Goranboy Rayon Məhkəməsinin 28 mart 2024-ci il tarixli, 2(045)-341/2024 saylı qətnaməsi ilə (T.Məmmədov) iddia tələbi rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2014-cü ildə Aqrar islahat komissiyasının 25 mart 1998-ci il tarixıli 10 saylı qərarı ilə Cavabdeh2 verilmiş Goranboy rayonu, Yeni Yol kəndində yerləşən həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Hazırda həmin fərdi yaşayış evi Cavabdeh2 sahibliyindədir və mülkiyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh2 keçmiş gəlini, yəni iddiaçının öz mülkiyyətində olan evində yaşamasına razılıq verməmiş, hazırda da onun orada yaşamasına razı deyildir. Goranboy rayonu, Yeni Yol kəndində yerləşən həyətyanı torpaq sahəsinin və onun üzərində tikilmiş evin Cavabdeh2 sahibliyində olması, tətəflər arasında hüquq münasibətlərinin 2014-cü ildən yaranması, Aqrar islahat komissiyasının 25 mart 1998-ci il tarixıli 10 saylı qərarı ilə Cavabdeh2 verilmiş Goranboy rayonu, Yeni Yol kəndində yerləşən həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin yerləşməsi işin mübahisəsiz halıdır. İddiaçı 2014-cü ildə qaynatası Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçdüyündən, qeyd edilən fakt işin mübahisəsiz halı olduğundan hazırkı münasibətlərə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları tətbiq edilməlidir. Göründüyü kimi, İddiaçı qaynatası Cavabdeh2 ailə üzvü olmamış, İddiaçı mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan şəxs kimi mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməmişdir. Qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh2 Goranboy rayonu Yeni Yol kəndində yerləşən evinə istifadə hüququ yaranmadığından iddia həmin hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 mübahisəli evə dair mülkiyyət hüququ olmadığından iddia qeyd edilən hissədə təmin edilməməlidir.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4, 30.5 və 30.5-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Goranboy Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(045)-341/2024 saylı qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamış, qətnamə iş üzrə müəyyən edilmış həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Qətnamə ona görə qanunsuz və əsassızdır ki, məhkəmə cavabdehləri ətraflı dinləmiş, ona isə danışmaga söz verməmiş və bununla da məhkəmə işin bütün hallarının hərtərəfli, tamvə obyektiv araşdırılması üçün zəruri şərait yaratmaq, tərəflərə onların prosessual hüquqlarının həyata keçirilməsinə kömək etmək vəzifəsini yerinə yetirməmiş, mülki iş üzrə mübahisəyə baxarkən ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə əsasında həyata keçirilməsinə dair mülki məhkəmə icraatının təminatlarını və tərəflərin eyni imkanlara malik olmalarını nəzərdə tutan mülki məhkəmə icraatında prosessual bərabərlik prinsiplərini pozmuşdur. Belə ki, məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün qeyd etmişdir ki, guya Cavabdeh2 keçmiş gəlini, yəni iddiaçının öz mülkiyyətində olan evində yaşamasına razılıq verməmiş, hazırda da onun orada yaşamasına razı deyildir. Məhkəmənin bu əsaslandırması tamamilə əsassızdır və heç bir məntiqə söykənmir. Çünki, o, Cavabdeh1 ilə xx.xx.2014-cü ildə nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikahlarını Goranboy rayon Qeydiyyat Şöbəsində 297 nömrə ilə qeyd etdirmişlər. Elə həmin vaxt o, Goranboy rayonu, Yeni Yol kəndinə cavabdehin valideynləri ilə birgə yaşadığı, qaynatası Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür və orada yaşamağa başlamışdır. Həmin evdə onun cavabdehlə birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Bu hal işin mübahisəsiz halıdır. Əvvəlki dövrlərdə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pisləşmiş və 06 noyabr 2021-ci il tarixdən cavabdehlərin zorakı təzyiqi nəticəsində və məcburiyyət qarşısında qalaraq uşaqları ilə birlikdə yaşadığı evdən çıxmağa məcbur olmuşdur. Yəni, o, 21 noyabr 2014-cü ildən 06 noyabr 2021-ciil tarixədək, 7 (yeddi) il ərzində Goranboy rayonu, YeniYol kəndinə cavabdehin valideynləri ilə birgə yaşadığı, qaynatası Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdırsa və həmin evdə onun cavabdehlə birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşsa Cavabdeh2 keçmiş ailə üzvünü, yəni onu öz mülkiyyətində olan (əslində ev xüsusi mülkiyyətdə deyil, yalnız torpaq xüsusi mülkiyyətdədir) evində yaşamağına necə razılıq verməmişdir? Yəni məntiqə əsaslanılsa bu mümkün deyildir. Ona görə də, məhkəmənin qeyd olunan dəlili tamamilə əsassızdır və iddianın rədd edilməsi üçün heç cür əsas ola bilməz. Çünki, onun 7(yeddi) il ərzində yaşadığı evə dair istifadə hüququ yaranmışdır və bu hüququn məhdudlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin pozulması deməkdir. Digər tərəfdən onun evdən istifadə hüququnun olmamasını fərz etsələr belə bu Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan «heç kəs yaşadığı mənzildən qanunsuz məhrumedilə bilməz» məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Bu normaların təsdiqi kimi qeyd edir ki, məhkəmə onun həmin evdə 7 (yeddi) il ailə və uşaqları ilə birlikdə yaşadığı, bu müddət ərzində cavabdehlərin onu bir ailə üzvü kimi qəbul etməsini, ona məxsus əmlakların mübahisəli evdə qalmasını, gəlin köçərək yaşadığı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını nəzərə alıb AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən ən azından 3 (üç) və ya 5(beş) il müddətinə evdən istifadə hüququnun saxlanılması barədə qətnamə çıxartmağa borclu idi. Belə ki, məhkəmə öz qətnaməsini əsaslandırmaq üçün qeyd etmişdir ki, guya İddiaçı qaynatası Cavabdeh2 ailə üzvü olmamış, İddiaçı mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan şəxs kimi mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahat verib bildirdi ki, iddiaçı onun qızıdır. 2 ildən artıq müddətdir ki, uşaqları ilə birlikdə onunla yaşayır. İddiaçının cehiz əşyaları da cavabdehlərə məxsus evdə qalmışdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı təxmini 2021-ci ilin noyabr ayında evdən çıxmışdır.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ev 2013-cü ildə inşa edilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib şikayətin təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

21. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

22. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

23. 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

31. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(045)-341/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. İşə baxan birinci instansiya məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin 2014-cü ildə, yəni 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığı üçün hazırkı mübahisənin həlli zamanı xx.xx.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməklə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qaynatası Cavabdeh2 ailə üzvü olmamış, İddiaçı mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan şəxs kimi mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməmişdir. İddiaçı Cavabdeh2 Goranboy rayonu Yeni Yol kəndində yerləşən evinə istifadə hüququ yaranmadığından iddia həmin hissədə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 mübahisəli evə dair mülkiyyət hüququ olmadığından iddia qeyd edilən hissədə təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla evlənmiş və mübahisə edilən Goranboy rayonu, Yeni Yol kəndində Cavabdeh2 verilmiş torpaq sahəsində inşa edilmiş yaşayış evinə gəlin köçərək, 2021-ci ilin noyabr ayına kimi həmin evdə yaşamışdır. Kəlbəcər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)- 42/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında 21 noyabr 2014-cü il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən 297 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

39. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2014cü ildə yaranmış olduğundan, həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

41. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyyəçilər çıxış edir.

42. Göründüyü kimi, iddiaçı nə cavabdehlərin Mənzil Məcəlləsində nəzərdə tutulmuş, mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin ailə üzvlərinin(əri, arvadı, valideynləri, uşaqları), nə də ki, həmin maddədə nəzərdə tutulmuş digər qohumlar, yəni mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürlən şəxslərin siyahısına daxil deyildir.

43. Beləliklə, iddiaçı 2014-cü il tarixdə qayınatası olan cavabdehə X6 25 mart 1998-ci il tarixli qərarı ilə verilmiş torpaqda inşa edilmiş evə köçüb yaşamışdır ki, Mənzil Məcəlləsinin tələbi baxımından, iddiaçı cavabdehin ailə üzvü hesab edilməməklə, mübahisəli evə istifadə hüququ yaranmamışdır.

44. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir ki, belə bir müqavilənin bağlanması da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

45. Məhkəmə kollegiyasi həmçinin apellyasiya şikayətinin məhkəmə onun həmin evdə 7 (yeddi) il ailə və uşaqları ilə birlikdə yaşadığı, bu müddət ərzində cavabdehlərin onu bir ailə üzvü kimi qəbul etməsini, ona məxsus əmlakların mübahisəli evdə qalmasını, gəlin köçərək yaşadığı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını nəzərə alıb AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən ən azından 3 (üç) və ya 5(beş) il müddətinə evdən istifadə hüququnun saxlanılması barədə qətnamə çıxartmağa borclu olması barədə dəllilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair xx.xx.2015-ci il tarixli Qərardadında qeyd edilir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə gəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Hazırkı iddia isə ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar deyil, ailə üzvünün istifadə hüququnun tanınması və evə köçürülməsi ilə əlaqədardır. Digər tərəfdən, qanunda bu cür yanaşma yalnız mülkiyyətçinin ailə üzvlərinə aid edilmişdir ki, iddiaçı da, həmin şəxslərin siyahısına daxil deyildir.

46. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(045)-341/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Goranboy Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(045)-341/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(045)-341/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar