Məhkəmə qərarları › İş №2(104)-1435/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1435/2025

23.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1435/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik sayğacının onun adına dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizə silə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Şəmkir rayonu, Xuluf kəndində yerləşən bağçılıq təsərrüfatının abonent cədvəlində "xxxx" ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli texniki şərtə uyğun elektrik sayğacının onun adına dəyişdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(076)- 2714/2025 saylı qərardadı ilə (hakim Z.Allahyarov) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik sayğacının onun adına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(076)-2714/2025 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-2714/2025 saylı qərardadı ilə razılaşmır və hesab edir ki, qərardad ləğv olunmalı və işə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, hazırkı iddia tələbi Azərbaycan Respublikası MPM-nin 36.9-cumaddəsinə əsasən Şəmkir rayon Məhkəməsində baxılmalıdır. Hesab edir ki, hazırkı iddia tələbində qeyd olunduğu kimi onun hüquları bir istehlakçı kimi pozulmuşdur. Bundan başqa cavabdehlə aralaında müqavilə Şəmkir rayonunda bağlanılmış və müqavilə Şəmkir rayonunda icra edilmişdir. Ona görə də hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 2(076)-2714/2025 saylı qərardadı ilə İddiaçı Şəmkir Rayon 18 iyun 2025-ci il tarixli, 2(076)-2714/2025 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(076)-2714/2025 saylı qərardadı ləğv edilməli, ərizə mahiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işin halı ondan ibarətdir ki, iddiaçı Şəmkir rayonu, Xuluf kəndində yerləşən bağçılıq təsərrüfatının abonent cədvəlində "xxxx" ASC-nin verdiyi xx.xx.2022-ci il tarixli texniki şərtə uyğun elektrik sayğacının onun adına dəyişdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin ünvanı Bakı şəhəri, Nəsimi rayonu olmasına baxmayaraq, iddiaçı cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi hazırki iddia ərizəsi onun üçün prosessual qanunvericiliklə müəyyən olunmuş zəruri tələblərin pozulması ilə Şəmkir Rayon Məhkəməsinə verilmişdir və ona görə də iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı şikayətində cavabdehlə arasında Şəmkir rayonunda müqavilə bağlanmasını və icra edilməsini göstərsə də, iddia ərizəsinə və ya şikayətinə belə bir müqavilə əlavə etməmişdir. Əksinə, iddiaçı özü iddia ərizəsində qeyd etmşdir ki, elektrik sayğacı X1 adına keçirilmişdir. Bununla da iddiaçı özü dolayısı ilə müqavilənin onunla deyil, digər şəxslə cavabdeh arasında bağlanmasını etiraf etmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış hər hansı müqavilə mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respubublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi hazırkı iddia istehlakçının hüququnun müdafiəsi haqqında iddiaya aid olduğundan birinci instansiya məhkəməsi işə cavabdehin yerləşdiyi ünvan üzrə məhkəməyə verilməli olması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Digər tərəfdən işdəki sənədlərdən göründüyü kimi ünvan 2i ünvanda **********0 abonent kodu iddiaçının adında olmuş, daha sonra digər şəksin adına dəyişdirilmişdir. Yəni müqavilənin icra edildiyi yer Şəmkir rayonu olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Şəmkir Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(076)-2714/2025 saylı qərardadı ləğv edilməli və iş materialları baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 2(076)-2714/2025 nömrəli qərardadından ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik sayğacının onun adına dəyişdirilməsi tələbinə dair iddia ərizəsi baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar