Məhkəmə qərarları › İş №2(104)-1410/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1410/2025

02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1410/2025 02.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin işə baxan hakimi, eyni zamanda məhkəmənin sədri Həsən Qəniyev tərəfindən özü-özünə verilmiş etiraza Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanmaqla, övladları- 08 iyul 2013-cü ildə doğulmuş X2 və 24 iyun 2016-cı ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, hər ay hər uşağa görə yaşayış minimumunu təmin edəcək həddə, yəni hər uşağa görə 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin, həmçinin onun tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci və 100 (yüz) manat hüquqi xidmət haqqının əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı mülki iş üzrə 24 iyun 2025-ci il tarixli hazırlıq iclasında sədrlik edən hakimin ondan hakimə (hakimin işə baxmasına) etirazının olub-olmamasına dair sorğusuna cavab olaraq bildirmişdir ki, o, əslində hazırkı mülki işə baxan hakim Həsən Qəniyevdən narazıdır. 2024-cü ildə onun cavabdehə qarşı Kəlbəcər Rayon Məhkəməsində qaldırdığı “nikahın pozulması, uşaqların atanın yanında saxlanması və uşaqların saxlanması üçün aliment tələbinə dair” iddiası üzrə hakim Həsən Qəniyevin sədrliyi ilə baxılan mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(040)-331/2024 saylı qətnaməsi ilə nikahın pozulması və uşaqların onun yanında saxlanmaları hissədə onun iddiası təmin edilsə də, iddiasının aliment tələbi ilə bağlı hissəsi təmin edilməmişdir. Onun cavabdehə qarşı aliment tələbini təmin etməməklə hakim Həsən Qəniyev ona qarşı ədalətsizlik etmişdir. Hətta Cavabdeh onunla telefonla danışarkən ona bildirmişdir ki, onun (Günelin) məhkəməyə beş yüz manat xərci çıxmışdır. Ona görə də o, hazırki mülki işə Kəlbəcər Rayon Məhkəməsində baxılmasına bir şərtlə razı olar ki, məhkəmə onun xeyrinə qərar çıxartsın. Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli 2(040)-840/2025 nömrəli qərardadı ilə (hakim Həsən Qəniyev) Kəlbəcər Rayon Məhkəməsinin icraatında olan 2(040)-840/2025 saylı mülki işin baxılmasında sədrlik edən hakim olaraq özü-özümə etiraz etməsi, hakimin özü-özünə etirazının baxılması üçün 2(040)-840/2025 saylı mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxan hakim (məhkəmənin sədri) Həsən Qəniyev özü-özünə etiraz barədə qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmə iclasında bildirdikləri sübutlarla əsaslandırılmasa da və hazırki halda öz təsdiqini tapmasa da, həmçinin mülki iş üzrə hazırki işə baxan hakim olaraq, hakimə etiraz və hakimin özü-özünə etirazına əsas ola biləcək halların olduğunu müəyyən etməsə də, hazırkı halda işə baxan hakimin obyektivliyini şübhə altına alan ifadələri Mülki Prosessual Məcəllənin 19.1.7-ci maddəsində nəzərdə tutulan hal kimi qiymətləndirirəm- yəni həmin normanı əsas tuturam və hazırki mülki işə baxan hakim olaraq özüm-özümə etiraz edir. Hesab edir ki, özü-özünə etirazın təmin edilməsi və işin baxılması üçün başqa məhkəməyə göndərilməsi ədalət mühakiməsinin obyektivliyinə xələl gətirməz və məqsədəmüvafiq olar. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və məruzəçi hakimi dinləyərək aşağıdakılara əsasən hesab edir ki, etiraz təmin edilməməli və iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 19.1-ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; O, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; O, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qnunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi MPM-in 19-cu maddəsində sadalanan hallar eyni bir hakimin hansı məhkəmə instansiyasında olmasından asılı olmayaraq eyni bir işə heç bir halda ikinci dəfə baxılmamasını ehtiva edir. Hazırkı iş üzrə hakimin özü-özünə etirazın əsası kimi Kəlbəcər Rayon Məhkəməsində hazırkı tərəflər arasında olan digər mülki iş üzrə işə baxılarkən sədrlik etməsinə istinad edilsə də, lakin qeyd olunmalıdır ki, eyni instansiya məhkəməsində eyni hakimin əvvəllər eyni tərəflər arasında başqa işə baxması qanunvericilikdə həmin hakimin özü-özünə etiraz etmək üçün əsas kimi nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin hakimi, eyni zamanda sədr X3 tərəfindən hazırkı işə baxılmasına yol verilməyən və özü-özünə etiraz etmək üçün qanunvericiliklə müəyyən edilən əsaslar yoxdur. Ona görə də etiraz təmin edilməməli və iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-nin 21-22, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin işə baxan hakimi, eyni zamanda məhkəmənin sədri Həsən Qəniyev tərəfindən özü-özünə verilmiş etiraz təmin edilməsin və iş baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar