Məhkəmə qərarları › İş №2(104)-1367/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1367/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1367/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh İsmayılova (Əhmədova) Tacirə Evdar qızının iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1882/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İsmayılova (Əhmədova) Tacirə Evdar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə məhkəmə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1113/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1882/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Camal Quliyev) iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1882/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1882/2024 saylı iş üzrə 28 mart 2024-cü il tarixdə qətnaməsindən narazı olduğu üçün, apellyasiya şikayəti vermişdir. Belə ki, o, iddia tələbimdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.5-ci maddəsinə istisnad edərək, göstərmişdir ki, əgər himayəsinə verilmiş valideyn ərə gedərsə, yəni rəsmi nikaha düşərsə və digər şəxsələ övladı olarsa, alimentdən azad olunma barədə iddia tələbi qaldırmaq olar və bu maddi hüquq normasının tələbinə əsasən o, iddia tqaldırmış, məhkəmə isə, iddianı heç bir hüquqi və qanuni əsas gətirmədən təmin etməmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram göndərərək, məhkəmə iclasının təxirə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İsmayılova (Əhmədova) Tacirə Evdar məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, ikinci dəfə ailə qurmuşdur və ikinci ailəsindən 1 uşaqı vardır. İddiaçı ilə birgə ailə münasibətlərindən doğulmuş qızı Əsnad onun himayəsində yaşayır. Onun başqa bir şəxslə rəsmi nikaha daxil olması, iddiaçının bir ata kimi öz üşağını saxlamaq vəzifəsindən azad etmir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1882/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1882/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, 37 nömrəli doğum haqqında arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 atası ananın göstərişinə əsasən X1, anası isə Cavabdeh kimi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 36 nömrəli nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah xx.xx.2021-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 49 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 1113/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-1000/2018 nömrəli qətnaməsi ilə xx.xx.2015- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-1390/2020 nömrəli qətnaməsi icra olunduqdan sonra yerdə qalan qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, mülki işin məhkəmə təsqiqi zamanı xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1113/2021 nömrəli qətnaməsi ilə İddiaçı tutulub Cavabdeh ödənilməsi qət edilmiş, alimenti öhdəlikərinə xitam verilməsinə dair digər əsaslar müəyyən edilməmişdir. Belə ki, aliment öhdəliklərinə xitam verilmə əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113-cü maddəsi ilə dəqiq müəyyənləşdirilmişdir. Lakin həmin normada birgə nikahdan doğulmuş uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsinə həmin uşağın yanında yaşadığı valideynin yenidən nikaha girməsi ilə xitam verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Göründüyü kimi, ailə qanunvericiliyində məhkəmə qaydasında tutulan alimentin ödənilməsinin xitamına əsas verən hallar müəyyən edilmişdir və aliment alan ananın yeni ailə qurması alimentin ödənilməsinə xitam verən əsas kimi nəzərəd tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1882/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 384, 392-393 və 402-407-ci maddələrini maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1882/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar