Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1455/2025 25.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və X3 ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki işi üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1761/2025 saylı, 15 may 2025-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Şəmkir Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(076)-1279/2019 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı uşaqların saxlanılması üçün 110 manat pul məbləği təyin olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 8(076)-70/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən isə aliment sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmuşdur. Sankt-Peterburq Hökumətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə Komitəsinin Kalininsk rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli V-AK 703131 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuş, bu barədə xx.xx.2021-ci il tarixdə Sankt-Peterburq Hökumətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə Komitəsinin Kalininsk rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində akt qeydləri kitabında ********************2 nömrəli doğum haqqında akt qeyd edilmişdir. Uşağın atası İddiaçı, anası X4 qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/MT0032/2025-00107 saylı ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmiş. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-70\2025 saylı qərardadı ilə cavabdehlə birgə ailə həyatlarından olan onun himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X9 adlı uşaqlarının saxlanması üçün ayda hər uşağa görə 2025-ci il üçün minimum əmək haqqının 0,61 misli məbləğində alimentin azaldılaraq ayda hər uşağa görə 2025-ci il üçün minimum əmək haqqının 0,39 misli məbləğində alimentin ondan alınıb cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2007-ci ildə faktiki olaraq evlənib ailə qurmuşlar, birgə ailə həyatlarından xx.xx.2008-ci il təvəllüdlü Alisiya, xx.xx.2010-cu il təvəllüdlü Günay və xx.xx.2013-cü il təvəllüdlü Nofəl adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri cavabdehin təqsirindən pozulduğuna görə ayrılmışlar. Birgə ailə həyatlarından anadan olmuş uşaqları cavabdehin himayəsindədir və həmin xx.xx.2008-ci il təvəllüdlü Alisiya, xx.xx.2010-cu il təvəllüdlü Günay və xx.xx.2013cü il təvəllüdlü Nofəl adlı uşaqlarına Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-1279\2019 saylı qətnaməsi ilə ayda hər uşağa görə 110 (bir yüz on) manat, cəmisi 330(üç yüz otuz) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdehin indeksasiya barədə ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-70\2025 saylı qərardadı ilə ərizə təmin edilərək ayda hər uşağa görə 110 manat sabit pul məbləğində alimentin sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunması, yəni hər uşaq üçün ayda 244 (iki yüz qırx dörd) manat, cəmisi 732(yeddi yüz otuz iki) manat məbləğində alimentin ondan alınıb ərizəçiyə verilməsi qərara alınmışdır. Halbuki, o, Rusiyaya maddi ehtiyac ucbatından işləmək üçün getmişdir, orada yalnız yay mövsümündə meyvə-tərəvəz məhsullarını bazalardan götürüb pərakəndə satmaqla əldə etdiyi cüzi qazancla həm ərizəçinin himayəsində olan uşaqlarının aliment öhdəliyini, yəni ayda 330 manat məbləğində alimenti, həm özünün yaşamaq tələbatını, həm də yeni ailəsinin, yəni 2-ci arvadı X2 və həmin arvadı ilə birgə ailə həyatlarından anadan olmuş Murad və Ləman adlı 2 azyaşlı uşaqlarının maddi təminatlarını təmin etməyə çalışır. Əldə etdiyi gəliri ərizəçinin ərizəsində qeyd etdiyi kimi həddən artıq yüksək deyildir. Orta hesabla aylıq gəliri 800-900 (doqquz yüz) manat həddində olduğu halda ərizəçinin ərizəsinin təmin edildiyi məbləğdə yəni, 2025-ci il üçün ayda hər uşağa minimum əmək haqqının 0,61 misli olmaqla ayda 244 (iki yüz qırx dörd) manat, cəmisi 732 (yeddi yüz otuz iki) manat məbləğində alimenti hansı vəsaitlə ödəyə biləcəyini məhkəmə nəzərə almamış, onun özünü və ailəsini həddən artıq ağır maddi vəziyyətə salmışdır. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1761/2025 saylı, 15 may 2025-ci il tаrixli qətnaməsi ilə (hakim N.Heydərova) iddia tələbinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 8(076)-70/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılması, xx.xx.2008-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində alimentin tutulması, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi cavabdehdən tutulacaq alimentin miqdarına münasibətdə, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2008-cı il təvəllüdlü Alisiya, xx.xx.2010cu il təvəllüdlü Günay və xx.xx.2013-cü il təvəllüdlü Nofəl adlı uşaqların üçün məhkəmə qərardadı ilə indeksasiya ediləndən sonra müəyyən edilmiş alimentin miqdarı azaldılmalı, iddiaçıdan uşaqların saxlanılmaları üçün cavabdehin xeyrinə tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 160 manat ( 400X 0,40) sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin olunması, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1761/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçının alimentin azaldılması tələbinə dair iddiasının rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı birgə nikahlarından anadan olmuş övladlarına ayrıldıqdan sonra 110 (bir yüz on) manat alimentdən əlavə olaraq heç bir maddi köməklik göstərməmişdir. İddiaçı hazırda ikinci ailəsindən iki övladının olduğunu qeyd edərək alimenti ödəmək iqtidarında olmadığını göstərir. Halbuki, iddiaçının qeyd olunan alimenti ödəməyə və hətta qərardadda göstərilən məbləğdən də artıq ödəməyə imkanı vardır. Belə ki, iddiaçı Rusiya Federasiyasında işləyir və xeyli miqdarda gəlir əldə edir. Uzun illərdir ki iddiaçı Rusiya Federasiyasındadır və orada biznes – sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bundan başqa məhkəmə qərarı ilə onun və övladlarının evdən çıxmağı üçün iddiaçı tərəfindən 10.000 manat kompensasiya verilməsi müəyyən olunmuşdur. Araşdırma aparılsa iddiaçının çox yaxşı maddi imkanın olması müəyyən ediləcəkdir. O, həm uşaqların təlim tərbiyəsi ilə məşğul olub həm də maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. O, həm işləyib, həm də uşaqlarının maddi ehtiyacını ödəyə bilmir. Uşaqları orta məktəbdə oxuyurlar. Əlavə olaraq məşğələlərə gedirlər. Uşaqların paltar, yemək, həkim və digər xərclərini güc bəla ilə ödəyir. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Hazırkı dövrdə bir uşağın 160 manatla bir aylıq təminatını ödəmək mümkün deyildir. İddiaçı isə öz valideynlik borcunu yerinə yetirmək əvəzinə alimentin azaldılmasına çalışır. İddiaçı ilə ayrıldıqları tarixdən iddiaçı alimentdən əlavə uşaqları üçün heç bir əlavə maddi köməklik göstərməmişdir. Uşaqlarına valideynlərinin köməkliyi ilə baxmışdır. Ancaq bugünkü vaxtda valideynləri də qocalıb öz maddi ehtiyaclarını ödəyə bilmirlər. O isə həm uşaqları həm də evin maddi təminatını tək başına ödəyə bilmir. İddiaçı isə bundan boyun qaçırmaq istəyir. Bundan başqa ölkə üzrə uşaqların yaşayış minimumu 2025-ci il tarixdə 246 manat müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 8(076)- 70\2025 saylı qərardadında isə hər uşaq üçün 244 manat aliment müəyyən etmişdir. Yəni, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)- 70\2025 saylı qərardadı ilə təyin edilmiş aliment uşaqların yaşayış minimumundan artıq müəyyən edilməmişdir. Məhkəmə hazırkı qətnaməni qəbul edərək onun uşaqlarının mənafeyini nəzərə almamışdır. Bu da onu göstərir ki, məhkəmə qanunsuz və əsassız qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda, cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər 2007-ci il tarixdə faktiki olaraq ailə qurmuşlar və nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri baş tutmadığından ayrılmış, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqlar cavabdehin yanında qalmışdır. Uşaqların saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə əvvəl 110 manat aliment tutulmuş, daha sonra bu məbləğ indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,61 misli həddində indeksasiya edilmişdir. Hazırki iş üzrə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək alimentin miqdarının azaldılaraq, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,39 misli məbləğində müəyyən edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində alimentin tutulması müəyyən edilmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli miqdarında alimentin tutulması ilə razılaşmır və iddia tələbinin rədd edilməsini xahiş edir. Tərəflər arasında mövcud mülki mübahisənin həlli ilə bağlı məhkəmə bildirir ki, alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir (Ailə Məcəlləsinin 78.2. maddəsi). Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Əvvəla, sözügedən normada göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və yaxud aliment ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin baş verməsi və tərəflərin diqqətəlayiq başqa maraqları təşkil edir. Qanunun mənasına görə, tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə isə onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs alimentin miqdarının artırılmasını tələb edə bilər. Hər bir halda işə baxan məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi alimenti ödəmək vəzifəsindən azad edə bilər. Göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, halda dəyişə, yəni alimentin miqdarını artıra və ya azalda, habelə aliment ödəməli olan valideyni aliment ödəmək vəzifəsindən o, halda azad edə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətlərində hər hansı dəyişiklik baş vermiş olsun. Eyni zamanda “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsinə digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələləri nəzərə almalıdırlar. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi vəziyyətini və digər halları nəzərə almaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, alimentin miqdarını azaldaraq hər uşağa görə hər ay sabit pul məbləğində ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli miqdarında alimentin tutulmasını qət edərkən iş üzrə düzgün nəticəyə gəlməmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X10 arasında 13 may 2021-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə doğulmuş, onun atası İddiaçı, anası X10 olmuşdur. İş materiallarında olan Sankt-Peterburq Hökumətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə Komitəsinin Kalininsk rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli V-AK 703131 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində anadan olmuş, bu barədə xx.xx.2021-ci il tarixdə SanktPeterburq Hökumətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı işləri üzrə Komitəsinin Kalininsk rayon vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində akt qeydləri kitabında ********************2 nömrəli doğum haqqında akt qeyd edilmişdir. Uşağın atası İddiaçı, anası X4 qeyd edilmişdir. Göründüyü kimi iddiaçı yenidən ailə qurmuş və birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X5, xx.xx.2021-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş apellyasiya şikayətinin dəlillərində iddiaçının maddi vəziyyətində artımın olmasını təsdiq edəcək dəlillər olmamaqla yanaşı onun ailə vəziyyətində dəyişiklik olduğundan ondan tutulan alimentin miqdarı maddi vəziyyətinə uyğun olaraq uşaqların mənafeyinə zərər verməyəcək şəkildə azaldıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını, həmçinin iddiaçının ailə vəziyyətindəki dəyişikliyi və bir valideyn kimi uşaqlarını saxlamaq vəzifəsinin olduğunu nəzərə alaraq hesab edir ki, aliment sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli deyil, 0,45 misli miqdarında müəyyən edilməlidir. Məhkəmə kollegiyası dəyişdirilmiş alimentin tutulması tarixinin nə vaxtdan hesablanmasına münasibətdə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflərin birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay tutulmalı olan aliment sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1761/2025 saylı, 15 may 2025ci il tаrixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 8(076)-70/2025 saylı, 12 fevral 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş xx.xx.2008-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2008-cı il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1455/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1455/2025
25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver