Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1472/2025 10.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi əsasında uşaqların saxlanması üçün təyin edilmiş aliment öhdəliyinin 4080 manat hissəsinin ödənilməsindən azad edilmə tələbinə dair iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(040)- 451/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin himayəsində yaşayan övladalrı- 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə ildə doğulmuş X3 20 dekabr 2024-cü il tarixədək onun himayəsində olduqlarından, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(021)-1003/2024 saylı qətnaməsi ilə 2024-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayınadək olan müddət üzrə hesablanmış 4080 (dörd min səksən) manat aliment öhdəliyindən azad edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş arvadıdır və aralarındakı nikah Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(021)- 1003/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahından 28 avqust 2019cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X3 anaları Cavabdeh yanında saxlanılmaqla onların yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment kəsilmişdir. Onların nikahları pozulduqdan sonra 20 dekabr 2024-cü il tarixədək hər iki uşaq onun himayəsində qalmış, uşaqların tələbatlarını, gündəlik xərclərini o ödəmişdir. Buna baxmayaraq, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli 2(021)- 1003/2024 saylı qətnaməsi ilə aliment ondan 29 yanvar 2024-cü il tarixdən tutulmuşdur. O, məktəbdə işləməklə əmək haqqı alır; aliment onun əmək haqqına münasibətdə təyin edilməlidir. Uşaqların saxlanılması üçün təyin edilmiş aliment 29 yanvardan hesablanmışdır, bu da onun onsuz da çətin olan maddi vəziyyətini ağırlaşdırmışdır. Uşaqların həmin müddətdə onun himayəsində olmasını təsdiq edən kifayət qədər sübut və dəlili vardır. Onun barəsində inzibati həbs təyin edilərsə, o, işini itirə bilər və bununla da uşaqlara gələcəkdə ödəməli olduğu alimenti ödəyə bilməyəcəkdir. Həmin müddətdə uşaqların faktiki olaraq onun himayəsində yaşamasına baxmayaraq, ona aliment borcu olaraq 4080 (dörd min səksən) manat hesablanmışdır. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(040)-451/2025 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birgə nikahdan anadan olmuş övladları bir müddət onunla yaşamış, bu barədə məhkəməyə qonşuların və icra nümayəndəsinin iştirakı ilə akt tərtib edib versə də, heç bir nəticəsi olmamışdır. Bundan başqa övladlarının onun yanında olması barədə icra nümayəndəsi arayış da təqdim etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının xəstəliyini təsdiq edən sənədlər müraciətə əlavə olunmadığından və işin baxılması müddətini nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1003/2024 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 29 noyabr 2018-ci ildə 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində 1129 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulması, tərəflərin birgə nikahından 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X1 iddiaçı Cavabdeh yanında saxlanılmaları, 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 170 (yüz yütmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi, alimentin tutulma müddətinin məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 29 yanvar 2024-cü il tarixdən müəyyən edilməsi qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli, 2(104)-665/2025 nömrəli qətnaməsinə əsasən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1003/2024 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1003/2024 nömrəli qətnaməsinin 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi hissəsində dəyişdirilməsi, 28 avqust 2019-cu ildə doğulmuş X2 və 07 aprel 2022-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə 2024-cü il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Məhkəmə kollegiyası mülki işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin rədd edilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırda iddiaçı məhkəməyə müraciət edərək nikahı pozulmamışdan əvvəl bir müddət uşaqlarının onunla qalmasını əsas gətirməklə həmin – 2024-cü ilin yanvar ayından dekabr ayınadək olan dövr üzrə ödənilməmiş 4080 manat aliment məbləğinin ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə əgər aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmırsa məsələyə iddia icraatı qaydasında baxılması istisna edilir. Çünki bu halda Qanunda icra qaydasında aliment borcu ilə bağlı yaranmış mübahisələrlə əlaqədar şikayət vermək imkanı nəzərdə tutulmuşdur. Hazırkı vəziyyətdə aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə iddia icraatı qaydasında baxıla bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(040)-451/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi əsasında uşaqların saxlanması üçün təyin edilmiş aliment öhdəliyinin 4080 manat hissəsinin ödənilməsindən azad edilmə tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2(104)-1472/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1472/2025
10.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver