Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1342/2025 15.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: alimentin azaldılması; aliment ödəməkdən azad edilmə Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması və aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(021)- 437/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Apelyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(104)-2687/2022 nömrəli qətnaməsindən görünür ki, 07 sentyabr 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(021)- 944/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilərək cavabdeh İddiaçı tutulub iddiaçı Cavabdeh verilməsi qət edilmişdir;
2. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Apellaysiya məhkəməsinin 2(104)-2687/2022 saylı 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 07 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş 150 manat alimentin miqdarı azaldılaraq, 100 manat olması və yığılmış alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əsəb xəstəliyindən əziyyət çəkir, səhhətində problem var. Cavabdeh ilə faktiki ailə qurmuşlar və birgə ailə münasibətlərindən 1 uşaqları doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-944/21 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü Sevginin atası olmağı faktı müəyyən edilmiş və saxlanılması üçün hər ay 120 manat miqdarında aliment tutulmuşdur. Lakin, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-2687/2022 nömrəli qətnaməsi ilə 150 manat sabit pul məbləği olan aliment kəsilmişdir. Alimenti gücü çatan qədər ödəmişdir. Lakin, son vaxtlar o, alimenti ödəyə bilmir. Belə ki, real iş yeri yoxdur. 150 manat sabit pul məbləği kəsilən alimenti ödəyə bilmir.
5. Bərdə Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(021)-437/2025 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov) İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması və yığılmış alimentin ləğv edilməsi” tələbinə dair ilk iddiasının təmin olunmaması; Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi; 04 noyabr 2024-cü il tarixdən başlayaraq 07 sentyabr 2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməklə, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş mimimum əmək haqqının 0,55 misli həddində aliment tutulması; Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi; Qətnamənin dərhal icra edilməsi; İlk iddia üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2 və 112.1,-ci maddələrinə, həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 3000 manatadək yığılmış alimentin silinməsini tələb etsə də, lakin məhkəmə onun Mirqasımov adına Respublika Klinik xəstəxanasında stasionar və ambulator müalicə və müayinə almağını nəzərə almamışdır. Sinir pozğunluğu xəstəliyindən əziyyət çəkir. Əmək qabiliyyətini itirmişdir. Bu səbəbdən heç yerdə işləyə bilmir. Mülkiyyətində daşınar və ya daşınmaz əmlak yoxdur. Həmçinin əsəb xəstəsidir. Uşaqlarını saxlamaq borcudur, ancaq maddi imkanı olmadığından bunu edə bilməyəcək.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, aliment məbləğinin azaldılmasına razı deyildir. Əksinə, alimentin artırılmasını tələb edir. Alimentin artırılması barədə məhkəməyə müraciət etməsinin səbəbi uşağın ehtiyaclarının artmasıdır. Çünki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği hazırkı dövr üçün uşağın ehtiyaclarını qarşılamağa kifayət etmir. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçı tərəfin maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
e) Apellyasiya instansiyası məhkəməsində icraat:
12. Gəncə Apellyasiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 2(104)-1342/2025 nömrəli qərardadı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(021)-437/2025 nömrəli qətnaməsinin «Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi; 04 noyabr 2024-cü il tarixdən başlayaraq 07 sentyabr 2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməklə, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2024cü il üçün müəyyən olunmuş mimimum əmək haqqının 0,55 misli həddində aliment tutulması; Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi» hissədə ləğv edilməsi və həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
13. Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.
14. Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur.
15. Maddə 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Qeyd edilməlidir ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 iyul 2025-ci il tarixli 2(104)-1342/2025 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(021)-437/2025 nömrəli qətnaməsi «Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi; 04 noyabr 2024-cü il tarixdən başlayaraq 07 sentyabr 2020-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməklə, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş mimimum əmək haqqının 0,55 misli həddində aliment tutulması; Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi» hissədə ləğv edilmiş və həmin hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilmişdir. Bu halda hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı İddiaçı alimentin azaldılması və aliment borcunun silinməsi tələbinə dair hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər faktiki ailə qurmuşlar və onların birgə ailə münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü Sevgi adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsi əsasında uşağın saxlanılması üçün iddiaçıdan (ata) cavabdehin (ana) xeyrinə hər ay 150 manat sabit məbləğdə aliment tutulmuşdur. İddiaçı maddi imkanının aşağı olmasını və aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
28. Hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
29. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
30. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2(104)-2687/2022 nömrəli qətnaməsi ilə 07 sentyabr 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(021)- 944/2021 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilmişdir və həmin işə baxan məhkəmə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, alimentin həmin məbləğdə müəyyən edilməsi üçün Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur.
31. Nəzərə almaq lazımır ki, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə … uşaqlar üçün 235 manat və 2025-ci il üçün isə 246 manat məbləğində müəyyən edilmişdir.
32. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və həyat fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir.
33. Qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş alimentlərin miqdarından isə görünür ki, onlar hazırkı vaxtda ölkə üzrə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunan xeyli aşağı həddindədir. Belə olan halda isə, iddiaçının tələbi üzrə alimentin məbləğinin azaldılması yetkinlik yaşına çatmayan azyaşlı uşağın mənafeyinə və üstün maraqlarına uyğun deyildir.
34. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19-cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.
35. Apellyatorun maddi vəziyyətinin aşağı olması barədə dəlilini də kollegiya əsassız sayır. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
36. Beləliklə, aliment məbləğinin azaldılması hissədə iddianın təmin edilməsi üçün Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
37. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, İddiaçı məhkəmə qətnaməsi əsasında təyin edilmiş aliment borcunu ödəməkdən azad edilməsi barədə tələbi də əsassızdır. Ona görə ki, ailə qanunvericiliyinə görə, aliment borcu şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi hallarda, aliment borcu ödəməli şəxsi həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (Ailə Məcəlləsi maddə 107.2). Baxılan işdə isə iddiaçının aliment borcunu ödəməkdən azad edilməsinə əsas verə biləcək hallar müəyyən edilməmiş, habelə iddiaçı tərəfindən bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.
38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 2(021)-437/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.