Məhkəmə qərarları › İş №2(104)-145/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-145/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-145/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X7 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil2, Cavabdeh Yusif qızının nümayəndəsi (vəkil) X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh Yusif qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.1992-ci il tarixli aktdan görünür ki, Göygöl şəhərində yerləşən 0.06 ha torpaq sahəsini Anna Kolayeva həmin tarixdə 100 ABŞ dollarına İddiaçı satmışdır.

2. DTXK-nin Göygöl rayon şöbəsinin xx.xx.2012-ci il tarixli 141 nömrəli məktubundan görünür ki, Göygöl rayon ərazisindən X10 0.06 ha torpaq sahəsi verilmiş, buna müvafiq olaraq sonuncunun adına torpağın mülkiyyətə verilməsinə dair JN-1101A saylı şəhadətnamə yazılmışdır.

3. DTXK-nin Göygöl rayon şöbəsinin xx.xx.2013-cü il tarixli 56 nömrəli məktubundan görünür ki, X8 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin ünvan 1 ünvanda yerləşməsi göstərilmişdir.

4. Məhkəmə kollegiyasına təqdim olunmuş RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi olmaqla, X3 məxsusdur.

5. Məhkəmə kollegiyasına təqdim olunmuş A236735 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, ünvan 1 ünvanda 0.05 ha torpaq sahəsi Göygöl rayon Dövlət Notariat Kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-77 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X1 xüsusi mülkiyyətinə verilmişdir.

6. Məhkəmə kollegiyasının qərardadına əsasən əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/31 saylı ekspert rəyinin tədqiqatın nəticə hissəsindən görünür ki, birinci sual üzrə ekspertə təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 1992-ci ilin 4 sentyabr tarixli aktın arxa tərəfində “5.Kolayeva Anna” yazıları qarşısındakı imza – Cavabdeh Yusif qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İkinci sual üzrə ekspertə təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 1992-ci ilin 4 sentyabr tarixli aktın arxa tərəfində “5.Kolayeva Anna” yazıları qarşısındakı imzada – qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh Yusif qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia qaldıraraq onunla X9 arasında Göygöl şəhəri 0,06 ha torpaq sahəsində yerləşən və torpağın mülkiyyətə verilməsinə dair 1101A nömrəli şəhadətnamə ilə müəyyən edilən 0,06 kvm torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilib həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhərinin 10-11-ci məhəlləsində yerləşən 0,06 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 02 saylı qərarına əsasən fərdi ev tikintisi üçün X11 verilmiş və Anna Kaloyeva, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-1101A №-li şəhadətnamə almışdır. X19, həmin torpaq sahəsində ev tikdirməkdən imtina etdiyi torpağa alıcı axtarmışdır. X13 o, xx.xx.1992-ci il tarixdə 100 ABŞ dollarına müvafiq akt əsasında almışdır. Həmin vaxtdan həmin torpaq sahəsi onun sahibliyindədir. Orada əkilən ağacların hamısını o, əkmişdir. Ağaclar çoxdan böyümüşdür və bar verir, yəni torpaq sahəsi onun faktiki sahibliyində olan bağa çevrilmişdir. Akt formasında alqı-satqı müqaviləsi bağlayarkən X15 torpağa şəhadətnamə almamışdı. Belə razılaşmışlar ki, Anna Kaloyeva, şəhadətnamə alandan sonra alqı-satqı müqaviləsinin notariatda rəsmiləşdirəcəkmişlər. X9 adına torpağın mülkiyyətə verilməsinə dair JN-1101A №-li şəhadətnamə yazılmasına baxmayaraq X19nı tapmamışdır. Evində başqa şəxslər yaşamışlar. Ona bildirmişlər ki, Anna Kaloyeva, evini satıb həmişəlik olaraq Rusiyaya köçmüşdür. O, buna inanmayaraq Anna Kaloyevanın qayıtmasını gözləmişdir, lakin Anna Kaloyeva, qayıtmamışdır. Buna görə də, alqı-satqı rəsmiləşdirilməmiş qalmışdır. O da, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə bağlanan zaman qüvvədə olmuş Azərbaycan Respublikasının MM-nin 43-cü maddəsinin 2-ci hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş şəxsin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. İddianın əsaslı olması müvafiq sənədlərlə və şahid ifadələri ilə, eləcə də torpaq sahəsinin 1992-ci ildən onun sahibliyində olması faktı ilə sübut oluna bilər.

9. Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh Yusif qızının arasında torpağın mülkiyyətə verilməsinə dair 1101A nömrəli şəhadətnamədə qeyd edilən və ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüqununun tanınması qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında iddiaçının sahibliyinə keçməsi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi maddi hüquq normalarına uyğundur.

11. Məhkəmə öz mövqeyini müqavilə bağlanan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Göygöl Rayon Məhkəməsinin 2 (066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh Yusif qızı apellyasiya şikayəti verərək, Göygöl rayon Məhkəməsinin 2(066)-97/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi ona keçmiş Xanlar rayon X20 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 05 saylı qərarı əsasında fərdi yaşayış evi tikintisi üçün verilmişdir. Göygöl rayon Aqrar islahat Komissiyasının xx.xx.2003-cü il tarixli 01 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş və bu barədə ona torpağın mülkiyyətə verilməsinə dair JN-1101A saylı şəhadətnamə verilmişdir. Maddi imkanı olmadığından torpaq sahəsində heç bir iş apara bilməmişdir və 1993-cü ildə Rusiya Federasiyasına köçmüşdür. Rusiya Federasiyasına köçənə kimi ünvan 3 ünvanda yaşamışdır. Ona məlum olmuşdur ki, torpaq sahəsi məhkəmənin qətnaməsi əsasında başqa şəxsin adına rəsmiləşdirilmişdir. O, İddiaçı tanımır və onunla hec bir yerdə, hec bir zaman alqı-satqı müqaviləsi bağlamamışdır və onun qarşısında hec bir zaman öhdəlik götürməmişdir. Bunlara baxmayaraq qəbul edilmiş qətnamədə göstərilmişdir ki, guya 12 dekabır 1992-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı akt bağlanmışdır. 12 dekabr 1992-ci il tarixli aktı məhkəməyə sübut kimi təqdim etmək saxtakarlığın əyani sübutudur. Həmçinin qətnamədə şahid ifadələri göstərilmişdir. O adları çəkilən şahidlərin hec birini tanımır və hec bir yerdə görməmişdir. Odur ki, şahidlər obyektiv dindirilərsə, həmçinin 12 dekabr 1992-ci il tarixli aktdakı imzalar araşdırılarsa müəyyən olunar ki, mülkiyyətində olan torpaq sahəsi saxtakarlıq yolu ilə İddiaçı mülkiyyətinə keçirilmişdir. İddia ərizəsində və qətnamədə onun alqı-satqının etməyə notarial qaydada bağlanmasından boyun qaçırılması ilə bağlı hər hansı sübut göstərilməmişdir. Əksinə iddia ərizəsində, iddiaçının və şahidlərin ifadələrində onunla əlaqə saxlanıla bilməməsi, onun ünvanda yaşamaması, köçüb başqa ölkəyə getməsi göstərilmişdir. Yəni alqı-satqının baş verməsi üçün onun notariat ofisinə getməkdən yayınması mütləq sübutlarla təsdiq olunmalıdır. Həmçinin işə baxan məhkəmə əqdin qanuna zidd olub-olmadığını müəyyən etməmişdir. Yəni məhkəmə onun iştirakı olmadan işə baxmış, həmin əqdin tərtib edilməsinin həqiqətəndə 1992-ci il tarixdə bağlanıb-bağlanmamasını və orda imzanın ona məxsus olub-olmamasını müəyyən etməmişdir. Ancaq məhkəmə işə baxarkən onun iştirakı olmadığına görə əqdin mötəbərliyini yoxlamalıydı. Əgər yoxlaya bilmirdirsə onda iddianı təmin etməməliydi. Məhkəmə qətnamədə göstərilmiş mexaniki səhvi yenidən qərardad qəbul etməklə düzəltməkdə böyük prosessual pozuntuya yol vermişdir. Belə ki, qətnamədə 0.06 ha torpaq sahəsi düzgün göstərilmişdir. İddia ərizəsinə və alqı-satqı barədə tərtib olunmuş aktda torpaq sahəsi 0.06 ha göstərilmişdir. Həmçinin iddiaçı və şahidlərin ifadələrində də 0.06 ha torpaq sahəsinin olması göstərilmişdir. Mülki iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, qətnamə qəbul olunana qədər 0.05 ha torpaq sahəsi ilə bağlı hər hansı müzakirə olmamış, 0.05 ha torpaq sahəsi ilə bağlı hər hansı müzakirə edilməmişdir. Prosessual pozuntuya yol verilmişdir. İşə baxan məhkəmə əqdin qanuna zidd olub-olmadığını müəyyən etməmişdir. Yəni məhkəmə onun iştirakı olmadan işə baxmış, həmin əqdin tərtib edilməsinin həqiqətəndə 1992-ci il tarixdə bağlanıb bağlanmamasını və orda imzanın ona məxsus olub-olmamasını müəyyən etməmişdir. Məhkəmə şahidləri dindirmiş, lakin alqı-satqı aktındakı imzanın Cavabdeh məxsus olmasını, həmcinin həmin aktın 1992-ci il tarixdə tərtib olunub olunmamasını aydınlaşdırmamışdır.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Yusif qızının nümayəndəsi (vəkil) X6 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermişdir. Məhkəmə kollegiyasına ünvanladığı məlumatı elan edərək göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnamənin qəbul edilməsinə əsas olmuş xx.xx.1992-ci il tarixli aktdakı, X8 imza qarafasının qarşısındakı imza Anna Koliyevnaya aid deyildir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli, alqı-satqı müqavilələsi üzrə qərarında göstərilmişdir ki, 2000-ci il tarixə qədər olan mülki işlərə 2000-ci il tarixə qədər qüvvədə olmuş mülki məcəllə tətbiq edilir. Həmin mülki məcəllənin 73-cü maddəsində göstərilmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmıış hesab edilməsi üçün 3 il müddətinə məhkəmədə iddia qaldıra bilər. Əgər iddiaçı iddia müddətini ötürmüşdürsə, iddia tələbi rədd edilməlidir. Bundan başqa, köhnə mülki məcəllənin 82-ci maddəsində göstərilmişdir ki, iddia qaldırana qədər iddia müddəti ötürülmüşdürsə, iddianın rədd edilməsi üçün əsasdır. Həmin köhnə mülki məcəllənin 77-ci maddəsində göstərilmişdir ki, iddia müddətinin ötürülməsi tərəflərin bildirməsindən aslı olmayaraq məhkəmə tərəfindən rədd edilir. Hal-hazırda iddia tələbindən görünür ki, guya iddiaçı cavabdehlə 1992-ci il tarixdə alıq-satqı müqaviləsini bağlamışdır. Əgər iddiaçının saxta əqdini əsas götürsək, iddiaçı 1995-ci il tarixə qədər məhkəmədə iddia qaldırmalıydı. Göründüyü kimi, iddiaçı iddianı 20 ildən sonra qaldırmışdır. Mülki iş üzrə Cavabdeh əgər torpaq sahəsini satmışdırsa onda nəyə görə həmin torpaq sahəsinə görə bələdiyyəyə torpaq vergisi ödəmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh tərəfindən Göygöl rayon Bələdiyyəsinin hesabına ödənilmiş 18 fevral 2009-cu il tarixli ödəniş qəbzi bunun sübutudur. İddiaçı torpaq sahəsinə həqiqətən də 1992-ci il tarixdən almışdırsa, hansı səbəbdən hal-hazırki, dövrə qədər torpaq sahəsində özünə məxsus hər hansısa bir iş görməmişdir. Alqı-satqı aktı guya xx.xx.1992ci il tarixdə tərtib edilib. Həmin aktda göstərilib ki, 0.06 ha torpaq sahəsi guya İddiaçı satılıb. 1992-ci il tarixə sözü gedən torpaq sahəsi xüsusi mülkiyyətdə olmamışdır. Torpaq sahəsi xx.xx.2003-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Belə olan halda sual yaranır xüsusi mülkiyyədə olmayan torpaq sahəsinin alqı-satqısı necə baş tutumuşdur? Göygöl rayon Məhkəməsi 2(066)-97/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnamə qəbul edərkən, Cavabdeh Yusufovnın adına olan 0.06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması qət edilmişdir. İddia ərizəsində İddiaçı bildirmişdir ki, o, 0.06 ha torpaq sahəsinə alqı-satqı etmişdir. Həmin dövrdə fəaliyyət göstərən DƏDRXapellyasiya şikayəti vermiş və şikayətində Cavabdehnm adına 0.05 ha torpaq sahəsi olması göstərilmişdir. Bundan sonra məhkəmə yalnışlığı qərardadı qəbul edərək, 0.06 ha torpaq sahəsini yox 0.05 ha torpaq sahəsinin alqı-satqısı edilməsi barədə qərardad qəbul etmişdir. Buradan sual yaranır ki, iddia ərizəsində 0.06 ha torpaq sahəsi göstərilməsinə baxmayaraq məhkəmə hansı dəqiqləşdirmə və yaxud iddia ərizəsinə əsas tutaraq səhvliyin aradan qaldırılması barədə məhkəmə qərardadı qəbul etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh 1992-ci ildən Azərbaycandan getmişdir. Arada gəlib-getməsi ilə bağlı məlumatı yoxdur.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Göygöl Rayon Məhkəməsinin 2 (066)-97/2013 saylı mülki iş üzrə 12 aprel 2013-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, rəylə razı deyillər.1992-ci ilin imzası ilə uyğun olmadığı vizual baxılan zamanda görünür. Torpaqlar 1995-2000-ci illərdə İslahata düşüb. Ancaq Azərbaycan Respublikası vətəndaşlarına verilirdi. Anna isə Rusiya Federasiyası vətəndaşı olmuşdur.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, iddiaçı onun bacısıdır. Torpaq sahəsini iddiaçıdan qanuni əsaslarla satın almışdır. Həmin vaxt bacısı İddiaçı mülkiyyət sənədi olmuşdur.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq xx.xx.2000-ci ilə tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin:

19. Maddə 228. Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

20. 42-ci maddəsinə əsasən, əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.

21. 43-cü maddəsinə əsasən, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

22. 230-cu maddəsinə əsasən, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır (24).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

30. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin kollegiya tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı X10 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiası təmin edilərək ona məxsus ünvan 5 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə dair onun X5 arasında alğı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsinə Mõvlayeva Rəna Əbdüləzim qızının mülkiyyət hüququ tanınmışdır. Qətnamə qəbul edilərkən cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə bildirişlərinin və həmçinin həmin qətnamənin surətinin ona təqdim edilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Cavabdehin həmin qətnamənin mövcüdluğundan 21 noyabr 2023-cü il tarixdə xəbəri olmuşdur. Cavabdeh qətnamənin surətini Göygöl Rayon Məhkəməsindən 28 noyabr 2023-cü il tarixdə rəsmi şəkildə qəbul etmiş və həmin qətnamədən apellyasiya şikayəti ilə müraciət etmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, qeyd edir ki, cavabdeh göstərmişdir ki, o, heç bir alqı-satqı prosesində iştirak etməmişdir. Həmçinin, alqı-satqı müqaviləsindəki imzanın ona məxsus olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/31 saylı ekspert rəyinin tədqiqatın nəticə hissəsi ilə müəyyən edilmişdir ki, birinci sual üzrə ekspertə təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 1992-ci ilin 4 sentyabr tarixli aktın arxa tərəfində “5.Kolayeva Anna” yazıları qarşısındakı imza – Cavabdeh Yusif qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İkinci sual üzrə ekspertə təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 1992-ci ilin 4 sentyabr tarixli aktın arxa tərəfində “5.Kolayeva Anna” yazıları qarşısındakı imzada – qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. İş materiallarında olan, 1992-ci ilin 4 sentyabr tarixində tərtib edilmiş Aktdan görünür ki, Kolayeva Anna öz adına olan 0.06 ha torpaq sahəsini qonşusu İddiaçı satmış və torpağın sənədlərini yaxın bir neçə gün ərzində təhvil verəcəyinə söz vermişdir. Lakin həmin müqavilədəki imzanın Cavabdeh Yusif qızı məxsus olmadığı aşkar edilmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibəti 1992-ci ildə yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq edilməldir. Qanunvericiliyin tələblərinə görə, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin notariat qaydasında təsdiqlənməsi sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ünvan 5 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 1992-ci il tarixdə bağlanmış hesab edilməsinə dair iddia tələbinin əsası kimi, 1992-ci ilin 4 sentyabr tarixində tərtib edilmiş Akta istinad etsə də, həmin aktdakı imzanın Cavabdeh Yusif qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması ekspert rəyi ilə təsdiq olunur. Eləcə də iddia tələbinin əsası kimi, dörd şahid ifadəsinə istinad edilsə də, şahidlər dindirilərkən, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməmiş, hazırki məhkəmə iclasında onların yenidən dindirilməsi üçün iddiaçı tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Hazırkı iş üzrə nə qədər ki, əqdin yazılı forması kimi istinad edilən xx.xx.1992-ci il tarixli akt X16 tərəfindən imzalanmamışdır, əqdin bağlanmış hesab edilməsi üçün zəruri hesab edilən elementlərdən, yəni əqdin yazılı formasına riayət edilməsi halının mövcuddluğuna istinad edilə bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

41. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-97/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar