Məhkəmə qərarları › İş №2(104)-1435/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1435/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1435/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1078/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehlərdən 193 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci il tarixdə cavabdehlərin oğlu X4 ilə qeyri-rəsmi ailə qurmuş və birgə yaşayışdan, 19 dekabr 2013-cü ildə oğlu X6 doğulmuşdur. X1 21 may 2021-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Hazırda maddi vəziyyəti ağırdır. Uşağı saxlamaqda çətinlik çəkir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1078/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov ) iddia qismən təmin edilmiş, 19 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər ay, bir uşağa 100(yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 10 yanvar 2023-cü il tarixindən müəyyən edilməsi və qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1078/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların maddi vəziyətləri çox ağırdır, hər ikisinin səhhətində problem vardır. İddiaçı isə cavandır, işləyir, ailə başçısını itirməyə görə müavinət və sosial yardım alır. Məhkəmə isə həmin halları nəzərə almamışdır. İddiaçı və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh1 kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı Bakı şəhərində gözəllik salonunda işləyir. Həmçinin ailə başçısını itirməyə görə 220 manat təqaüd və sosial yardım alır. Onların aldığı təqaüd isə, yemək və müalicəsinə güclə çatır və başqa gəlirləri yoxdur. Məhkəmə isə həmin halları nəzərə almamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1078/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1078/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilən hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1078/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişlər. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Bərdə Regional “ASAN-Xidmət” X5 tərəfindən verilmiş 19 aprel 2019-cu il tarixli, AZ- İİ 323767 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X2 19 aprel 2019-cu ildə nikah bağlamışlar. Bu barədə Nikah akt qeydləri kitabında 19 aprel 2019-cu il tarixdə 426 nömrə ilə qeyd edilmişdir. Bərdə Regional “ASAN-Xidmət” X5 tərəfindən verilmiş 23 may 2019-cu il tarixli, AZ- İV 273358 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 29 dekabr 2013-cü il tarixdə doğulmuş, atası X4 və anası İddiaçı olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 191 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 31 dekabr 1982-ci il tarixli, İX-JQ 296555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 dekabr 1982-ci ildə anadan olmuş, atası Cavabdeh1, anası Cavabdeh2 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 31 dekabr 1982-ci ildə 739 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, AZ- İİ152638 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 may 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 iyun 2021ci il tarixdə 589 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı ilə X4 19 aprel 2019-cu ildə rəsmi nikah münasibətinə daxil olaraq evlənmiş və birgə nikahdan 29 dekabr 2013-cü il tarixdə Rəvan adlı uşaqları doğulmuşdur. X4 21 may 2021-ci il tarixdə vəfat etmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat müəyyən edildiyindən və 19 dekabr 2013-cü il təvəllüdlü X3 atası X4 vəfat etdiyindən, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutaraq, habelə uşağın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini, cavabdehlərin işləmədiyini və maddi imkanının zəif olmasını, habelə cavabdehlərdən Cavabdeh1 özünün qeyd etməsinə görə pensiya almasını nəzərə alaraq, 19 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehlərdən hər ay bir uşağa 100 (yüz) manat məbləğində aliment tutulmalı, alimentin miqdarı məhkəməyə müraciət edildiyi vaxtdan etibarən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Mübahisənin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 və 89-cu maddələrinə istinad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə qanuni səhv təfsir etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri baba və nənənin nəvələri saxlamaq vəzifəsi ilə bağlı yaranan mübahisədir və iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsidir. Həmin maddədə deyilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Qeyd olunan qanunun tələbindən görünür ki, nənə və babadan aliment tutulması yalnız uşaqlar öz valideynlərindən maddi yardım ala bilmədikdə və buna zəruri vəsaitə malik baba və nənədən aliment almaq hüququ vardır. Lakin hazırkı mübahisə üzrə cavabdeh baba və nənə aliment ödəmək üçün zəruri vəsaitə malik deyildir. Həmçinin, nənə və babanın zəruri vəsaitə malik olmasına dair rəsmi və təsdiqedici sənəd məhkəməyə təqdim edilməmiş və onların zəruri vəsaitə malik olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Əksinə, İddiaçı X1 21 may 2021-ci il tarixdə vəfat etdiyindən, onun ailə başçısını itirməyə görə təqaüd almaq hüququ vardır. Digər tərəfdən, cavabdeh tərəfin bildirdiyinə görə, iddiaçı gözəllik salonunda işləmklə yanaşı, həm də sosial təqaüd alır. Azərbaycan Respublikası MPM-nin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddsəinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmamış və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hal qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1078/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1078/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar