Məhkəmə qərarları › İş №2(104)-1437/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1437/2025

30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1437/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Alyarova (Mürsəlova) Günel Rəsul qızının və Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-253/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-253/2025 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(030)-456/2024 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, 04 noyabr 2018-ci ildə doğulmuş X3 və 06 iyul 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 mart 2025-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində mediasiya xərcinin 30 (otuz) manatının Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(030)-253/2025 saylı qətnaməsində nəzərdə tutulmuş əmək haqqının başqa gəlirlərinə münasibətdə alimentin ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallari: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından 04 noyabr 2018-ci ildə doğulmuş X3 və 06 iyul 2020-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının dəyişdirilərək hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tututaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından X3 və X2 doğulmuşdur. Lakin nikahı davam etdirmək mümkün olmamaşdır. Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(030)-456/2024 saylı qətnaməsi ilə hər uşağa 150 manat məbləğində aliment təyin edilmişdir. Bundan sonra cavabdehin qazancı artmışdır. Belə ki, cavabdeh "xxxx" QSC-də işləyir və yüksək məbləğdə olmaqla 1300 manat əmək haqqı alır. Odur ki, sabit pul məbləğində təyin edilmiş alimentin miqdarını dəyişərək hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin üçdə hissəsi miqdarında alimentin tutularaq ödənilməsi uşaqların mənafeyinə uyğundur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalıdır. Belə ki, o, əvvəlki məhkəmə qərarı ilə təyin edilmiş alimentin məbləğinə etiraz etməmişdir. Nəzərə alsaq ki, onun dolanışığı, ehtiyacları və tələbatları, himayəsində ahıl anası var bu zaman həmin məhkəmənin də qeyd olunan miqdardan da az aliment məbləğinin tutulmasını təmin etmək zərurəti olardı. Buna baxmayaraq o, 2 övladına görə buna razılığını bildirmişdir. Hazırda isə o, ailə qurmuş və himayəsində xəstə anası da onunla yaşayır. Buna görə də hesab edir ki, onun da diqqətəlayiq hallarını nəzərə almaq lazımdır. Buna baxmayaraq məhkəmə bunları nəzərə almamış əmək haqqımın 1/3 hissədə alimentin tutulmasından əlavə olaraq başqa gəlirlərimin də həmin alimentin ödənilməsinə yönəltmişdir. Bundan başqa “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Daşkəsən Rayon Mərkəzi X6 şəxsin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində mədə-xorası (K25) diaqnozu ilə daim ambulator müalicə alır. Həmçinin Daşkəsən Rayonu Quşçu kəndi İnzibati Ərzi üzrə Nümayəndəliyindən aldığı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, anası X7 onun himayəsindədir. Lakin məhkəmə onun ikinci dəfə nikaha daxil olmağı, anasının səhhətində olan davam edən xəstəlik barədə məsələyə toxunmadan, araşdırmadan qərar qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Alyarova (Mürsəlova) Günel Rəsul qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin, həmin şikayətin təmin edilməməsinə dair iddiaçının izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 04 noyabr 2018-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 06 iyul 2020-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(030)- 456/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 04 noyabr 2018-ci ildə doğulmuş X3 və 06 iyul 2020-ci ildə doğulmuş X2 anaları İddiaçı yanında saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 iyun 2024- cü il tarixdən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 06 mart 2025-ci il tarixli MŞG/1/MT007/2025- 00342 nömrəli arayışdan görünür ki, İddiaçı “alimentin miqdarının artırılması (dəyişdirilməsi) tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 06 mart 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişdir. Lakin İddiaçı və Cavabdeh ilkin mediasiya sesiyasından sonra prossesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşdə olan 06 mart 2025-ci il tarixli BPM**********23 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşdə olan əmək haqqı barədə məlumatlardan görünür ki, Cavabdeh "xxxx" QSC-də qaynaqçı işləyir və aylıq əmək haqqı 1426 manat təşkil edir. Həmçinin Vətən müharibəsi iştirakçısı olduğu üçün hər ay 80 manat müavinət alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2018-ci ildə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından X3 və X2 doğulmuşdur. Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(030)-456/2024 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, hər iki uşaq analarının yanında saxlanılmış, hər uşağa 150 manat məbləğində aliment təyin edilmişdir. Bundan sonra cavabdehin qazancı artmışdır. Belə ki, cavabdeh "xxxx" QSC-də işləyir və aylıq əmək haqqısı 1426 manat təşkil edir. İddiaçı cavabdehin əmək haqqısının yüksək olduğunu nəzərə alaraq hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə uşaların mənafeyini nəzərə alaraq yetkinlik yaşına çatmamış uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsini qət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.8-ci bəndində göstərilir ki, aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. İşdən göründüyü kimi bundan əvvəl Daşkəsən Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 2(030)-456/2024 saylı qətnaməsi ilə hər uşağa 150 manat məbləğində aliment təyin edilmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək cavabdehin qazancı müntəzəm olduğuna görə qazancının (gəlirinin) üçdə bir hissəsi miqdarında alimentin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Həm də məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbinə əməl edərək iddia tələbi həcmində işə baxmış və qətnamə çıxarmışdır. İşdən görünür ki, məhkəmə iddia tələbini təmin edərkən işin bütün hallarını, o cümlədən cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasına əsaslanmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə alimentin məbləğini müəyyən edərkən onun maddi vəziyyətini, yeni ailə qurmasını himayəsində xəstə anasının olmasını nəzərə almamışdır. Apellyasiya şikayətinin həmin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yenidən ailə qurması və himayəsində xəstə anasının olması onu alimenti ödəmək öhdəliyindən azad etmir. İşdən göründüyü kimi cavabdehdən iddiaçının xeyrinə aliment bundan əvvəl sabit pul məbləğində müəyyən edilmişdir. Lakin hazırda iddiaçı ərizə ilə müraciət edərək alimenti cavabdehin qazancının (gəlirinin) 1/3 hissəsi miqdarında müəyyən edilməsini xahiş etmişdir ki, bu da Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğundur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan göründüyü kimi cavabdehin aldığı aylıq əmək haqqı 1426 manat təşkil edir. Həmçinin Vətən müharibəsi iştirakçısı olduğu üçün hər ay 80 manat müavinət alır. Göründüyü kimi alimentin cavabdehin qazancının hissəsi kimi müəyyən edilməsi tərəflərin birgə nikahından doğulmuş uşaqlarının maddi təminatlarının daha yaxşı təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, mübahisənin həllində maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-253/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(030)-253/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar