Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1429/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: “alimentin artırılması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Tovuz Rayon Məhkəməsinin 2(062)-702/2023 saylı mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Doğum haqqında AZ İİİ 897788 və AZ İV 363563 saylı şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə , Əhmədli (Məmmədalıyeva) Güldanə Səhhət qızının birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş Rahil və xx.xx.2019-cu il tarixdə doğulmuş Rahib adlarında yetkinlik yaşına çatmayan iki uşaqları vardır.
2. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)- 495 saylı qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü Rahil və xx.xx.2019-cu il təvəllüdlü Rahib adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşağa 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X3 Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən tutulan alimentin məbləğinin artırılması, xx.xx.2016-cı il təvəllüdlü Rahil və xx.xx.2019-cu il təvəllüdlü Rahib adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2015-ci ildə el adəti ilə evlənərək ailə qurmuş, nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Rahil və xx.xx.2019-cu il təvəllüdlü Rahib adlı uşaqları doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 140 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Maddi vəziyyəti aşağı olduğu üçün isə özü uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
5. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək göstərmişdir ki, hazırda qətnamə üzrə cavabdehdən tutulmalı olan məbləğ uşaqların saxlanılması üçün yetərli deyildir. Bununla belə cavabdehin maddi durumunun yaxşı olmadığını da bilir. Ona görə də aliment məbləğinin bir uşaq üçün 185 manat məbləğdə təyin olunmasını xahiş edir. Çünki artıq olacağı halda cavabdeh alimenti ödəyə bilməyəcəkdir. Odur ki, qeyd olunan həddə alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etmiş və izahatında göstərmişdir ki, alimentin məbləği iddia ərizəsində göstərilən həddə artırılacağı halda ödəniş etməyi mümkünsüz olacaqdır. Fərdi əməklə məşğuldur və aylıq gəliri sabit deyildir. Qətnamə ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir, ona görə də alimentin artırılmasına raz deyildir. Həmçinin əməliyyat olunmuşdur və ağır işlərdə çalışa bilmir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Tovuz Rayon Məhkəməsinin 2(062)-702/2023 saylı mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim: F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Rahil və xx.xx.2019-cu il təvəllüdlü Rahib adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulmalı olan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 170 manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilmiş və Cavabdeh tutularaq, iddiaçı X2 ödənilməsi, artırılmış aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat məbləğdə dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)- 702/2023 saylı mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əslində heç bir araşdırma aparmadan, iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədən məhkəmə iddianı təmin etmişdir. Halbuki, məhkəmənin iddia tələbini təmin etməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Hesab edir ki, uşaqların maddi cəhətdən təmin olunması tək onun deyil, eyni zamanda həm də iddiaçının borcudur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Hesab edir ki, məhkəmə iddianı təmin edərkən ciddi qanun pozuntularına yol vermişdir. Belə ki, onun maddi vəziyyətində hər hansı bir yaxşılaşma yoxdur, əksinə maddi cəhətdən pisləşmə vardır. Bu səbəbdən də məhkəmənin aliment məbləğini artırması ədalətsizlikdir və qanun normalarının pozulması kimi qiymətləndirilməlidir. Qeyd etmişdir ki, iddiaçı hər ay 500 manatdan çox sosial yardım alır. Əlavə olaraq göstərmişdir ki, uşaqlar hər həftənin 3 günü onun yanında qalırlar. Uşaqların geyimini, müalicə xərclərini, hətta uşaqların salon xərclərini o ödəyir. Buna baxmayaraq iddiaçı alimentin arıtılmasını tələb etmiş, məhkəmə isə heç nəyə əhəmiyyət vermədən alimentin miqdarını artırmışdır. Göründüyü kimi məhkəmə heç bir araşdırma aparmamış, heç bir hüquqi əsas olmadan iddianı təmin etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş bütün hallar qanunvericiliyin tələbinə uyğun deyildir və əsassızdır. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Onun fərdi əməklə məşğul olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
11. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhətində olan problemlərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyəni bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlar əsasında işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmışdır.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər
16. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:
18. Maddə 5 - dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Maddə 8 - hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
20. Maddə 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.
21. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qərarı əsaslı olmuşdur.
34. Belə qənaətə gələrkən məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
35. Mülki işin materiallarında olan sübutlara əsasən işin faktiki halları kimi müəyyən edilir ki, tərəflər 2015-ci ildə el adəti ilə evlənərək ailə qurmuş, nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Rahil və xx.xx.2019-cu il təvəllüdlü Rahib adlı iki uşaqları doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 140 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin məbləğlə uşaqların tələbatını ödəyə bilmədiyindən alimentin artıtılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir.
36. Cavabdeh heç bir yerdə işləmədiyini, əvvəlki qətnamə çıxarılan vaxtdan hazırki vaxtadək onun maddi vəziyyətində hər hansı bir yaxşılaşma olmadığını, əksinə maddi cəhətdən pisləşmə olduğunu, bundan əlavə uşağın maddi tələbatlarının ödənilməsində hər iki valideynin iştirak etməyə borclu olduğunu qeyd edərək, qətnaməni mübahisələndirmiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
37. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Bir uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə 170 manat məbləğində, yəni, uşağın aylıq minimum tələbatı olan 220 manat məbləğindən 50 manat daha aşağı məbləğdə aliment təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış və uşağın aylıq minimum tələbatından daha aşağı olan məbləğdə aliment təyin etmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 170 (yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X2 verilməsi barədə qərar qəbul edərkən, aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilərək, müəyyən olunmuş aylıq alimentin məbləğinin daha da azaldılması üçün əsas hesab edilə bilməz.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-702/2023 saylı mülki iş üzrə 30 mart 2023-cü il tarixli dəyişdirilmədən saxlanılmalıdır.
39. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, məhkəmənin artırmış olduğu (340-280)=60 manat aylıq alimentin bir illik məcmusu (60 manat x 12ay)=720 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-702/2023 saylı mülki iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.