Məhkəmə qərarları › İş №2(104)-146/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-146/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-146/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-147/2022 saylı mülki iş üzrə 12 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı BOKT ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı BOKT ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00001EQ-1890 saylı kredit müqaviləsindən görünür ki, borcverən tərəfindən borcalana 39 ay müddətinə 36 faizlə 11000 manat məbləğində kredit verilmişdir.

2. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00001EQ-1890 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 20000 (iyirmi min) manat məbləğində müəyyənləşdirilmişdir.

3. İşdə olan İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00001EQ-Z001890-1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2020-ci il tarixli 2020/00001EQ-Z001890-1 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür.

4. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı BOKT ASC-nin xeyrinə yüklü edilmişdir.

5. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11000 manat əsas borc, 3123 manat faiz borcu, 2827 manat cərimə borcu olmaqla, cəmi 16950 manat məbləğində borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 iyun 2020-ci il tarixli 2020/00001EQ-1890 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kreditin əsas borcu üzrə 11000 manat qalıq, ona hesablanmış 3123 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2827 manat dəbbə pulu, cəmi 16950 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 20000 manat müəyyən olunmaqla açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 11000 manat qalıq, ona hesablanmış 3123 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2827 manat dəbbə pulu, cəmi 16950 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qazax Rayon Məhkəməsinin 2(023)-147/2022 saylı iş üzrə 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00001EQ-1890 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 11000 manat əsas, 2739 manat faiz, 100,0 manat cərimə, cəmi 13839 (on üç min səkkiz otuz doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 (otuz manat) 40 qəpik pulun müştərək qaydada alınaraq, İddiaçı BOKT ASC-yə ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmeti olan, Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 115000 (yüz on beş min) manat müəyyən edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442, 445.1, 445.2.1, 449, 470.1, 472.1 və 472.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan iddiaçı ”FİNOKO” BOKT ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-147/2022 saylı iş üzrə 12 aprel 2022-ci il tarixli qətnaməsinin faiz borcu və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissələrində dəyişdirilməsini, faiz borcunun 3123 manat məbləğində müəyyən edilməsini və ipoteka predmetinin likvid dəyərinin azaldılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, ipoteka predmeti olan əmlakın qiyməti ilə bağlı ekspert rəyləri arasında kəskin fərq mövcud olmuşdur. İşdə olan "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmeti olan, Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan qeyriyaşayış binasının likvid dəyəri 115000 manat, "xxxx" MMC-nin rəyinə əsasən isə 20000 manat məbləğində qiymətləndirilmişdir. Rəylər arasında kəskin fərq olmasına baxmayaraq, məhkəmə təkrar qiymətləndirmə təyin etməmişdir. Bundan başqa məhkəmə tərəfindən iddia həcminin artırılması ilə bağlı ərizəyə münasibət bildirilməmiş, faiz borcu düzgün müəyyən edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmənin əvvəlki-xx.xx.2022-ci il tarixli iclasında iddiaçı ”FİNOKO” BOKT ASC-nin nümayəndəsi Mehman Əliyev iştirak etmiş, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, ”FİNOKO” BOKT ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Həmçinin, iş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı ”FİNOKO” BOKT ASC-nin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

16. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

17. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

İpoteka Haqqında Azərbaycan Respuiblikasının Qanunu

20. Maddə 39. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

21. Maddə 39.3.2 və 39.3.3. Məhkəmə tutmanın ipoteka pretmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. İddiaçının nümayəndəsinin apellyasiya şikayətinin dəlillərindən biri məhkəmə qətnaməsində faiz borcunun düzgün müəyyən edilməməyindəndir.

31. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin borcunun düzgün hesablanması məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli 9/9438 nömrəli rəyinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 02 iyun 2021-ci il tarixə İddiaçı BOKT ASC-yə 11000 manat əsas borcu, 2739 manat faiz borcunun olması müəyyən edilmişdir. Məhkəmə göstərilən ekspert rəyinə istinad edərək, faiz borcunun 2739 manat məbləğində tutulması qənaətinə gəlmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərərfin faiz borcunun müəyyən edilməsində həmin ekspert rəyinin işdə mötəbər sübut növü kimi qəbul ediməməsi üçün heç bir əsas yoxdur və birinci instansiya məhkəməsnin iş üzrə həmin hissədə gəldiyi nəticə əsaslıdır.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı ”FİNOKO” BOKT ASC-nin nümayəndəsi apellyasiya şikayətində qətnamənin qəbul edildiyi 12 .04. 2022-ci il tarixdə iddia həcminin artırılması barədə məhkəməyə ərizə verildiyini, bu ərizəyə məhkəmənin münasibət bildirmədiyini, faiz borcunun düzgün müəyyən edilmədiyini göstərmişdir.

34. Məhkəmə kollegiyası göstərir ki, əvvəla iş materiallarlnda belə bir ərizə aşkarlanmır. Digər tərəfdən İddiaçı BOKT ASC-nin xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsindən müəyyən olunur ki, İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhz kreditin əsas borcu üzrə 11000 manat qalıq, ona hesablanmış 3123 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2827 manat dəbbə pulu, cəmi 16950 manat borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yəni, İddiaçı BOKT ASC-nin sonradan artırılmış iddia tələbi olmamışdır. Ona görə də məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız sayır.

35. Bundan başqa apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 məxsus olan, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 115000 manat dəyərində müəyyən edilməsi hissəsində də mübahisələndirmişdir.

36. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin bu dəlilinə də hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər qismən əsaslıdır.

37. İşə apellyasiya instansiyasında baxlarkən 17 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/6480-9/7128 saylı rəyinə əsasən ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 63800 (altmış üç min səkkiz yüz) manat məbləğində olduğu göstərilmişdir.

38. Ona görə də kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən həmin hissədə dəyişdirilməli və 17 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 63800 manat məbləğində müəyyən edilməlidir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 30 dekabr 2022-ci il tarixli 10/6480-9/7128 nömrəli ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğini təşkil edir.

40. Apellyasiya şikayəti qismən təmin edildiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri cavabdehlərə aid edilməli və onlardan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.3, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-147/2022 saylı mülki iş üzrə 12 aprel 2022-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının orta bazar qiymətinin 115000 manat məbləğində müəyyən edilmiş hissəsində dəyişdirilsin, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binasının ilkin satış (likvid) qiyməti 63800 (altmış üç min səkkiz yüz) manat məbləğində müəyyən edilsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar