Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1398/2025 29.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: könüllü sığorta; subroqasiya hüququ; delikt məsuliyyəti Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 2(013)-1341/2025 nömrəli qətnaməsindən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. **********4 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan görünür ki, “Hyundai Elantra” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır;
2. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ford Transit” markalı, 01 BS156 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Hyundai Elantra” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir;
3. Bakı şəhəri Qaradağ rayon X1 Şöbəsinin inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cəzası tətbiq edilmişdir;
4. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-ci il tarixli, 134213 nömrəli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu “Sədərək” ticarət mərkəzində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, İddiaçı Sığorta Şirkəti ASC-də, xx.xx.2024-cü il tarixdən, xx.xx.2025-ci il tarixədək sığorta olunmuş «Hyundai Elantra» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomaşınla «Ford Transit» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə «Hyundai Elantra» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 2622.24 manat məbləğində müəyyən edilmiş və həmin məbləğ "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür;
5. xx.xx.2024-cü il tarixli, № 15431 ödəniş tapşırığından görünür ki, xx.xx.2024-cü il tarixli, 134213 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 2622.24 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, «Hyundai Elantra» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 2522.24 manat sığorta ödənişi məbləğinin, 45.23 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı Sığorta Şirkəti ASC tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi «Ford Transit» markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törədərək «Hyundai Elantra» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirmişdir. Hadisə nəticəsində İddiaçı ASC dəymiş zərəri aradan qaldıraraq «Hyundai Elantra» markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomaşına görə 2522.24 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olması müəyyən edilmişdir.
8. Ağdam Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 2(013)-1341/2025 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «Hyundai Elantra» markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 2522.24 manat sığorta ödənişi məbləğinin, 45.23 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin təmin edilməməsi; İş üzrə ödənilmiş 45.23 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqının iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1108.1 və 1114.1-ci maddələrinə, həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı Sığorta Şirkəti ASC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı Sığorta Şirkəti ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və buna əsasən, 40 manat cərimə olunmuşdur. Lakin, məhkəmə nəzərə almamışdır ki, hazırkı mülki iş icbari sığorta müqaviləsindən yaranan münasibətlərlə yox, iddiaçı sığorta şirkəti ilə zərərçəkən arasında bağlanan və iş materiallarına da əlavə edilmiş kasko (könüllü) sığorta müqaviləsindən əmələ gələn mülki hüquq münasibətləri ilə bağlı olmuşdur. İcbari sığorta münasibətləri “İcbari sığortalar haqqında” Qanuna əsaslansa da, könüllü sığorta müqaviləsindən yaranan münasibətlər Maliyyə Nazirliyinin kollegiyasının xx.xx.2014-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” ilə tənzimlənir. Buna görə də hazırki mülki işə məhz sonuncu qaydaların normaları tətbiq edilməli idi. Digər tərəfdən icbari sığorta adından da göründüyü kimi avtonəqliyyat vasitələrinin sahibləri üçün icbari, yəni mütləqdir. Qanunverici vətəndaşlara nəqliyyat vasitələrini məcburi olaraq icbari qaydada sığortalatdırmaq öhdəliyi qoyduğu üçün hər bir halda deyil, sadəcə “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində göstərilən hallar olduqda sığortaçı tərəfindən ödənilmiş sığorta ödənişinin geri qaytarılması öhdəliyi qoyur. Əks təqdirdə icbari sığortanın heç bir mənası olmazdı. Lakin könüllü sığorta üzrə subroqasiya hüququ yarandıqda ödənilmiş sığorta ödənişi məbləği sığorta hadisəsinin baş verməsinə səbəb olan qarşı tərəfin icbari sığortasından və ya özündən tələb olunur. Bunun üçün isə nə Mülki Məcəllədə, nə də Maliyyə Nazirliyinin Kollegiyasının qərarında xüsusi hallar qeyd olunmamışdır. Ümumiyyətlə, əgər maddi zərərlə nəticələnən bir hadisə varsa, onsuz da hadisənin baş verməsində təqsiri olan tərəf bu zərəri qarşılamalıdır. “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsinin məzmunu da nəzərə alınmaqla, kasko sığorta müqaviləsi üzrə iddiaçı tərəfindən zərər zərərçəkənə (sığortalı) ödənilmiş, və normal qaydada zərərçəkənin cavabdeh qarşısındakı bütün hüquqları iddiaçıya keçmişdir. Könüllü sığorta üzrə subroqasiya hüququnun yaranması üçün xüsusi hallar mövcud olsa idi və yalnız həmin hallar olduqda sığortaçı ödədiyi ödənişi tələb edə bilsəydi, onda sığorta şirkətləri müqavilənin tərəfi olmayan və tanımadığı şəxslərin təqsirli hərəkətlərinə görə ödəniş edərdi ki, bu da sığorta şirkətlərini xeyriyyə təşkilatlarına çevirərdi. Digər tərəfdən isə Cavabdeh ümumiyyətlə hadisə baş verən tarixdə məsuliyyəti icbari qaydada sığortalı olmamışdır. Halbuki, İXM-nə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmalıdır. Əgər cavabdehin belə müqaviləsi olsaydı, onsuzda, 2522.24 manat məbləğ onun məsuliyyətini sığortalamış digər sığorta şirkətindən tutulardı. İddia ərizəsində iddia tələbinin hüquqi əsası olan normalar içərisində də məhz yuxarıda sadalanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”-na əsaslanılmışdır
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
14. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
15. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
17. Maddə 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun.
18. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
19. Maddə 926. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
20. Maddə 936.1-ci və 936.2-ci. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
21. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
22. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qərarı:
23. Maddə 25.1. Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər.
24. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
25. 25.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
26. 25.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
27. 25.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tam təmin edilməli, 2522.24 manat sığorta ödənişi məbləği, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 45.23 manat və 0.40 manat xidmət haqqı, ümumilikdə 2567,87 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.
41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “Hyundai Elantra” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə qədər sığortaçı İddiaçı Sığorta Şirkəti tərəfindən könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ford Transit” markalı 01 BS156 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Elantra” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Hyundai Elantra” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin (sığortalı) bank hesabına 2622.24 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsilə hüquqi məsuliyyətə cəlb edilmişdir. Sığortaçı İddiaçı Sığorta Şirkəti ASC yol nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta məbləğinin cavabdeh tərəfindən sığorta şirkətinə qaytarılmadığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
42. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı Sığorta Şirkəti ASC-nin mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranması üçün «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsində göstərilən əsaslar mövcud olmamışdır. Belə ki, “Azemis” elektron məhkəmə informasiya sistemindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 10 il müddətə verilmiş AC 564497 saylı sürücülük vəsiqəsinin BC kateqoriyalı sürücülük hüququ, həmçinin, avtoqəza baş verən zaman, yəni xx.xx.2024-cü il tarixdə Ford Transit» yük markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
44. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
45. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının könüllü sığorta müqaviləsi üzrə sığortalıya verdiyi sığorta ödənişinin yüksək təhlükə mənbəyini idarə edən cavabdehdən subroqasiya qaydasında tutularaq iddiaçıya qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
46. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin delikt məsuliyyəti və subroqasiya hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbini icbarı sığorta müqaviləsindən irəli gələn mübahisə kimi qiymələndirmiş və məsələnin həllinə yanlış olaraq icbari sığorta haqqında qanunvericiliyin müddəalarını tətbiq etmişdir.
47. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
48. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. Kollegiya iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir.
50. İşin mübahisəsiz hallarıdır ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ford Transit” markalı 01 BS156 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Elantra” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Hyundai Elantra” markalı ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin (sığortalı) bank hesabına 2622.24 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir.
51. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur və hadisə nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “Hyundai Elantra” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 2622.24 manat sığorta ödənişi həyata keçirilmişdir.
52. Nəzərə almaq lazımdır ki Mülki Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Baxılan işdən isə müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Ford Transit” markalı 01 BS156 dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi zamanı icbari qayda da sığortalı olmamışdır. Bu halda, sığorta şirkətinin subroqasiya tələbini yüksək təhlükə mənbəyi olan avtomobili idarə edən Cavabdeh qarşı irəli sürməsi qanuni əsaslara söykənir. 53 Şərh olunanların yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyi olan “Ford Transit” markalı 01 BS156 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh üzərinə düşür. Odur ki, iddia təmin edilməli, Cavabdeh 2522.24 manat sığorta ödənişi məbləği tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir.
54. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 45.23 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Kollegiyanın qənaətinə görə, iddia təmin edildiyindən məhkəmə xərci cavabdehə aid edilməklə həmin vəsait ondan iddiaçının xeyrinə tutulmalıdır.
55. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırkı iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 2(013)-1341/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 2522.24 (iki min beş yüz iyirmi iki manat iyirmi dörd qəpik) manat sığorta ödənişi məbləği, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 45.23 (qırx beş manat iyirmi üç qəpik) manat və 0.40 (qırx qəpik) manat xidmət haqqı, ümumilikdə 2567,87 (iki min beş yüz altmış yeddi manat səksən yeddi qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.