Məhkəmə qərarları › İş №2(104)-1451/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1451/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1451/2023 20.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(0125)-1403/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Gəncə şəhəri Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur, Bu barədə akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir.

2. İşdə olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 09 dekabr 2021-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 2285 nömrə ilə qeyd edilmişdir. Nikahın bağlanmasından sonra arvada Abdullayeva soyadı verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2022- ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 300 manat alimentin, uşaq 3 yaşına çatana kimi ona hər ay sabit məbləğdə 250 manat olmaqla, cəmi 550 (beş yüz əlli) manat alimentin onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birgə nikahdan doğulmuş uşağı anadangəlmə fiziki qüsurlu və xəstədir. Doğulan zaman uşağın anus yeri anadangəlmə bağlı olduğundan, ciddi cərrahi müdaxiləyə və müalicəyə zərurət olduğundan, iddiaçı uşağı Bakıda əməliyyat etdirməli olmuşdur və əməliyyatdan sonra da onu mütəmadi olaraq müayinə və müalicə üçün Bakı şəhərinə aparır. Cavabdeh isə uşağın saxlanılması üçün, eləcə də onun müalicəsi üçün maddi köməklik göstərmir, ümumiyyətlə onlarla maraqlanmır.

5. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1403/2023 saylı mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı verilməsi, Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1403/2023 saylı mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsini və alimentin 120 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, imkan daxilində uşaq üçün hər cəhətdən köməklik göstərir. İddiaçı ilə ailə qurmazdan əvvəl X4 ilə faktiki olaraq birgə münasibətlərindən Tuncay adlı övladları anadan olmuşdur. Günel Hüseynova həmin uşağı onun yanında qoyub getmişdir. 5 ildən artıq ki, uşağı o saxlayır. Bundan əlavə özü fiziki qüsurludur, daimi iş yeri yoxdur, arada fəhləliklə məşğul olur. Məhkəmə qeyd edilənləri araşdırmadan artıq məbləğdə alimentin tutulmasını qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

13. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

14. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

Azərbaycan Respublikasında Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu:

15. Ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

16. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 112.1. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən tərəfləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınmalı, uşaqların mənafeləri baxımından qiymətləndirilməlidir.

27. Apellyasiya şikayətinin dəlilərindən görünür ki, cavabdeh daimi heç yerdə işləməməsi və maddi durumunun çətin olması ilə əlaqədar məhkəmənin qət etdiyi məbləğdə alimenti ödəyə bilməyəcəyini qeyd etmişdir. Lakin, cavabdehin daimi olaraq heç bir yerdə işləməməsi onu övladının saxlanılması üçün aliment ödəmək vəzifəsindən azad etmir.

28. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. İş materiallarından müəyyən olunur ki, cavabdehin əlilliyi yoxdur, o əmək qabiliyyətlidir.

30. Məhkəmə kollegiyası 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərclərinin 220 manat müəyyən olunmasını, mövcud qanunvericiliyə əsasən cavabdehin həmin məbləğdə alimenti ödəməyə borclu olduğunu, onun həmin məbləğdə alimenti ödəməkdən azad edilməsi üçün heç bir qanuni əsasın olmadığini nəzərə alaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin alimentlə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

31. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edildiyindən məhkəmə daha az, 200 manat məbləğində aliment təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini və uşağın aylıq minimum tələbatını nəzərə alaraq aliment təyin etmişdir.

32. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamə ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılmaqla dəyişdirilməsi üçün əsas hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəlsndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya göstərir ki, мəhkəmənin təyin etdiyi 200 manat aylıq alimentin bir illik məcmusu (200 х 12 ay)=2400 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən hazrki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1403/2023 saylı mülki iş üzrə 29 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar