Məhkəmə qərarları › İş №2(104)-1410/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1410/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1410/2024 23.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul formasında aliment” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(076)-1120/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş İİ-НИ seriyalı 606854 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə doğulmuşdur. Ata qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2023-00096 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 14:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “sabit pul formasında aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından onun nəfinə 12 dekabr 2014-cü ildə, cavabdehlə birgə nikahlarından doğulmuş Nurlan adlı uşağın saxlanması üçün hər ay 500 (beş yüz) manat sabit məbləğində aliment tutulmasına, eyni zamanda 55 manat mediasiya xərcinin və həmin alimentin cavabdehdən alınıb ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2014-cü ilin fevral ayında faktiki ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X5 adlı bir uşağı doğulmuşdur. Cavabdehlə öz istəyi ilə ailə qurmuşdur. Münasibətləri çox az müddət normal olmuş və sonradan pozulmuşdur. Belə ki, cavabdeh onunla evlənəndən sonra, onu özü ilə Rusiya Federasiyasına aparmışdır. Orada ona işgəncələr vermiş, onu döyüb-söymüşdür. Çünki cavabdeh spirtli içkilərə meyllidir və buna görə tez-tez evə sərxoş vəziyyətdə gəlirdi. O, onu döydüyü üçün bir neçə dəfə onun barəsində polisə şikayət etmişdi və onu bir neçə dəfə cəzalandırmışdır. Buna görə də, cavabdeh onun sənədini vaxtında qeydiyyata aldırmamış və o, Rusiya Federasiyasından deport olunmuşdur. 2018-ci ildə cavabdeh onu azyaşlı uşağı ilə birlikdə Azərbaycana göndərmişdir. Həmin vaxtdan cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Birgə faktiki nikahlarından doğulmuş uşağı Nurlan onun himayəsində yaşayır. Cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. O isə əvvəlcə mağazada, daha sonra isə parnikdə fəhlə işləməklə, uşağın maddi ehtiyaclarını ödəmişdir. Halbuki fərdi əməklə məşğul olur. Qazancı qeyri müəyyəndir. İstəyir ki, cavabdeh hər ay bir uşağın saxlanması üçün 500 (beş yüz) manat sabit pul formasında aliment ödəsin. Cavabdeh ona qarşı Şəmkir rayon Məhkəməsində "uşaq tələbinə dair” iddia qaldırmışdır. Həmin iddia ərizəsində cavabdeh göstərmişdir ki, onun uşağın saxlamaq üçün kifayət qədər maddi imkanları var. Onun həm Rusiyada, həm də Azərbaycanda fərdi yaşayış evi vardır. Rusiyada işləyir və yaxşı qazanc əldə edir. Uşağın hər cür ehtiyaclarını ödəməyə şəraiti və maddi imkanları vardır. O cavabdehə mediasiya təklifi göndərmiş, uşağa maddi yardım göstərməsini xahiş etmişdir. Lakin o, könüllü olaraq uşağa maddi yardım göstərməkdən imtina etmişdir. Buna görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq Cavabdeh hesabından onun nəfinə 12 dekabr 2014-cü ildə cavabdehlə birgə nikahlarından doğulmuş Nurlan adlı uşağın saxlanması üçün hər ay 500 (beş yüz) manat sabit məbləğində aliment tutulmasına, eyni zamanda 55 manat mediasiya xərcinin və həmin alimentin cavabdehdən alınıb ona verilməsinə dair qərar qəbul edilməşini xahiş etmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(076)-1120/2024 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2014cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləği ilə 190 (yüz doxsan) manat alimentin tutularaq İddiaçı ödənilməsini, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, valideynlər ən azı uşağının minimum dolanacaq xərclərini təmin etmək öhdəliyini daşıyır. Bu baxımdan iddiaçının uşağın gündəlik qayğıları ilə məşğul olmasını və bilavasitə uşağı saxlamasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 190 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.

7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 100.2-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13-cü maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Şəmkir Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(076)-1120/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi, vəkili X7 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1120/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 2014-cü ilin fevral ayında faktiki evlənməklə, nikahlarını rəsmiləşdirməmişlər. Birgə ailə həyatlarından 12 dekabr 2014-cü ildə X5 adlı uşaqları anadan olmuşdur. Aynurə Yusifov ilə aralarında heç vaxt narazılıq olmamışdır. Onlar evləndikdən sonra o Rusiyada işlədiyinə və Rusiya Federasiyasının vətəndaşı olduğuna görə orada yaşamışlar. Azyaşlı uşaqları da, Rusiya Federasiyasında doğulmuşdur. Cavabdeh ilə Aynurə Yusifov mehriban ailə şəritində yaşamışlar. 2018-ci ildə İddiaçı Rusiya Federasiyasından deportasiya olunduğuna görə məcbur olub azyaşlı uşağı ilə birlikdə onu Azərbaycan Respublikasına göndərib. Onun ünvan 1 ünvanda özünə məxsus fərdi yaşayış evi olmuşdur. Aynurə Yusifov azyaşlı uşağı ilə Azərbaycan Respublikasına gəldikdən sonra həm o evdə, həm də, valideynlərinin yanında Şəmkir rayonu Sabirkənd kəndində yaşamışdır. Cavabdeh daim ailəsinə qayğı göstərirmiş, onları maddi cəhətdən təmin etmiş, ildə bir dəfə də, onların yanına gəlib getmişdir. Sonradan İddiaçı deportasiya müddəti bitsə də o, yenidən Rusiyaya qayıtmaqdan imtina etmişdir. Azyaşlı uşağı ilə birlikdə Azərbaycan Respublikasında yaşamışdır. Cavadbeh həmişəki kimi ailəsinə qayğı göstərirmiş, onlara gəlib baş çəkmişdir. Lakin, 2023-cü ildə cavabdehə xəbər gəlmişdir ki, İddiaçı azyaşlı uşağını anasının yanında qoyub başqa şəxslə ailə həyatı qurmuşdur. O, bu xəbəri eşidəndə sonra Azərbaycan Respublikasına gəlmişdir. Nə qədər cəhd etsədə, İddiaçı anası Yeganə Yusifova azyaşlı uşağını ona verməkdən imtina etmişdir. Yeganə Yusifova istilikxanalarda fəhlə kimi işləmişdir. O, işdə olarkan azyaşlı uşaq baxımsız qalmışdır. Cavabdeh İddiaçı ikinci həyat yoldaşına uşağı ilə bağlı mübahisəni həll etmək üçün müraciət etmişdir. İddiaçı ikinci həyat yoldaşı isə heç vaxt azyaşlı uşağını götürüb saxlamayacağını bildirmişdir. Lakin bu hadisədən sonra İddiaçı uşağı cavabdehə qaytarmamışdır. Hazırda uşaq nənə himayəsində baxımsız qalmışdır. Bundan sonra Şəmkir Rayon Məhkəməsinə İddiaçı və X3 qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda iş məhkəmənin icraatındadır. Məhkəmə haqqsız olaraq qeyd olunan qərarı qəbul etimişdir. Birinci instansiya məhkəməsi yuxarda qeyd olunan halları araşdırmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya qaydasında işin yenidən araşdırılmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflər məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

12. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

14. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

17. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

18. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

19. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(076)-1120/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, tərəflər 2014-cü ilin fevral ayında faktiki ailə qurmuş, birgə nikahlarından xx.xx.2024-cü il tarixdə X5 anadan olmuşdur. Tərəflər faktiki olaraq ayrılmış və birgə nikahdan doğulmuş uşaq ananın himayəsində qalmışdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay uşağa 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin cavabdeh X4 uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, buna görə də İddiaçıı aliment tələbinə diar iddiasının əsassız olaraq təmin edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş Nurlan adlı uşaqları hazırda anası İddiaçı himayəsində qalmışdır ki, cavabdehin ona qarşı uşaq tələbinə dair iddia qaldırması hazırki iddia tələbinin rədd edilməsinə əsas ola bilməz. Cavabdehin uşağın nəzarətsiz qalması, nənəsinin himayəsində yaşaması ilə bağlı dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, hazırki mübahisə cavabdehdən tutulmalı olan aliment məbləği ilə bağlı olmuşdur ki, cavabdehin dəlilləri hazırki mübahisənin predmeti olmamışdır.

35. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(076)-1120/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(076)-1120/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(076)-1120/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar