Məhkəmə qərarları › İş №2(104)-1396/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1396/2025

02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1396/2025 02.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(013)-329/2025 nömrəli qətnaməsindən İddiaçı, həmçinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(013)-329/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən İddiaçı, həmçinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətlərinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Həmin apellyasiya şikayətinə münasibətdə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Lakin, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. MPM-nin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edilməlidir ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Həmin apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, apellyasiya şikayətində ümumiyyətlə hansı maddi hüquq normasının pozulması qeyd edilməmiş, habelə bu pozuntuların konkret nədə ifadə olunması və hazırkı mübahisəyə aidiyyəti apellyasiya şikayətində əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu formada tərtib edilmiş apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MPM-nin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası MPM-nin 363-cü maddəsinin tələblərini, yəni apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını nəzərə alaraq hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(013)-329/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə göndərilməli, həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mülki işlə birlikdə yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 361, 363, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Ağdam Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli 2(013)-329/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar